İçeriğe geçmek için "Enter"a basın

Gələn il hərbi gücümüz artacaq

21-10-2015

14:58 xeber – Gələn ilin büdcə xərclərində 22,9 faiz azalma nəzərdə tutulsa da, bəzi xərclər önəmli dərəcədə artıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, artımlar Milli Məclisin son plenar iclasında təsdiq edilmiş “2016-cı ilin dövlət büdcəsi haqqında” qanunda yer alır.

Qanuna görə, 2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulur ki, bu, ümumi daxili məhsulun (ÜDM) 25,2 faizinə bərabərdir. Büdcə gəlirləri 2015-ci ilin proqnoz göstəricisindən 25,1 faiz azdır. 16 milyard 264 milyon manat nəzərdə tutulan büdcə xərcləri isə 2015-ci ilin proqnoz göstəricisindən 22,9 faiz azdır.

Amma bununla belə, gələni ilin büdcəsində mədəniyyət xərcləri 1,9 dəfə artıb. Beləliklə, gələn il büdcəsinin ən çox artan bəndi mədəniyyət xərcləridir. Gələn il mədəniyyət istiqamətində 652,7 milyon manat xərclənəcəyi proqnozlaşdırılır. 2015-ci ilin proqnozlarına görə isə uyğun göstərici 348,5 milyon manata bərabərdir. Yəni gələn il mədəniyyət xərcləri 304,2 milyon manat artacaq.

Azərbaycanın 2016-cı il üzrə nəzərdə tutduğu müdafiə xərcləri isə 59,3 milyon manat artırılıb. 2016-cı ildə bu istiqamət üzrə 1 milyard 837,8 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu, 2015-ci ilin proqnoz göstəricisi (1 milyard 778,5 milyon manat) ilə müqayisədə 3,3 faiz artıqdır.

Gələn il təhsil xərcləri də azalmayacaq və cüzi də olsa (0,1 faiz) artacaq. Bütünlükdə, 2016-cı ildə təhsil xərcləri üçün 1 milyard 713,5 milyon manat nəzərdə tutulur. Bu, cari ilin proqnoz göstəricisindən 2,3 milyon manat artıqdır.

Ümumiyyətlə, gələn ilin dövlət büdcəsi xərclərinin 36,1 faizini, yəni 5 milyard 867,9 milyon manatını sosial xərclər təşkil edəcək. Bu, 2015-ci ilin büdcə proqnozundakı uyğun göstəricidən 41,9 milyon manat və ya 0,7 faiz çoxdur.

2016-cı ilin icmal büdcəsinin xərcləri isə 19 milyard 956,5 milyon manat olacaq. İlkin variantda icmal büdcəsinin xərcləri 50 milyon manat az nəzərdə tutulurdu. Amma sonradan məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulan vəsaitlərin 50 faiz artırılması nəzərdə tutulub və beləliklə, bu istiqamətdə xərclənəcək vəsaitlər 150 milyon manata çatdırılıb. İcmal büdcənin gəlirləri isə 16 milyard 720,1 milyon manat səviyyəsində nəzərdə tutulur.

“2016-cı ilin dövlət büdcəsi haqqında” qanundan belə görünür ki, dünya iqtisadiyyatında, xüsusilə region ölkələrində müşahidə olunan böhrana baxmayaraq, Azərbaycan sadə vətəndaşların birbaşa rifahı ilə bağlı olan xərcləri azaltmayacaq. Büdcə xərclərinin azalmasına baxmayaraq, təhsil, mədəniyyət və sosial istiqamətdə xərclənən vəsaitlərin həcmində artım olacaq. Həmçinin ölkənin müdafiə qüvvəsi azalmayacaq, çünki hərbi istiqamətdə xərclənəcək vəsaitlər də artacaq.

mənbə :
anspress

Gelen il herbi gücümüz artacaq