İçeriğe geçmek için "Enter"a basın

Baş Prokurorluqdan qalmaqallı cinayət işi açıqlaması

22-10-2015

20:23 xeber – Bakı şəhər sakini Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqı tamamlanmaq üzrədir.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilib.

Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilib. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərəçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcək.


Rasim Əliyev

Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində yerləşən “Bayıl market” mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı çoxsaylı bədən xəsarətlərinə görə bir gün sonra vəfat edib. Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.


Cavid Hüseynov

Avqustun 11-də fulbolçu Cavid Hüseynovla, onun bibisi oğlu Elşən İsmayılov və daha bir neçə nəfər həbs olunub. Məhkəmə futbolçunu “ağır cinayətin hazırlandığını bilərək bu barədə xəbər verməməkdə” ittiham edərək onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Onun vəkili mətbuata verdiyi açıqlamada futbolçunun təqsirli olmadığını bildirib.

Rasim Əliyevin son müsahibəsi

Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.

mənbə :
anspress

Baş Prokurorluqdan qalmaqallı cinayet işi açıqlaması