İçeriğe geçmek için "Enter"a basın

Rüşvətxorluqla mübarizə “ASAN”laşdı

27-10-2015

18:30 xeber – Noyabrın 2-dən ASAN xidmət tərəfindən müddəti bitmiş, yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə başlanılacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu addım oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev tərəfindən lisenziyaların verilməsi prosesinə edilən iradlarla bağlı atılıb.

Ölkə başçısı Azərbaycanda lisenziyaların sayının həddindən artıq çox olmasını sərt tənqid etmişdi: “Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar”.


Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclası

Dövlət başçısı bəzi qurumlar tərəfindən lisenziyaların sayının artırılmasının təmiz məqsədlə edilmədiyini bildirmişdi: “Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır”.

İlham Əliyev hökumətə lisenziyaların sayını kəskin azaltmağı təklif edib: “Lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik”. Dövlət başçısı bu kimi əməllərin ölkənin iqtisadi inkişafına mane olduğunu bildirmişdi: “Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?!”

Prezident lisenziyaların verilməsində rüşvətxorluq hallarına qarşı mübarizənin sərt olacağını bildirib: “Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Oktyabrın 19-da isə dövlət başçısı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmana imza atmaqla bu istiqamətdə əməli addımlar atılmağa başlandı. Fərmana görə, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edildi. Nazirliyin xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilib. Prezident həmçinin fərmanla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıb ki, bir ay müddətində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi üzrə təkliflər hazırlasın.


ASAN xidmətdə iş saatı

Hazırda əksər nazirliklər və dövlət qurumları xüsusi razılıq (lisenziya) verilməsi fəaliyyətini dayandırmağa başlayıblar. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi fərmana uyğun olaraq fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi fəaliyyətini dayandırıb. Bu xidmət “ASAN xidmət” vasitəsilə təşkil ediləcək.

Beləliklə, “ASAN xidmət”in vasitəsi ilə daha bir korrupsiya mənbəyinin aradan qaldırılır və vətəndaşıar rahat nəfəs almağa başlayır. Sentyabrın əvvəlində isə yaşayış yeri barədə arayışları ASAN xidmət verilməyə başlayıb.

Vergilər Nazirliyində ciddi yoxlamalara başlanılıb

mənbə :
anspress

Rüşvetxorluqla mübarize “ASAN”laşdı