17:27 xeber – Rusiyanın Mərkəzi Seçki Komissiyası sədri Vladimir Çurov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azrəbaycandakı seçkilərdə iştirak etməməsinə münasibət bildirib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Vladimir Çurov deyib ki, keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməməsi qanunların və normaların pozuntusudur. Vladimir Çurovun sözlərinə görə, Georq Linkin DTHB-ə gəlişi ilə bir sıra dövlətlərin bu təsisatla münasibətləri gərginləşib.
“O, bütün qanun və normaları pozaraq DTİHB missiyasının və digər nümayəndə heyətlərinin Azərbaycana səfərlərini özbaşına şəkildə ləğv edib və digər nümayəndələrin səfəinin ləğv olunmasına kömək edib”, – deyə V.Çurov çərşənbə günü Yaltada RF subyektlərinin sahə komissiyalarının sədrlərinin müşavirəsində bildirib.
Vladimir Çurov bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə ATƏT-in DTİHB-nun nümayəndələrindən başqa digər təşkilatların müşahidəçiləri iştirak edəcək.
“Azərbaycanda keçiriləcək seçkilərdə AŞPA, MDB, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri olacaq, lakin ATƏT-in missiyası iştirak etməyəcək. Bu insident bir sıra ölkələrin DTİHB ilə münasibətlərinə ciddi təsir edəcək”, – deyə Rusiya MSK sədri qeyd edib.
Vladimir Çurov – Rusiyanın Mərkəzi Seçki Komissiyası
Bir müddət əvvəl ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurduğunu” bildirmişdi.
Azərbaycan tərəfi bu imtinanı müşahidəçilərin sayının çox olması ilə əlaqələndirdi. Xarici İşlər Nazirliyindən məsələyə münasibət bildirən mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiq olduğunu deyib.
“Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. Azərbaycana 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır.”
mənbə :
anspress