İçeriğe geçmek için "Enter"a basın

Qazaxıstan biznesmenlərimizi iflas həddinə çatdırıb

27-10-2015

06:34 xeber – Mallarını ala bilməyən 400-ə yaxın iş adamı bir araya toplaşaraq narazılıqlarını bildirib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, sahibkarları narahat edən məsələ mallarının üç aydan çoxdur ki, Çin Xalq Respublikasından Azərbaycana gəlib çıxmamasıdır. Onların yükü hazırda Qazaxıstan sərhədində, Aktau gömrüyündə saxlanılır.

Ümumilikdə 400-ə yaxın sahibkara məxsus təxminən 10 milyon manat yükün gecikməsi banklardan kredit götürən ticarətçiləri çıxılmaz vəziyyətə salıb.

“Aktau gömrüyündə mənim 60 min dəyərində malım qalıb. Üzümü aidiyyati dövlət qurumlarına tutaraq xahiş edirik ki, bu məsələdə bizlərə köməklik göstərsinlər. Biz banklardan kredit götürmüşük. Mallarımıza sahib çıxa bilməmək səbəbindən banklar olan borcumuzu qaytara bilmirik”, – deyə sahibkar Azər Əliyev bildirib.

Ünvanına yetişməyən yüklərin əsasən mövsümi mallardan ibarət olması sahibkarları daha çox narahat edən məsələlərdəndir.

“Məktəb mövsümi başa çatmasına az bir vaxt qalmasına baxmayaraq bu günə kimi bizim mallar gəlib çıxmayıb. Bizim yüklədiyimiz ağ köynəklər hələ də yoldadır. Hamı kimi bunun tezliklə həll olunmasını istəyirəm”, – deyə sahibkar Zaur Quliyev qeyd edib.

Çin Xalq Respublikasından yük daşınması ilə məşğul olan “Klassik-2” şirkətinin rəhbərliyi də sahibkarların arasındaydı. Rəhbərlik rəsmisi yüklərin gecikməsində Qazaxıstanın aidiyyatı qurumlarını günahlandırdı.

Onun dediyinə görə, Qazaxıstanın Ali Apellyasiya Məhkəməsinin qərarının onların xeyrinə olmasına baxmayaraq, yenə də iş ləngiyir. Səbəbsə bu il yeni fəaliyyətə başlamış “Qazaxıstan Gəlir Komitəsi”nin yükün Aktau liman şəhərindən buraxılmamasında maddi marağının olmasıdır.

“Hazırda çalışdığım şirkətə onlar tərəfindən mütəmadi olaraq zənglər daxil olurdu. Onlar əməkdaşlıq təklif ilə bizə müraciət edirdilər. Nəticədə biz necə əməkdaşlıq etməli olduğumuzu onlara sual etdik. Sonradan aydın oldu ki, onlar bizdən əlavə vəsait tələb edirlər. Biz isə tələb olunan əlavə vəsaiti onlara verməkdən imtina etdik. Avqust ayında onlar 9 vaqonu saxladılar”, – deyə yükdaşıma şirkətinin rəsmisi Şamil Heydərov fikrini açıqladı.

Məsələ ilə bağlı xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, nazirlik Qazaxıstanla əlaqə saxlayaraq məsələni aydınlaşdırıb. Həmin ölkənin gömrük idarəsindən verilən məlumata görə, yükdaşıması ilə məşğul olan şirkət müəyyən qayda pozuntuları etdiyinə görə, mallarına həbs qoyulub. Buna baxmayaraq, müəyyən işlər görülür:

“Bu məsələ ilk gündən Azərbaycan Respublikasını Aktaudakı baş konsulluğu və Qazaxıstandakı səfirinin diqqət mərkəzindədir. Və bununla əlaqədar Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən Qazaxıstanın dövlət qurumlarına rəsmi qaydada müraciətlər olunub. Hazırda məsələ diqqətdə saxlanılır. Amma son günlər Qazaxıstanın rəsmi orqanları tərəfindən diplomatik nümayəndəliklərimizə məlumat verilmişdir ki, bu daşımaları həyata keçirən nəqliyyat şirkəti barəsində Qazaxıstanın qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılmışdır. Hazırda bu şirkətin yol verdiyi qanun pozuntuları ilə əlaqədar Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən təhqiqat və istintaq araşdırmaları həyata keçirilir. Məhz yüklərin keçidində yaranan problemlərin əsl səbəbi də bundan ibarətdir. Amma məsələ Azərbaycanın Qazaxıstandakı səfirliyi və Aktaudakı baş konsulluğun diqqət mərkəzində saxlanılır”.

Nazirlik rəsmisinin sözündən belə çıxdı ki, məsələ yaxın günlərdə həllini tapmalıdır. Səbr edib bir az da gözləmək lazımdır.

Sahibkarları səbirsiz edən isə hələ üzünü görmədiyi mallarıdır. Ümid edirik ki, tez bir zamanda Qazaxıstan gömrüyü insafa gələr onlar da mallarına qovuşar.

mənbə :
anspress

Qazaxıstan biznesmenlerimizi iflas heddine çatdırıb