01:57 xeber – Üçüncü mədən küçəsinin yolu piyadalar üçün keçilməz olub.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, paytaxtın Suraxanı rayonu 3-cü mədən küçəsinin sakinləri illərdir ki, yolsuzluq şəraitində yaşamağa məcburdurlar.
Avtomobili olanlar qış aylarında palçıqdan xilas ola bilsələr də, piyadalar əməlli başlı əziyyət çəkirlər.
Sakinlərin dediyinə görə, şagirdlər məktəbə gedərkən ya özlərilə ehtiyat ayaqqabı götürməli olurlar, ya da xüsusi üsulla, yəni selofan torbalarla sudan-palçıqdan qorunurlar. Qışda palçıqdan keçilməz yolların yayda da özünəməxsus problemləri var. Toz-torpaq göz açmağa imkan vermir.
Şikayətçi Əfqan Mirzəyev deyir ki, necə olur ki, küçənin bir hissəsi asfaltlanıb, digər bir hissəsi yox, aidiyyatı qurumlar bunun səbəbini izah etsinlər.
Şikayətçi Gülnarə Əhmədovanın sözlərinə görə, valideynlər uşaqlarını məktəbə bellərində aparırlar, təcili yardıma zəng edirsən yolun yarısına kimi gəlir.
Şikayətçi Əbülfət Namazov bildirir ki, yolun yaxşı yerinə asfalt vurulur, amma yolun bərbad hissəsinə asfalt vurulmur.
Sakinlərin sözlərinə görə, qonşu küçələr artıq ağ günə çıxıb. Asfalt da çəkilib, səliqə-səhman da yaradılıb. Nədənsə, bu diqqət sözügedən küçədən yan keçib.
Suraxanı rayonu icra hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov məsələyə aydınlıq gətirdi:
“Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən ərazisində müəyyən işlər görülüb və bundan sonra da bu işlər davam etdiriləcək. İşlər mərhələli şəkildə icra olunur. Hazırda sakinləri narahat edən məsələlər tezliklə öz həllini tapacaq, küçələrə asfalt örtüyü çəkiləcək”.
Ümid edək ki, deyilənlər çox da gecikmədən öz təsdiqini tapar və sakinlərin həsrətində olduqları yol təmirinə vəziyyət daha da acınacaqlı hal almadan başlanılar.
mənbə :
anspress