31.10.2015 / 00:14 xeber –
Oktyabrın 30-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında amerikalı saksafonçu Çarlz Lloyd Bakıda ilk dəfə öz kvarteti ilə çıxış edib.
Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, Çarlz Lloyd və onun kvarteti klassik və müasir caz kompozisiyaları ifa ediblər. Saksafonçu və fleytaçı Çarlz Lloyd karyerasının əvvəlində etnik musiqi və akustik cazın sintezi ilə məşğul olub. “Charles Lloyd Quartet” etno-caz kollektivi ötən əsrin 60-cı illərinin ən yaxşı pop və rok qrupları ilə çıxış edib.
Çarlz Lloyd 1966-cı ildə “qızıl” kvartetini yaradıb. Kollektiv dünyanın 40-dan çox ölkəsində konsertlər verib. 1965-ci ildə “Downbeat Magazine” jurnalı Çarlz Lloydu ən yaxşı yeni caz ifaçısı, iki ildən sonra isə ilin caz artisti adlandırıb. Çarlz Lloydun qrupu San Fransiskoda “Fillmore Auditorium” zalında çıxış edən ilk caz kollektivi olub. 1966-cı ildə “Monterey Jazz Festival”ında canlı olaraq yazdırılan albom "qızıl" statusu qazanıb və bir milyondan artıq tirajla satılıb.
Çarlz Lloyd 70-ci illərdə musiqi səhnəsini tərk edib. 1981-ci ildə keçirdiyi kliniki ölümdən sonra musiqiyə qayıdıb. O, bu dəfə istedadlı pianoçu Mişel Petruççiani ilə birgə çıxış edib. Görkəmli sənətkar 75 yaşını 2013-cü ildə Metropoliten muzeyinin Dendur məbədində və Kennedi Mərkəzindəki zalda konsertlərlə qeyd edib. O, 2015-ci ildə “Jazz Masters Award” mükafatına layiq görülüb.
mənbə :
lent.az