20:16 xeber – Oktyabrın 15-dən etibarən müqəddəs aylardan biri – Məhərrəm ayı başlayıb. Sabah – oktyabrın 24-də isə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhid olduğu gün – Aşura günüdür.
Bununla bağlı ANS Müstəqil Yayım Media Şirkətinin (MY MŞ) proqram tərtibatında müəyyən dəyişikliklər nəzərdə tutulub. Həmin dəyişikliklər haqqında məlumat almaq üçün ANS PRESS ANS MY MŞ-nin Proqram Departamentinin rəhbəri Sevda Həsənovaya müraciət edib, eyni zamanda ANS MY MŞ–nın yeni televiziya mövsümünə hazırlığı barədə suallar ünvanlayıb.
– Sevda xanım, artıq Məhərrəmlik ayıdır. Bu günlər necə işləyəcəksiniz? Bu ayın tələbləri efirdə necə hiss olunacaq? Hansısa dəyişikliklər nəzərdə tutulurmu?
– Həmişəki kimi işləyəcəyik. Düzdür, ölkəmiz multikulturalist ölkədir. Amma bunu da unutmayaq ki, əhalimizin əksər hissəsi müsəlmanlardan ibarətdir. Ona görə də hər bir əqidə sahibinin inancına göstərdiyimiz ehtiramı onlardan da əsirgəmir, onların dini və bayram günlərinə yüksək həssaslıqla yanaşırıq. Əyləncəli proqramlarımızın sayını azaltmışıq; daha çox bədii-publisistik verilişlərə üstünlük veririk. Biz həmişə dinindən və millətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına, onların inanc və əqidələrinə belə münasibət bəsləyirik və bizdən ötrü milli-mənəvi dəyərlər məhz budur.
– Məlum hadisələrdən sonra ANS-də populyar, yüksəkreytinqli verilişlər proqramdan çıxarıldı. İndi hansı yeni layihələr hazırlanır?
– Təbii ki… İndi bütün kollektivlə bərabər bu sahədə sıx işləyirik, ANS-in çox peşəkar, güclü, həm də mehriban kollektivi var. Bilirsiniz, telekanallarda aşağısəviyyəli verilişlər elə-belə yaranmır. Ona görə ki, telekanallar öz şirələrində qaynayırlar. Əlbəttə, bizim xaricə çıxış imkanlarımız var. Əməkdaşlarımızın peşəkar səviyyələrini artırmaq üçün biz onları xarici ölkələrə treninqlərə, kurslara göndəririk. Əcnəbi mütəxəssisləri ANS-ə dəvət edirik. Bu sahədə peşəkar ənənələrə malik Rusiya, ABŞ və Avstriya ilə yüksək əməkdaşlıq əlaqələri qurmuşuq. Yəni, biz əməkdaşlarımızın peşəkarlığını artırmaq üçün heç nə əsirgəmir, xeyli vəsait xərcləyirik. Amma bunu mütəşəkkil şəkildə həyata keçirmək mümkün olmur. Amma əgər MTRŞ bu prosesi mərkəzləşdirilmiş şəkildə həyata keçirsəydi, başqa kanallardan, əcnəbi ölkələrdən mütəxəssislər dəvət etsəydi, yəqin ki, onun nəticələri daha səmərəli olardı. Amma gördüyünüz kimi, biz heç kimi gözləmir, bu işi özümüz həyata keçiririk: Azərbaycan-Amerika Media Akademiyası yaratmışıq, bayaq dediyim kimi, əməkdaşlarımızı treninqlərə cəlb edirik, xaricdən peşəkarlar dəvət edirik və s. Və bu sahəyə qoyduğumuz vəsaitə heyfslənmirik. Çünki biz sərmayəni Azərbaycan xalqının milli resursuna, mənəvi dəyərlərinə qoyuruq. Azərbaycan vətəndaşının savadı bizim üçün hər şeydən üstündür! Mən bir şeyi də qeyd edim ki, ümumiyyətlə, əyləncəli şoular etmək heç vaxt ANS-in yolu olmayıb. Bizi buna məcbur etmişdilər və Milli Televiziya və Radio Şurasında da (MTRŞ) bunu gözəl bilirlər. O zaman belə tələb olunurdu… İndi vəziyyət dəyişibsə, çox gözəl, ANS yenə də ona xas olan tərzdə Azərbaycan xalqına onun layiq olduğu verilişləri təqdim edəcək. Buna böyük ehtiyac var. Xüsusilə indi, Prezident İlham Əliyevin inqilabi fəaliyyətinin cəmiyyətə aşılanması, düzgün təqdim olunması istiqamətində ANS-in çiyinlərinə tarixi yük düşür. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Dövlətin qurulmasını addım-addım izləyən, bu prosesdə yaxından iştirak edən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mücadiləni salnamələşdirən ANS, təbii ki, indi də KİV-ə nümunə göstərməyə borcludur.
– MTRŞ-nın son iclasında ANS-dəki uşaq və intellektual verilişləri tərifləyiblər. Necə olur, uşaq verilişlərini tərifləyirlər, amma bir az əvvəl elə həmin adamlar ANS-ə qarşı təhqiramiz ifadələr işlətmişdilər?
– Düz deyirsiniz, bir neçə həftə əvvəl ANS-in sifətini “pornoqrafiya” adlandıranlar bu gün deyirlər ki, uşaq verilişləriniz əladır… Mən onların səmimiyyətinə inanmıram. Çünki onlar təhqir etdikləri ANS-dən, ən azı onun qadın personalından hələ ki, üzr istəməyiblər…
Sevda Həsənova – Azadlıq.az xəbər verir ki, ans tv-nin Proqram Departamentinin rəhbəri
mənbə :
anspress