15:20 xeber – Paralimpiya çempionu Aynur Məmmədova dirsəkdən aşağı qolu olmayan uşağı zirayət edib.
Bu barədə idmançı özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, burada qeyri-adi heç bir şey yoxdur. Bu, sadəcə, Allahın işidir və heç kimin haqqı yoxdur ki, onun işinə qarışsın:
“Heç kim o uşağın dərdini çəkməsin. 35 il bundan əvvəl mən doğulanda da deyiblər ki, bu qızın gələcəyi necə olacaq. Amma indi baxın mənə. Mən həmin qızam – Azərbaycanın fəxri! Eləcə də o qız böyüyüb, görün, nə qız olacaq, inşaallah”.
Parataekvondo üzrə 3 qat dünya çempionu Aynur Məmmədova qüsurlu doğulan uşağa baş çəkərkən yaşadığı hisslərdən danışdı.
“Xəbəri saytların birində təsadüfən gördüm. Dərhal həmin ailəyə baş çəkəcəyimi, onlara təsəlli verəcəyimi dedim. Elə də oldu. Düzdür, ünvanı tapmaqda bir az çətinlik çəkdim, xəstəxanadan ünvanı vermək istəmədilər. Oğlumla birgə durub xəstəxanaya getdim. Doğuşu həyata keçirən Kəmalə xanımla görüşdüm, kim olduğumu bildi, dərhal ünvanı verdilər”.
Aynur deyir ki, qarşıda duran əsas məsələ həmin ailənin onu necə qarşılayacağı idi. Amma xanım idmançı geri çəkilməyib. Dükandan uşaq üçün bir-iki geyim, bir də tort alıb, yollanıb Xırdalana, uşağın yaşadığı ünvana:
“Mən elə bilirdim onlar məni tanıyacaqlar. Amma yox. Bizi qapıda nənə qarşıladı, balaca Dilək isə yatmışdı. Bir az söhbət edəndən sonra kimliyimi və anadangəlmə mənim də həmin tale yaşadığımı nənəyə danışdım.Bunu biləndə, nənənin gözləri doldu, məni qucaqlayıb ağladı, məni də kövrəltdi. Özümü toparladım və dedim:
“Mənim bu ailəyə gəlməyimdə məqsədim budur ki, siz o uşaq haqqında çox fikir etməyəsiniz. Gəldim, özümü sizə tanıdım ki, biləsiniz, Dilək tək deyil və dünyaya elə-belə gəlməyib. O, Allahin bir möcüzəsidir. O, sizə ruzi-bərəkət gətirəcək. Vaxt gələcək hamınınız onunla fəxr edəcəksiniz”, – deyə paralimpiya çempionu bildirdi.
Aynur Məmmədova deyir ki, uşaq olanda səni ələ salırlar, bir qolun yoxdur deyə, səninlə dostluq etmirlər, bu qızı alan olmaz, bunun gələcəyi necə olacaq deyə çox kəlmələr eşidirsən. Amma gərək, heç kimin sözlərinə fikir verməyəsən, əksinə, daha da güclü olub, hamıya kim olduğunu sübut edəsən:
“Mənim sağ əlim yoxdur, dünyaya belə gəlmişəm. Amma bir əlimlə iki əli olan adamların sahib ola bilmədiklərinə yiyələnmişəm. Mən parataekvondo üzrə 3 qat dünya çempionu, 2 qat Avropa çempionuyam, atıcılıq üzrə Respublika 1-ci olmuşam. Ailəliyəm, gözəl ana və gözəl həyat yoldaşıyam. Bir sözlə, bugünki nəsil üçün nümünəvi bir örnəyəm”, – deyə Aynur Məmmədova vurğuladı.
Aynur Məmmədova, Dilək , bacısı və valideynləri
Müsahibim deyir ki, həyatı boyu əldə etdiyi bütün nəaliyyətlərini danışdıqdan sonra ailə üzvlərinin siması güldü. Hətta, uşağın nənəsi də idmançıya bildirib ki, sizin gəlişiniz evimizə nur gətirdi: “İndiyənədək nə gəlinim, nə də oğlum gülməmişdir, Allah sizdən razı olsun”, – deyə nənə Aynura təşəkkürünü bildirib.
Söhbətimiz sonunda dünya çempionu bildirdi ki, Dilək böyüdüyü müddətdə həmişə onu nəzarətdə saxlayacaq və onu da özü kimi çempion hazırlayacaq: “Görərsiz, bir vaxtlar Dilək də mənim kimi xalqınının sevimlisi olacaq”, – deyə paralimpiya çempionu əlavə etdi.
Aynur Məmmədova və Diləyin ailə üzvləri
Bundan sonra, bəlkə, balaca Diləyi görmək üçün çox insanlar ona baş çəkəcək. Bəlkə də, onun yaxşı şəraitdə, qayğısız böyüməsi üçün ona xeyli kömək edənlər də olacaq. Amma Aynur Məmmədova kimi Diləklə eyni taleni yaşayan başqa biri onu daha yaxşı anlaya bilsin.
Dilək bu ilin oktyabrın 29-da Abşeron rayon Mərkəzi Xəstəxanasında doğulub. Anadangəlmə bir qolunun dirsəkdən aşağı olmaması hər kəsi təəccübləndirib.
Adı Dilək olan bu körpə gənc ailə – Araz və Günel Əliyevlər ailəsinin ikinci övladıdır. İlk uşaqda heç bir qüsur olmayıb.
Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir.
Qolunun dirsəkdən aşağı hissəsi olmayan Dilək
mənbə :
anspress