İçeriğe geçmek için "Enter"a basın

Dünya dağılır, insanlar təxliyə olunur

24-10-2015

16:40 xeber – Yunanıstanın paytaxtı Afinada leysan daşqınlara səbəb olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təbii fəlakət azı 2 nəfərin həyatına son qoyub. Bir neçə nəfərin xəsarət aldığı və itkin düşdüyü bildirilir. Daşqın səbəbindən evlər dağılıb, küçələr su altında qalıb, ağaclar avtomagistrallara aşıb. Nəticədə nəqliyyatın hərəkəti iflic olub. Yüzlərlə avtomobil yararsız vəziyyətə düşüb. Təbii fəlakət hava limanlarının işini də çətinləşdirib. Sutka ərzində yanğın xidmətinə 585 çağırış edilib.

Yunanıstanda daşqın

Ümumiyyətlə, Yunanıstan cari ilin müxtəlif aylarında tez-tez selə məruz qalıb, ölkənin bir sıra şəhəri sıradan çıxıb, ölkəyə küllü miqdarda ziyan dəyib. Sonuncu belə hadisə Yunanıstanda sentyabrın 25-i baş verib.

Cari ilin sentyabrında Yunanıstanda sel hadisəsi

Digər təbii fəlakət isə okeanın o biri tayında meksikada qeydə alınıb. Meksikanın milli meteoroloji xidmətinin yazdığı məlumatlara görə, “Patrisiya” qasırğasının birinci hissəsi ölkənin Sakit okean sahilinə çatıb. Bu qasırğanın törətdiyi fəsadlar tarixdə ən güclü fəlakətlərdən hesab edilir.

“Patrisiya” Xalisko və Kolima ştatlarının arasındakı sahildə tüğyan edir. Bu halda bildirilir ki, təbii hadisə, Meksikaya qədər çatıb. Küləyin sürəti saatda 305-320 kilometr təşkil edir.

Rəsmi mənbələr bildirir ki, hadisə ilə bağlı sahil zonalardan insanlar təxliyyə edilib. Bundan başqa, məktəblər və yollar bağlanıb, sakinlər üçün müvəqqəti sığınacaqlar təşkil edilib.

Meksikada tüğyan edən “Patrisiya” qasırğası

Filippinin şimalında tüğyan edən “Korri” qasırğası nəticəsində isə həlak olanların sayı 47 nəfərə çatıb. Bir neçə nəfərin itkin düşdüyü bildirilir. Ölüm hallarının əksəriyyəti tayfunun səbəb olduğu daşqınlar və sürüşmələr nəticəsində baş verib. Filippin hökumətinin ilkin hesablamalarına görə, artıq 500 min nəfərə təsir edən qasırğanın kənd təsərrüfatına və infrastruktura vurduğu zərər təxminən 115 milyon dollar təşkil edir.

Qasırğanın təsirindən qorunmaq məqsədi ilə on minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Filippin də tez-tez təbii fəlakətə məruz qalan ölkələrdəndir. Burada baş verən ən dağıdıcısı 2013-cü ilin sonlarında ölkənin mərkəzi hissəsindən keçən “Yolanda” tayfunu olub. O vaxt 8 min nəfərin ölümünə və itkin düşməsinə səbəb olan qasırğa, həmçinin 1,1 milyon evi qismən və ya tamamilə dağıdaraq 4 milyon insanı evsiz-eşiksiz qoyub.

Filippində “Yolanda” tayfunu

mənbə :
anspress

Dünya dağılır, insanlar texliye olunur