İçeriğe geçmek için "Enter"a basın

Cəbhə bölgəsində mənəvi-psixoloji hazırlıq

23-10-2015

21:31 xeber – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, oktyabrın 23-də cəbhə bölgəsində “Dünya ordularının qabaqcıl təcrübəsi əsasında Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib. Müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev konfransı açaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından iştirakçıları təbrik edib və uğurlar arzulayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətlərinə dair geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Müdafiə Nazirliyinin müxtəlif idarələrin, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin istiqamətləri barədə fikirlərini bölüşüblər. Sonda Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bu cür tədbirlərin şəxsi heyətlə iş üzrə cavabdeh zabitlərin peşakarlıq səviyyəsinin artırılmasına, təcrübə mübadiləsinin həyata keçirilməsinə layiqli töhfə verəcəyini bildirib.

Konfrans iştirakçılarının suallarını cavablandıran nazir müavini şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlərin Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün bundan sonra da öz bacarıqlarını əsirgəməyəcəyinə əminliyini vurğulayıb.

mənbə :
anspress

Cebhe bölgesinde menevi-psixoloji hazırlıq