İçeriğe geçmek için "Enter"a basın

Yerin mərkəzinə doğru 400 metr - Kətələxor mağarasından REPORTAJ

03-11-2015


03.11.2015 / 11:40 xeber –

Zəncan vilayətinə gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri Kətələxor mağarasıdır. Vilayətin əhalisinin 96 faizini təşkil edən Azərbaycan türkləri bu mağaraya qısaca Kətələ də deyirlər. Kətələxor mağarası Zəncan vilayətinin Xudabəndə bölgəsində, Gərmab şəhərinin 5 kilometrliyində yerləşir.

 

Mağaranın bələdçisi Rza Bığdili girişdə tapşırıqlarını verir: biri-birimizdən ayrı getməyək, bahəm gedək, bahəm gələk, qəndillərə (elektrik lampalarına) toxunmayaq və siqaret çəkməyək…

 

Beləcə həyəcanlı və uzun bir yol gözləyir bizi. İçəri girəndə hava soyuq olsa da, sonradan soyuğu hiss etmirik. Sən demə dağın dərinliyində temperatur elə də aşağı olmur. Mağaranın içində yay geyimlərində rahatca gəzmək olar.

 

Mağaranın bələdçisi Rza Bığdili deyir ki, içərinin havası təbiidir: “Hava eşikdən, girdiyimiz yerdən gəlir. Bir də dağın bəzi yerlərindən içəri hava sızır. Hələ içəri getdikcə hava daha isti olacaq, 24 dərəcəyə çatacaq. Rütubət isə 90 dərəcə olacaq”.

 

İstiliklə bağlı problemimiz olmasa da, nəmişlik və rütubət hərəkətimizə mane olur. Nəfəs almağımız çətinləşir, insan darıxmağa başlayır. Bir qəribə hiss insanı geri qayıtmağa səsləyir. Ancaq getməliyik, sona qədər…

 

Bələdçi deyir ki, mağaranın 30 milyon il yaşı var. Ancaq formalaşması daha qədimlərə, Yura dövrünə gedib çıxır. Yura dövrü 199,6 – 145,5 milyon ili əhatə edir.

 

Mağaranın üst hissəsi əsasən əhəngdən ibarətdir. Əhəng 300 ildə bir santimetr böyüyürmüş.

 

Bura su ilə dolu imiş. Suyun içindən əhəngi alarmış özünə, 300 ildə bir santimetr böyüyərmiş. Elə ki, su aşağıya çəkilib, buranın inkişafı dayanıb.

 

Əhəngin yaratdığı yuxarıdan aşağı sallanan bu əhəng fiqurlarına gül kələmi deyirlər.

 

Mağaranın müxtəlif yerlərində olan daş fiqurlara bənzətmə ilə ad verərək, ətrafı bu adla qeyd ediblər. Məsələn, yatmış insan, aslan, fil ayağı kimi. Bura mağaranın Məryəm Ana hissəsidir. Bu fiquru Məryəm Anaya bənzədiblər. Qucağında İsa olan Məryəm Anaya.

 

Kətələxor mağarası turistlər üçün son 15 ildə açılıb. Əvvəllər mağaranın girişindən 400 metrə qədər 70 santimetr enində, bir insanın çətinliklə gedə biləcəyi qədər yol olub. Bəzi yerlərdə insanlar içəri sürünə-sürünə gediblər.

 

400 metrlik hissədə yolu insanlar texnika ilə genişləndiriblər. Bundan sonra çox az dəyişiklik olub. Mağaranın təbii vəziyyəti olduğu kimi qalır. Bəzi yerlərdə yalnız yolu düzləşdiriblər.

 

Mağaranın içində insan və ya heyvan skeleti tapılmayıb. Çünki yolu dar olub. 400 metr yolu hər gün gedib gəlmək olmazmış.

 

Gərmab əhli 150-200 il bundan qabaq bura gəlib gedərmişlər. 62 il bundan qabaq isə mərhum Camali Zəncani buranı aşkarlayaraq qeydə alıb. Haradasa 22 il öncə isə Zəncanın ostandarı buranın yollarını düzəltdirib, işıqlar çəkdirib. 15 il olar ki, insanlar bura gəlir.

 

Mağaranın 1250 metrinə kimi işıqlandırılıb və turistlər bura qədər gedə bilir. Bu qədər də işıqlandırılmayan, ancaq yolu normal olan ərazi var. Bundan sonra isə yalnız mütəxəssislərin – speleoloqların gedə biləcəyi yerlərdir. Onlar isə içəri 13 kilometrədək gedə biliblər. Ümumilikdə mağaranın birinci qatının uzunluğu qolları ilə birgə 30 kilometrdir. Kətələxor mağarasının bir ucunun Həmədan dağlarındakı mağaralara birləşdiyi güman olunur.
Yerşünaslar mağaranın 7 təbəqə olduğu müəyyənləşdiriblər. Onların hamısı bizdən aşağıdadır. Yuxarıda heç bir təbəqə yoxdur. Biz birinci təbəqədəyik. Beşinci təbəqəyə kimi gedilib. Sonrakı təbəqəyə getmək mümkün olmayıb. Hava rütubətlidir və bəzi yerlərdə su var. Altıncı təbəqə ilə yeddinci təbəqənin su altında olduğu güman olunur.

 

Bir təbəqədən digərinə keçmək üçün yollar var. 30 metrə kimi quyuya düşürsən. Ora ancaq mağaralarda işləmək üçün ixtisaslaşmış mütəxəssislər gedə bilir.

 

Qədim dövrlərdə mağarada yaşayışın olmadığı sübut olunub. Ancaq mağaranın çölündə insanlar yaşayıb və həmin ərazidən yaşı 4 min ili keçən insan skeleti tapılıb.

 

Mağaraya əsasən İran əhalisi gəlir. Ancaq dünyanın müxtəlif yerlərindən gələn mağara həvəskarları, Zəncana yolu düşən turistlər də bu yeri ziyarət edirlər.

 

Mağaranın elə yerləri var ki, çox dar olduğundan kök insanlar keçməkdə çətinlik çəkir.

 

Gözəlliyi və qeyri-adiliyi ilə seçilən mağarada bir neçə saatımızın necə keçdiyini hiss etmirik. Buradan oyana getmək mümkün deyil…

 

Kətələxor mağarasını gəzib qayıdırıq. Gəzintimiz çətin olsa da, çox maraqlı idi. Zəncana gələnlərə hökmən bu yerə baş çəkməyi tövsiyə edirik.

 

mənbə :
lent.az

Yerin merkezine doğru 400 metr – Ketelexor mağarasından REPORTAJ