İçeriğe geçmek için "Enter"a basın

Azərbayсanın yeni gəlir mənbəyi

22-10-2015

15:50 xeber – Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsinə yaxınlaşdıqca Azərbaycan rəhbərliyi bu yeni tranzit imkanından maksimum yararlanmağa çalışır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ölkə başçısı tərəfindən yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da əsasında BTQ dayanan qərb tranzit dəhlizinə yüklərin jəlb edilməsinə dəstək verməlidir. Şuranın əsasnaməsində deyilir: “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır”.

Açıq görünür ki, Şura 2016-cı ilin ortalarında istifadəyə veriləcək BTQ-nin də daxil olduğu Avrasiya nəqliyyat dəhlizinə (TRACECA, Avropa-Qafqaz-Asiya) daha çox yük cəlbi məqsədi ilə yaradılıb.


Bakı – Tiflis – Qars dəmir yolunun xəritəsi

2014-cü ildə dəhliz vasitəsi ilə Azərbaycanda 58 milyon ton yük daşınıb ki, bunun 13 milyon tonu tranzit yüklərdir. Tranzit yüklərin 5,7 milyon tonu dəmir yolu, 3,7 milyon tonu dəniz və 3,8 milyon tonu isə avtomobillə daşınıb. Yəni hər üç nəqliyyat növünün tranzit yüklərin daşınmasında böyük rolu var və bir çox hallarda bu nəqliyyat vasitələri yüklərin daşınmasında bir-birlərini əvəzləyirlər.

Təsadüfi deyil ki, sədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev olan Koordinasiya Şurasına nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də daxildir.


Şahin Mustafayev – iqtisadiyyat və sənaye naziri

Cavid Qurbanovun açıqlamalarından belə görünür ki, BTQ işə düşdükdən sonra dəmir yolu ilə tranzit daşınan yüklər 8 milyon tona qədər arta bilər. Uyğun olaraq dəniz vasitəsi ilə daşınan yüklər də artacaq. İşə başladığı birinci ildə isə BTQ 3 milyon ton yük daşıyacaq.

BTQ ilə daşınacaq yüklərin əsas ünvanının Çin olacağı düşünülür. TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayevin fikrincə, Azərbaycan bu yüklərin önəmli hissəsini cəlb edə bilər.

“Çindən Avropaya dəniz yolu ilə ildə 10 milyona yaxın konteyner ötürülür. Okeanla konteyner ötürmək elə də asan iş deyil, tufanlar olur, piratlar var, məsafə uzundur. Əgər Çin görsə ki, quru yolu ilə yükləri rahat və sürətlə keçir, tariflər əlverişlidir, yüklərin xeyli hissəsini quru yolu ilə də göndərə bilər”,- deyə Akif Mustafayev ANS PRESS-ə bildirib.

Rusiya da Çindən dəmir yolları vasitəsi ilə Avropaya yük nəql edir, yəni bu baxımdan onun Avrasiya nəqliyyat dəhlizi üçün ciddi rəqib olacağına düşünmək olar. Amma Akif Mustafayevin sözlərinə görə, bu məsələdə heç bir rəqabət olmayacaq: “Rusiya Çin yüklərinin yalnız 3%-ni cəlb edə bilib, yəni ildə cəmi 100 min konteyner – təxminən 6 milyon ton yük ötürür. Rusiyanın imkanı yalnız buna çatır, yol çox uzundur, Sibirin şaxtaları, yolların öz texniki planları var. Yəni Çindən Avropaya ötürüləcək yük o qədərdir ki, bizə də, Rusiyaya da yetər.”


Akif Mustafayev – TRACECA-nın Azərbaycan üzrə milli katibi

Rusiya mənbələrinin yazdığına görə, 1 konteynerin Rusiyadan keçməsi təxminən 10 min dollara başa gəlir və 10 sutkaya qədər çəkir. Amma dəniz yolu ilə Çin yükləri Avropaya 20-30 günə gedir. Lakin bununla belə, Rusiyada dərc olunan “Loqistika və idarəetmə” jurnalının redaktoru, nəqliyyat eksperti Konstantin Kuznetsov Çinin Rusiya yolu ilə yük nəqlində o qədər də maraqlı olmadığını bildirir. Onun fikrincə, Rusiyada bəzi dəmir yolların birxətli olması lazımi səviyyədə yük axını əldə etməyə imkan vermir ki, bu da Peknin xoşuna gəlmir.

Azərbaycanın yeni yaranmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bu məsələlərə diqqət yetirməlidir ki, Avrasiya nəqliyyat dəhlizi Pekinin diqqətini çəkə bilsin. Əsasnaməyə görə, tariflər, unifikasiya edilmiş gömrük rüsumları, yüklərin keçid sürəti və s. məhz Şuradan asılıdır.

Bu yüklər ölkə iqtisadiyyatı üçün bu çox önəmlidir. Çin yükləri loqistika, dəmir yolu və gəmiçilikdə iş yerlərinin iki dəfəyə qədər artmasına şərait yarada bilər. Dövlət büdcəsi üçün neftdən kənar əlavə gəlir qaynağı yaranar və s. Bu, həm də Azərbaycanın regional güc mərkəzi kimi önəmini artırar. Hər halda, ölkəmiz Avropa Birliyi və Çin kimi supergüclərin önəmli tərəfdaşına çevriləcək.

Bakıdan Çinə qatarlar nə vaxt yollanacaq? (Araşdırma)

mənbə :
anspress

Azerbayсanın yeni gelir menbeyi