23.10.2015 / 17:41 xeber –
“Köməyim yoxdur deyə çətinlik çəkirəm. Nə yoldaşım, yəni qaynanam, nə də öz qohumlarım tərəfindən kömək edənim yoxdur. Harasa gedəndə uşaqlarımı bacıma etibar edirəm. Bir qızım var, heç kəsə etibar edə bilmərəm. Bu mənim həyat prinsipimdir, ya ata baxmalıdır, ya da bacı. Harasa gedəndə onlara qoyuram. Amma çətindir. Bu yükü üzərimə götürmüşəmsə, onu daşımalıyam. Amma mükafatım var, bunu düşünəndə bir az yüngülləşirəm”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Xuraman Şuşalı deyib.
Xanım ifaçı əsasən, qadın məclislərində iştirak etdiyini bildirib: “Həm təşkilatçılıq, həm məclisi idarə edən, həm də müğənnilik edən insanlar azdır. Məclisləri idarə edənlər var, amma müğənni kimi çıxış etmirlər. Müğənni çox önəmlidir. Mənə müraciət edəndə hər dəfə deyirəm ki, mən olmasam, başqası da olsa, müğənni olmalıdır. Mən həm idarə edirəm, həm də oxuyuram. Başqa müğənni götürmürəm. Çünki müştəri məni istəyir və pulu da mənə verir. Pulun bir qismini ona ayırıb, özüm də yalandan görünə bilmərəm. Hər işdə halallıq olmalıdır. Həm də özüm nəzarət edirəm. Adətən, bütün işçilərimiz qadınlar olur. Xüsusilə, Nardaran əhli məclisə bir dənə də olsun kişinin içəri girməsinə icazə vermir. Hətta qadın administrator da var”.
“O musiqi ki, səni Allahdan ayırmır, o haram deyil”
Xuraman Şuşalı qeyd edib ki, bəzən hicablı olduğu üçün onun sənətdən uzaqlaşmağını istəyirlər. Amma o bunun mümkünsüz olduğunu hiss edir: “İçki məclislərinə ümumiyyətlə, getmirəm. Efirlərdə həzin mahnılar oxuyuram. Məclislərdə isə oynaq mahnılar ifa edirəm. Hacı Şahinlə əlaqə saxladım. Soruşdum ki, məclislərdə oxumağa icazə varmı? Dedi ki, həzin mahnılar oxumaq olar. Bəzən oxumaq istəmirəm, amma mümkün deyil. Hərdən möminə bacılar mənə deyirlər ki, xına məclislərindən də uzaqlaş, amma bacarmaram. Mən gözümü açandan oxuyuram. Bu mənim sənətimdir, oxumaya bilmərəm. O musiqi ki, səni Allahdan ayırmır, o haram deyil. Düşünmürəm ki, mənim ifa etdiyim musiqilərdə Allahdan ayıracaq nə isə var. Onu da deyim ki, İslam dini hər şeydən təkriyyə olunmaq dini deyil. XXI əsrdə yaşayırıq. Çalışmaq lazımdır ki, hicab gözəl görünsün, insanları qorxutmasın”.
“Qızıldan tac hazırlatdırıram”
Xanım müğənni bildirib ki, onun üçün xına məclisi təşkil olunmayıb. Bu səbəbdən idarə etdiyi məclislərdə ürəkdən çıxış edir. O, həmçinin, reklam olunmamasına rəğmən, kifayət qədər müraciət olunduğunu qeyd edib: “Mənim xınam olmayıb. Amma qızıma xına etmək istəyərəm. Vaxt dar oldu deyə, oğlan evi hazırlıq görə bilmədi. Buna görə də məclislərdə çox canfəşanlıq edirəm, efirə çıxıram. Nə efirlərdə, nə də internet saytlarında reklamım getmir. Məclislərdən görüntülər də vermirəm. Çünki ev sahibləri icazə vermirlər. İcazə verəndə, dekorları paylaşıram. Hər məclisdə başqa məclislərə təkliflər alıram. Xına məclislərində gözəl görünməyə çalışıram. Yeri gəlmişkən, deyim ki, qızıldan tac hazırlatdırıram. Bir gəlin gözəl olmalıdır, bir də mən. Bəzən buna görə tənqid edirlər, amma mən gözəl görünməliyəm, mənim sənətim budur”.
mənbə :
lent.az