İçeriğe geçmek için "Enter"a basın

MTN-nin tutduğu qalmaqallı sədr köhnə vəzifəsinə qayıtdı

27-10-2015

16:52 xeber – “”Bank Technique”nin Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev bu gündən öz əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən bankın Müşahidə Şurasının sədri təyin edilib”.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, E.Əliyev bu gün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedərək öz rəhbər postuna əyləşib.

Onun vəzifələrini icra edən Rövşən İsmayılov isə oktyabr ayının 17-də işdən çıxarılması ilə bağlı ərizə yazıb və ərizə qəbul edildiyi üçün elə həmin gün işdən azad edilib.

Xatırladaq ki, E.Əliyev uzun müddət adıçəkilən bankın Müşahidə Şurasına rəhbərlik edib və 2012-ci ilin mart ayında bu vəzifədən azad edilib.

Elə həmin il də Etibar Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs olunub. Onunla birgə bankın digər bir neçə vəzifəli şəxsi də tutulub.


Etibar Əliyev- Müşahidə Şurasının yeni rəhbəri

Lakin məhkəmə bir müddət əvvəl bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevi xəstəliyi ilə əlaqədar həbsdən buraxıb. Ona ölkəni tərk etməmək barədə göstəriş verilib.

Əliyev və başqa təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurdular.

mənbə :
anspress

MTN-nin tutduğu qalmaqallı sedr köhne vezifesine qayıtdı