İçeriğe geçmek için "Enter"a basın

Ali Məhkəmə həbsdə olan hakimin şikayətinə baxmadı

22-10-2015


22.10.2015 / 13:38 xeber –

 

 

Ali Məhkəmədə dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevin kasasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il azadlıqdan məhrum edilib.

 

Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Sabiq hakim məhkəmə zalında həbs olunub.

 

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

 

Bakı Apelyasiya Məhkəməsinin 27 may, 2015-ci il tarixli qərarına əsasən cinayət materiallar aidiyyəti üzrə Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. İyunun 16-da Gəncə Apelyasiya Məhkəməsində sabiq hakimin vəkilləri kasasiya şikayəti verərək apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyiblər.

 

Vəkil S.Rəsulov əlavə edib ki, işə Gəncə Apelyasiya Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.

 

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.

 

Sabiq hakim nə istintaq, nə də məhkəmə prosesində ona elan olunmuş ittihamlarla razılaşıb. 

mənbə :
lent.az

Ali Mehkeme hebsde olan hakimin şikayetine baxmadı