27.10.2015 / 11:57 xeber –
Cari ilin 9 ayı ərzində sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında azalma müşahidə olunur.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35 faizədək azalıb. Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7 faizdən 23,7 faizə enib.
Onu da qeyd edək ki, bu uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən ötən illə müqayisədə 52,1 faiz çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsi təşkil edilib ki, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub. Bu da ötən illə müqayisədə 52,9 faiz çoxdur.
Nazirliyin bərpa-müalicə müəssisələrində müvafiq xidmətlərlə təmin olunan 5 min nəfərə yaxın və protez-ortopedik bərpa xidməti göstərilən 7,2 min nəfərə yaxın şəxslərin bir hissəsini də sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib. Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun şəraitin və qabaqcıl təcrübə əsasında reabilitasiya sisteminin yaradılması işləri aparılır.
mənbə :
lent.az