İçeriğe geçmek için "Enter"a basın

Bal yarmarkasında görünməmiş saxtakarlıq

22-10-2015

14:55 xeber – Bakıda keçirilən bal yarmarkasında dələduzluq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkada saxta bal aşkarlanıb. Belə ki, İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonun yarmarkaya keçirilməsi faktı aşkar edilib.

İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılmış və həmin arıçılar da yarmarkadan kənarlaşdırılmışlar.

Xatırladaq ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 10 oktyabr tarixdən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) keçirilir.

Sərgi-satış yarmarkasında respubliknın əksər rayonlarından gəlmiş arıçılar iştirak edir, xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılıb. Bildirir ki, bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilmiş, bal məhsulu olan qablar bağlanaraq möhürlənmiş və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib.


Satışa çıxarılan bal

Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılmışdır. Eləcə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılmış və yarmarkanın gedişinə daim nəzarət edilir.

Bakıda arıçılıq məhsullarının satış yarmarkasının keçirilməsi artıq ənənə halını alıb. Bir neçə ildir ki, təşkil edilən yarmarkada bal, arı südü, arı mumu kimi məhsullar satılır.


Ötən illər keçirilən yarmarkadan görüntü


Yarmarkada baldan hazırlanan məhsullar da satılır

mənbə :
anspress

Bal yarmarkasında görünmemiş saxtakarlıq