20:12 xeber – Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonun 1-ci Şahsevən kəndində kənd sakini Xeyrulla Quliyev idarə etdiyi “QAZ-2705” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən həmkəndlisi Fərhad Həsənovu vurub. Yaralı Fərhad Həsənov aldığı xəsarətlərin ağırlığından hadisə yerində dünyasını dəyişib. Sürücü isə tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dünən də oxşar iki hadisə paytaxtda baş verib. Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınan qəzada Bakı şəhər sakini Əhməd Seyidov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elzar Heydərovu vurub. Ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılsa da o, dünyasını dəyişib.
İkinci hadisə zamanı isə Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Nadir Zeynalov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Vladik Evdakinini vurub. O da xəstəxanaya yerləşdirməsinə baxmayaraq xəstəxanada ölüb.
Ümumiyyətlə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb ki, onların da 32-si “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib və cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
mənbə :
anspress