İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyevdən biznesi xilas edən fərman

22-10-2015

20:02 xeber – Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.

Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2011-ci il 3 mart tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı 1 ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.


Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin sədri

Nazirlər Kabineti isə normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


İlham Əliyevin Nazirlər Kabinetində keçirdiyi son iclas

İlham Əliyev bundan əvvəl isə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı tapşırıq verib. Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən qüvvəyə minir.

Eyni zamanda, prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin doqquz ayının yekunlarına həsr olunan iclasında sahibkarların qanunsuz yoxlanılması ilə bağlı sərt çıxış etmişdi.

“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”, deyə prezident bildirib.

Yerli icra orqanlarının səbəbsiz yoxlamalarına münasibət bildirən İlham Əliyev bildirib ki, sahibkarlar bu hallarla çox rastlaşır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Prezident bildirib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır.

“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır.”

İlham Əliyev yoxlamaların tənzimlənmə mexanizmi işlənməli olduğunu deyib. “Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.”

Həmçinin oxuyun:

İlham Əliyev nazirə vaxt verdi

Prezidentin iradı nazirliyi hərəkətə keçirdi

mənbə :
anspress

İlham Əliyevden biznesi xilas eden ferman