İçeriğe geçmek için "Enter"a basın

Yağışlar Lənkəran-Lerik yolunu bərbad vəziyyətə saldı

27-10-2015


27.10.2015 / 23:25 xeber –

Son günlər fasiləsiz yağan yağışlar Lənkəran-Lerik şosesində  yenidən sürüşmə prosesinin aktivləşməsinə səbəb olub.  APA-nın cənub bürosunun məlumatına görə, ən gərgin vəziyyət yolun 17, 19 və 26-cı kilometrlərində müşahidə olunmaqdadır. Belə ki, bu ərazilərin yuxarı yamac hissələrində baş verən intensiv yuyulma və sürüşmələr nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi  maneəyə çevrilib. Sürücülər yolu qorxu  ilə keçir, hər an dağın yamaclarından daşların, qaya parçalarının onların maşınlarının üstünə düşməsindən ehtiyat edirlər.

 

43 saylı  Lerik Rayon Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası tərəfindən sutka ərzində əraziyə nəzarət edilir, yola tökülmüş torpaq qatı, gil, lehmə, daş parçaları qreyderlə mütəmadi təmizlənir. Buna baxmayaraq, təbii fəlakətin baş vermə təhlükəsi qalmaqdadır.

 

Ən təşviş doğuran hal isə yolda sel sularının yuduğu  asvalt qatının aşağıdan axan çaya doğru sürüşməsidir. Bu isə hər an ağır nəticələrə səbəb ola bilər. Nəqliyyat vasitələri sahiblərinin sözlərinə görə, xüsusən axşam saatlarında yolda maşınla hərəkət etmək insan həyatı üçün çox təhlükəlidir.

 

Qeyd edək ki, Lənkəran-Lerik şosesində ağır tonnajlı yük maşınlarının müntəzəm hərəkət etmələri səbəbindən yolun ayrı-ayrı hissələrində  dərin çalalar yaranıb. Təkcə iki qonşu rayon üçün deyil, ümumilikdə respublika üçün mühüm strateji əhəmiyyət daşıyan bu yolun əsaslı təmir və bərpasınnın vaxtı çatıb.

mənbə :
lent.az

Bir yorum

  1. uzeyir 28/10/2015

    lerik yolu surusen hissesi Elxan eliyev ucun bir qazanc menbeyidir

Yorumlar kapatıldı.

Yağışlar Lenkeran-Lerik yolunu berbad veziyyete saldı