[r32]
Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək
* * *
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
“AzPolitika” xəbər verir ki, “qara maskalılar” icra haimiyyətinin qarşısına 4 avtomobildə gəliblər. Hələlik təsdiqlənməmiş məlumata görə, DTX əməkdaşları Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən həbs ediblər. Onun müavini Vurğun Ələkbərovun da saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Haqqın.az” saytı yayıb.
*****
Onu da qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.
O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələ ləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.
DTX-nin həbs etdiyi icra başçısının yüksək vəzifəli məmur oğlu kimdir?
Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) xüsusi əməliyyat həyata keçirərək Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevi həbs edib.
Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verilməsə də, icra başçısının rüşvət aldığına görə saxlanması haqda məlumatlar yayılıb.
Bu arada sfera.az icra başçısı və oğlanları ilə bağlı bəzi maraqlı məlumatlar yayıb.
İcra başçısının böyük oğlu İsmət Vəliyev Türkiyədə biznes fəaliyyəti ilə məşğuldur. İstanbulda yaşayan iş adamı – İsmət Vəliyevin geniş imkanlara malik olduğu bildirilir.
İcra başçısının digər oğlu Məhərrəm Vəliyev isə Azərbaycanda yaşayır və Fövqəladə Hallar nazirliyində yüksək vəzifə tutur.
Xatırladaq ki, Neftçalanın icra başçısı İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri-E.H) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.
29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.
2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.