İçeriğe geçmek için "Enter"a basın

Putin qəzaya uğrayan təyyarə ilə bağlı tapşırıq verdi (YENİLƏNİR)

31-10-2015

14:05 xeber – Misirin hərbi-hava qüvvələrinin təyyarələri Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiyaya məxsus sərnişin təyyarəsinin qalığlarını aşkar ediblər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda Misir höküməti xəbər yayıb. Artıq xilasedicilər qəzanın baş verdiyi ərazidə cəsədlərin yığılmasına başlayıblar.

Hadisə yerinə Misirin Baş naziri Şərif İsmayılın getdiyi bildirilir.

Rusiya Prezidenti Vladimir Putin isə ölkənin baş naziri Dmitri Medvedevə Misirdə qəzaya uğrayan təyyarə ilə əlaqədar dövlət komissiyasının yaradılmasını tapşırıb.

Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarənin göyərtəsində 224 nəfər olub.


Qəzaya uğrayan a-321 təyyarəsinin arxiv görüntüsü

***13:42***
Şarm-əş-Şeyx – Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzağlıqda qəzaya uğrayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda Misir rəsmiləri xəbər verir. ” Al Arabiya” telekanalının məlumatına görə hava layneri tamamilə dağılıb. “Göyərtədə olan sərnişinlərin hamısının həlak olduğu ehtimal edilir”

***12:25***

Rusiya fövqəladə hallar nazirliyi ölkəyə məxsus təyyarənin qəza uğramasının mümkün olması ilə bağlı təcili sürətdə Misirə işçi qrup göndərir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiyanın federal hava nəqliyyatı agentliyi ”Rosaviasiya” Sinay yarımadası üzərində ölkəyə məxsus təyyarənin qəza uğramasını rəsmən təstiq etməyib. “Rosavisiyanın” rəsmi nümayəndəsi Sergey İzvolski təyyarənin radarlardan itməsini bildirsədə, aviaqəza haqda məlumatlarının olmadığını açıqlayıb. “Rossiya 24” telekanalının efirində İzvolski hazırda axtarış-xilasetmə əməliyyatının aparıldığını bildirib. “Yaxın zamanda təyyarənin tapılması üçün bütün tədbirlər görülür.”


Sergey İzvolski – “Rosaviasiyanın” nümayəndəsi

Rusiya təyyarəsinin qəzaya uğramasını təstiqləyən Misirdə isə hava gəmisinin Sinay yarımdasında fəaliyyət göstərən silahlılar tərəfindən vurulmasını istisna edirlər.

Misir tərəfinin məlumatına görə, təyyarə radarlardan Ən-Nahal dağlıq ərazisində itib. Məhz bu ərazidə hökümətə qarşı çıxış edən silahlılar gizlənir.

Rusiyanın Tass agentliyinin məlumatına görə isə, Qahirədəolan mənbələrdən biri təyyarənin qəzaya uğramasına səbəb kimi mühərriklərin sıradan çıxmasını göstərir. Bundan əlavə onlar da terror hücumu və təyyarənin yerdən vurulması versiyasını istisna edirlər.

***12:10***
Rusiyaya məxsus sərnişin təyyarəsi Sinay yarımdası üzərində qəzaya uğrayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi Kiprin Larnaki rayonu ərazisində radarlardan yoxa çıxıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

Məlumatı “Rosaviasiyada” təstiq ediblər.

“Bu gün saat 6:51-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi havaya qalxıb. Saat 7:14-də təyyarə radarların ekranından yoxa çıxıb”, – deyə “Rosaviasiya” nümayəndəsi Sergey İzvolski “İnterfaks” agentliyinə bildirib.

“Koqalımavia” şirkətinə məxsus olan təyyarə sərnişinlərinin əksəriyyəti rusiyalı turistlər olub.

Son məlumata görə, təyyarənin Misir ərazisində qəzaya uğradığı açıqlanıb. Bu barədə Misir internet portallarından biri məlumat yayıb.

Bildirilir ki, Misirin təhlükəsizlik qüvvələri təyyarənin qəzaya uğradığı ərazisini əhatəyə alıb, əl-Ariş şəhərindən Sina yarımadasının şimalına 10-dan çox təcili yardım avtomobili göndərilib. Misirin hərbi aviasiyası da qəza rayonunda uçuşlar edir.


Sinay yarımadası

Misirin baş naziri Şerif İsmayıl Sinay yarımadasında Rusiya mülki təyyarəsinin qəzaya uğramasına görə bu günə planlaşdırılan bütün səfərlərini təxirə salıb.

Baş nazir qəza ilə bağlı vəziyyəti şəxsi nəzarətinə götürüb, xilasetmə xidmətlərinin rəhbərləri ilə müntəzəm təmasdadır. Rusiya mənbələri isə təyyarənin Misir ərazisində qəzaya uğradığını hələ təsdiq etmirlər.

Sina yarımadasında radikal islamçı yaraqlılar fəaldır və bu bölgədə Misirin təhlükəsizlik qüvvələri ilə tez-tez toqquşmalar baş verir.

Axtarış-xilasetmə əməliyyatlarında Misir ordusu da iştirak edir.

Qəzaya uğrayan təyyarənin məxsus olduğu “Koqalımavia” şirkəti 1993-cü ildə yaradılıb. Bu aviaşirkətə məxsus təyyarələrdən ikisi daha əvvəl iki hadisə törədib.

2011-ci il yanvarın 1-də “Ту-154Б-2” təyyarəsi 10 dəqiqə ərzində Surqut aeroportunda tamamilə yanıb. Alışma uçuş-enmə zolağına təyyarənin sükanı çevirməsi zamanı olub, yanacaq banklarınının partlamsı nəticəsində 3 insan həlak olub, 42 nəfər xəsarət alıb ki, onlardan 32 nəfəri ciddi bədən yanıqları ilə xəstəxanalarda yerləşdiriliblər.

Daha əvvəl isə, 2010-cu il yanvarın 24-də İranın Məşhəd aeroportunda “Taban Air”-in idarəsində olan “ТУ-154 М” təyyarəsi kobud enmə nəticəsində lələkləri və təkərləri qopmuşdur. Təxminən 40 nəfər sərnişin xəsarət alsa da, hadisədə ölən olmayıb.

mənbə :
anspress

Putin qezaya uğrayan teyyare ile bağlı tapşırıq verdi (YENİLƏNİR)