İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan böhranla üz-üzə

21-10-2015

13:55 xeber – Bu gün Neft İxrac Edən Ölkələr Birliyinin (Organization of the Petroleum Exporting Countries – OPEC) iclası keçirilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iclasda təşkilata üzv olamyan ölkələr, o cümlədən Azərbaycan da dəvət edilib.

Lakin ölkənin energetika naziri Natiq Əliyev bu toplantıda iştirak etməyəcəyini bildirib. O, bunun səbəbini izah edərkən bildirib ki, çağırılan iclasda neft hasilatının azaldılması müzakirə olunacaq.

“Azərbaycan nefti tək özünə deyil, konsorsiuma məxsusdur. Buna görə də ölkə belə bir qərarı təkbaşına qəbul edə bilməz”, – deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

OPEC-in toplantısında neft istehsalının azaldılması müzakirə ediləcək, neft istehsalçıları bu yolla neftin 1 barrelinin qiymətini ilk mərhələdə 70, sonra isə 100 dollaradək qalxmasına nail olmaq istəyirlər.

Bununla belə neft sahəsində ixtisaslaşmış bir sıra dünya təşkilatları bunun fayda verməyəcəyini bildiriblər. Buna səbəb Səudiyyə Ərəbistanının (SƏ) indiyədək kifayət qədər neft ehtiyatı toplamasıdır. Ölkə məhz həmin ehtiyatı dünya neft bazarına çıxarmaqla neftin qiymətinin qalxmasına mənfi təsir edəcək.

Səudiyyə 2002-ci ildən etibarən neft ehtiyatı toplayır. Bu ilin avqustun sonuna olan məlumata görə, ölkənin neft ehtiyatı 326,615 milyon barreldir ki, bu da iyulun göstəricisindən 6,393 milyon barrel artıqdır.

Britaniyalı iqtisadçı Məhəmməd Ramadi qeyd edib ki, neftin toplanması SƏ-nin əsas dövlət strategiyasıdır. “Eyni zamanda neft istehsalçısı olan ölkələr neftin qiymətində endirim etmələri Səudiyyə Ərəbistanının da satdığı neftin qiymətini aşağı salmasına gətirib çıxaracaq. Beləliklə, hətta neft hasilatının azaldılması da neftin qiymətinin qalxmasına kömək etməyəcək”.

O, Çinlə Səud hakimiyyətinin neft siyasətinin oxşar olduğunu bildirsə də qeyd edib ki, Çin neft ehtiyatını öz daxili tələbatını ödəməyə sərf etdiyi vaxtda, Səud nefti sırf bazara çıxarmaq üçün toplayır.

Ölkə nefti daha münasib qiymətə təklif etdiyi üçün bir çox Avropa ölkələri məhz Səud neftinə maraq göstərir. Bu isə bir sıra neft istehsalçısı olan ölkələrə mənfi təsir göstərir. Belə vəziyyətdə bu ölkələr ya neftin qiymətini aşağı salmalı, ya da ki, bazardakı payını azaltmalı olur. Beləliklə, hər iki halda ölkələr uduzur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “kavpolit.com” saytına müsahibəsində Azərbaycanda neft hasilatından danışarkən bildirib ki, ölkədə istənilən halda neft hasilatı azalır. “2010 və 2015-ci illərdə neft çıxarılmasını müqayisə etsək görərik ki, 5 il ərzində neft hasilatı 20 faiz azalıb”.


Son 6 il ərzində Azərbaycanda neft hasilatı

Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda 51 milyon ton neft çıxarılmışdısa, bu il həmin göstəricinin 41 milyon ton olması gözlənilir. Gələn il isə hasilat daha 500 min ton azalacaq.

İlham Şaban OPEC-in fəaliyyətinin səmərəli olmamasından danışaraq bildirib ki, 10 ildir ki, təşkilat neftin qiymətinə təsir edə bilmir. “Hazırda neft bazarında 3 əsas oyunçu var – Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya. 2016-cı il bu tərəflər arasında siyasi oyunların aparılması ilə yadda qalacaq”.

“Neftin qiymətinin aşağı olması da Azərbaycan iqtisadiyyatına təsirini göstərməkdədir. Böhran artıq hiss olunur. 2014-cü ilin sonunda Rusiyanın yaşadıqlarını biz indi yaşayırıq; dükanlar bağlanır, iş yerləri ixtisar edilir”, – deyən iqtisadçı son 15 ildə Azərbaycanın belə bir vəziyyətlə qarşılaşmadığını da vurğulayıb.

O, bu vəziyyətin çıxış yollarından danışarkən qeyd edib ki, belə olan halda hakimiyyət istehsal üçün daha əlverişli şərait yaratmalıdır. “Amma bizdə əksinə, çox qəribə mənzərə yaranıb. Görünür, hakimiyyət, sadəcə neftin qiymətinin qalxmasını gözləyir”.


İlham Şaban – Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bununla belə, o, neftin qiymətinin qalxmasının da Azərbaycana kömək edə bilməyəcəyini proqnozlaşdırır. “Hətta neftin qiyməti qalxsa belə, Azərbaycanda neftin hasilatı və ixracı azalır. Eyni zamanda milli valyuta – manat dəyərini 34 faiz itirib. Bundan başqa, MDB ölkələrinə Azərbaycan məhsullarının ixracı 45 faiz azalıb. Bu, çox həyəcanlı siqnaldır”, – deyə İlham Şaban bildirib.

Sonda Neft Araşdırmaları Mərkəzinin rəhbəri ölkədə böhran baş verərsə, ondan çıxış yollarından danışıb. Onun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Fondunda 33 milyard dollar, Mərkəzi Bankda isə 7 milyard dollar valyuta ehtiyatı var. Bundan başqa, İlham Şaban dövlət borcunun artırılmasının mümkünlüyünü də xatırladıb.

İqitsadi vəziyyətin normallaşması üçün daha bir çıxış yolu isə Azərbaycanın hərbi xərclərinin azaldılmasıdır. “Fikrimcə, 2,5 il sonra Cənub Qaz Dəhlizinin hazırlıq işlərinin tamamlanması ilə əlaqədar hərbi münaqişələr olmayacaq. Bu isə rəsmi Bakının silahlanma xərclərini azaltmasına imkan yaradacaq”.

mənbə :
anspress

Azerbaycan böhranla üz-üze