İçeriğe geçmek için "Enter"a basın

Yaşar Nuri, Kamal Abdulla, Elçin Şıxlının müəllimi: “Siçovullarla bir yerdə yaşayırdım” – HƏYATIN DİBİNDƏN

21-10-2015


21.10.2015 / 13:30 xeber –

“Üzeyir bəy, Qara Qarayev sağ olsaydı, qoyardılar mən belə bir yerdə qalam?!”

Dəstəyin o başından xırıltılı səslə cavab verir.

 

– Alooo

 

– Sabahınız xeyir, Rəşid müəllim. Necəsiniz?

 

– Ləman, sənsən? Yaxşı deyiləm, qızım.

 

– Mənəm. Evdəsiniz, yoxsa xəstəxanada?

 

– Dostumun evində. Öz evim demək olar, uçub. Burda da vəziyyət elə də ürək açan deyil. Mənim evimdən bir az yaxşıdı.

 

– Nə deyirsiniz, bu gün görüşək?

 

– Niyə belə tələsirsən? Qorxursan ölərəm?

 

-…

 

– Başa düşürəm. Vəziyyətim günü gündən pisləşir. Bayırda necə hava var? Günəş çıxıb?

 

– Çıxıb, amma sərindi.

 

– Həəə. Sabahın hava proqnozu var?

 

– Yox, hələ.

 

– Görəsən, düz olacaq? Keçən dəfə günəşli dedilər, yağış yağdı.

 

– Adətən tərsinə olur.

 

– Nəyimiz düzdü ki?!

 

– Yemək yemisiniz?

 

– Yoooo. İştaham çəkmir. Ağzım quruyub. Yemək istəmirəm. Olar müsahibəni sabaha saxlayaq? Ya da sən mənə hava proqnozu çıxandan sonra zəng edərsən?

 

– Edərəm. Siz də o vaxta qədər yeməyinizi yeyin.

 

– Yaxşı.

 

 

Günortadan sonra təkrar zəng edirəm. Rəşid müəllim yatağından qalxmış, yeməyini yemiş, artıq görüş üçün hazırlaşmışdı. Görüşəcəyimiz yeri vədələşib yola çıxıram. Fotoqrafımız Fəxrəddinlə birgə.

 

 

Rəşid müəllimlə Prezident Kitabxanasının yanında görüşüb Nizami küçəsi 135 ünvanına yollanırıq. Onun mənzili 229-cu binanın birinci mərtəbəsində yerləşir. Evin çöl divarı, küçəyə baxan pəncərələri və seyf qapısı çürüyüb tökülsə də, qapının cəftəsi təzə qalmışdı.

 

Bayaqdan əlində hazır saxladığı açarı cəftəyə salıb qapını açır. Əlləri əsir 75 yaşlı qocanın. Üfunət qoxusundan evə yaxın durmaq olmur. Burnumuzu tutub bir təhər yaxınlaşırıq. İçəri keçmək mümkün deyil. Hörümçək torunu təmizləyib keçmək olardı, əgər döşəmə çürüyüb tökülmüş olmasaydı. Dəhlizin tavanına bərkidilmiş köhnə şkaf uçub nimdaş döşəməni dağıtmışdı. Üfunət qoxusu da binanın dəhlizindəki kanalizasiya axıntılarından gəlirmiş. Qapının ağzında durmaq kifayət idi ki, zirzəmidən gələn su şırıltısını eşidəsən.

 

 

Döşəmə rütubətdən çürüdüyündən içəri tək-tək giririk. Əvvəl mən, sonra fotoqraf. Əks halda, ikimiz birdən zirzəmiyə yuvarlanacaqdıq.

 

 

Mənzilin iki otağı var. Düzdür, birinə heç cür keçə bilmədik. Döşəmə çökdüyündən. Amma digərinin qapısını açıb baxdıq. Paltar şkafı və toz basmış karton qutular idi. İçi kitab-dəftərlə dolu.

 

 

Sanitariya qovşağı isə qapıdan içəri keçən kimi sağda idi. İstifadəyə yararsız. Mətbəxdən də söz açmağa dəyməz. Əgər içində köhnə qaz sobası, qabyuyan və soyuducu olmasaydı, buranın əvvəllər mətbəx olduğunu təxmin etmək çətin olardı.

 

 

 

Rəşid Şəfəq bəstəkardır. 1940-cı ildə Bakıda tarixçi ailəsində dünyaya gəlib. Əslən Goranboyun Şəfəq kəndindəndir. Təxəllüsünü də ordan götürüb.

 

 

 

Evində sonuncu dəfə bu il yanvarın 10-da olub. Artıq tavan çökmüş, döşəmə də uçmuşdu. Həmin gün o özünü o qədər pis hiss edib ki, dostuna zəng etməli olur. Dostu da təcili yardımla birgə evinə gəlir. Həkim evin və xəstənin vəziyyətinə baxıb anlayır ki, o, bu evdə qala bilməz. Dərhal xəstəxanaya getməlidir. Elə həmin gün Rəşid müəllimi təcili yardımla “Semaşko”ya aparırlar. Ona pnevmoniya diaqnozu qoyulur. Ayın sonuna qədər orada müalicə alır. Fevraldan bəri də dostu, rəssam Rauf bəygildə qalır.

 

 

Daxmasına baxıb köks ötürür: “Üzeyir bəy, ya Qara Qarayev sağ olsaydı, qoyardılar mən belə bir yerdə qalam?!”

 

 

 

“Ev” dediyimiz yerdə, iydən-qoxudan beş dəqiqədən artıq qalmaq mümkün deyil. Odur ki, Rəşid müəllimi də götürüb Bəstəkarlar ittifaqına gedirik. Yolboyu söhbət edirik.

 

 

 

Deyir, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyovla yaxın dost olub. Vaxtilə Qori seminariyasında birgə oxuyublar.

 

– Anamın işi çıxanda məni bağçaya Cavad əmi aparırdı. Bir gün əlimdən tutub məni Üzeyir bəygilə gətirdi. Qapını Məleykə xanım açdı. Tatar idi. Azərbaycanca başa düşsə də, rusca danışırdı. Üzeyir bəy gəldi, Cavad əmiylə öpüşdü, görüşdü. “Bu oğlan kimindi? Nəvəndi?”, – deyəndə Cavad əmi tutuldu. Onun iki oğlu vardı, ikisi də müharibədə həlak olmuşdular. Dedi, yox. Baldızımın oğludu. Keçdik içəri. Xeyli söhbət elədilər. Cavad əmi dedi ki, ay Üzeyir, bir bu uşağı yoxla da. Keçdik piano arxasına. Başladı notları vurmağa. O səsləri mən çıxartdım. Gördü musiqi qabiliyyətim var. Sonra pianonun taxtasına əlini vuraraq müxtəlif ritmlər çıxartdı. Mən də ritmləri ağzımla təkrar elədim. Sonra dedi, nə oxuya bilirsən, oğlan? Beş yaşım vardı. “R” hərfini deyə bilmirdim. Dedim, “Ayşın mal alanı”. Soruşdu, neçə yaşın var, oğlan? Dedim, payızda beş olacaq. Dedi, Cavad bəy, yaxşıdı. Amma bir az gözləyək, çox balacadı. Oradan çıxanda, əmim məni bulvara gətirdi. Hökumət evinin qarşısında “salyut” vardı. Soruşdum, nədi? Dedi, Qələbə günüdü. Biz alman faşizminin üzərində qalib gəlmişik. Ondan yadımda qalıb. 1945-ci il, mayın doqquzu idi.

 

 

 

İki il sonra o, indiki Bülbül adına Musiqi Məktəbinin birinci sinfinə  gedir.

 

 

– Orda biz həm məktəb dərslərimizi keçir, həm də musiqi təhsili alırdıq. Evdə pianinom yox idi. Violonçelim vardı. Hökumət vermişdi. Onun da üç simi vardı. Dördüncü sınmışdi. Beşinci sinfə keçəndə, nəhayət piano qismət oldu. Həmin piano hələ də durur. “Karobka”lar olan otaqda bir küncdəydi. Toz-torpaqdan görünmür.

 

 

 

Çatırıq Bəstəkarlar İttifaqına. Evdəki rütubət onun ciyərlərinə də çöküb. Tez-tez əlini sinəsinə qoyub öskürür.

 

 

1958-ci ildə məktəbi bitirib Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olur. Orada o, Qara Qarayevin sinfində təhsil alır. 60-cı ildə konservatoriyadan məzun olur. Rəşid Şəfəq 20-dən çox uşaq operası (“Səfeh siçan balası”, “Ağıllı siçan balası”, “Tülkü həccə gedir, “Tülkü, Tülkü, Tünbəki…”, “Bayquşların söhbəti”, H. Cavidin “Ana” və s.), 30-a yaxın operettaların (“Baş tutmayan hiylə”, Azərbaycan xalq nağılı əsasında “Cırtdan”, “Azərbaycan avazları”, “Ana torpaq – Qarabağ” mahnılar silsiləsi”, “Məktəblinin musiqi aləmi” uşaq ensiklopediyası), Uşaq müziklların, kamera-instrumental və vokal-xor əsərlərin, 4 kitabın (“Göyərçinik biz!”, “Pioner və məktəbli mahnıları”, “Məktəblinin musiqi aləmi” uşaq ensiklopediyası, “Uşaq mahnıları” antologiyası) müəllifidir. 2006-ci ildən əməkdar incəsənət xadimidir. Hazırda “Fitnə” əsərinin üzərində işləyir.

 

 

 

 

 

 

 

Bayırda hava günəşli olsa da, Rəşid müəllimin səhhətinə görə, isti otağa keçirik. Otaqda pianonu görüncə gözünə işıq gəlir elə bil. Deyir, tam bir il olar barmaqları piano klavişlərinə dəymirmiş. Səliqəylə pianonun qapağını qaldırır. Klavişlərin üstündəki qırmızı örtüyü götürüb, barmaqlarını dillərin üzərində oynadır. Müəllifi olduğu “Sən evdə olmayanda” əsərini ifa edir.

 

 

Sonuncu notu vurduqdan sonra əlavə eləyir. Ardınca, yenə öskürək tutur. Üstəlik də şəkər xəstəsidir. İnsulun qəbul edir. Bu günsə, qəbul etmədiyindən, deyir, dili ağzına yapışır. Buna baxmayaraq söhbəti yarımçıq qoymur. Elə bu vəziyyətdə davam edirik.

 

 

 

Və tələbələrinin adlarını bir-bir sadalayır. Çoxunun adı tanışdı..

 

 

– Rəhmətlik Yaşar Nuri, opera solisti İnarə Babayeva, Kamal Abdulla, İlqar Əlfi, Elçin Şıxlı. Hamı İsmayıl qağa deyirdi, mən də elə deyirdim. Bir gün İsmayıl qağayla rastlaşdıq. Dedim, xəbəriniz var Elçinin necə səsi var? İtaliyada məşhur uşaq var. 10 yaşında. Elə zildə oxuyur ki… Elçin də onun kimi ola bilər. Dedi, Rəşid, yox, yox, yox. Mən uşağımı artist edə bilmərəm. İlyas Tapdıqın qızı Şəbnəm mənim sinfimdə oxuyurdu. Uşaq filarmoniyasında. Xan əminin oğlu da mənim sinfimdə idi. Onun da yaxşı səsi vardı. İntəhası, gur deyildi. Bir gün Xan əmi gəlib oturur məktəbin həyətində. Çıxanda görüşdük. Dedim, Xan əmi, Zümrüdün səsi sizin səsinizdən də zildi. Əlini sinəsinə vurub dedi, mənim övladımdı da. Elə böyük qızları Bəyimxanımın da səsi yaxşı idi. Zümrüd konservatoriyanı da bitirdi. Ailə qurandan sonra oxumadı. Opera ifaçısı idi. İndi Bülbül adına Musiqi Məktəbində vokal dərsi deyir.

 

 

 

Danışır-danışır, söhbət dolanıb yenə evə gəlir.

 

 

– Bütün arxivim o evdədi e, qızım. Qutularda. Əlyazmalarım. Sərvət yatır orda. Və mən götürə bilmirəm.

 

 

– O evdə tək yaşayırdınız?

 

 

– Mənim öz evim Nizami küçəsində, Opera və Balet Teatrına bitişik idi. 86-cı ildə ermənilər teatrı ikinci dəfə yandırmaq istəyəndə mənim evimin damına od vurublar. Od teatra sıçramamış söndürüldü, amma mənim evim yanıb külə döndü. Hökumət təmir etdirəcəkdi. Lakin vəziyyət elə gətirdi ki, sovetlər dağıldı. Ailəmlə on il orda-burda yaşadım. İki qızım var. Onda balaca idilər. Nə qədər qapılarda qalmaq olar? Axırda bacımın köməkliyi ilə Nizami küçəsindəki yanmış evimi su qiymətinə satdım və bayaq gördüyünüz evi aldım. O vaxtdan da evin vəziyyəti yaxşı deyildi. Amma nə etmək olar? Yaşamalıydıq. Gördüyünüz o qutuları köçəndə necə qablamışıqsa, eləcə də qalıb.

 

 

 

– Bəstəkarlar İttifaqından sizə ev verilməyib?

 

 

– Hamısını özlərinə götürürlər. Firəngiz iki dəfə ev alıb. Eləsi var dörd dəfə alıb. Azı bir dəfə alanlar da çoxdu. Mənə vermirlər. Küçələrdə qalmışam. Cəmi üç yüz manat pensiya alıram. Bu pulla nə edə bilərəm? Bilmirəm, dərman alım özümə, ya yemək? Böyük qızım ailə qurub. İki nəvəm var. Kişik qızım tələbədir. Anasıyla qalır. Yoldaşım da bacısının evində qalır. Bir otaqlı evdi. Baldızımın öz ailəsi, üstəlik də bizimkilər. Mən necə gedim ora? Siçovullarla bir yerdə yaşayırdım. Dəfələrlə tələ qoyub öldürmüşəm. Xəstəlik mənbəyidir o ev. Xəstələnib çıxdığımdı o evdən. O gün dostum gəlib tapmasaydı, öləcəkdim burda.

 

 

Bayırda qaranlıq çökür. Yavaş-yavaş hazırlaşıram.

 

 

– İşə qayıdacaqsan?

 

 

– Yox, daha gecdi. Evə.

 

 

“Evə” sözümü bir neçə dəfə dodağının altında pıçıldadı.

 

– İndi o evə də qayıdılası deyil. Məcbur dostumgildə qalıram. Amma artıq orda da qala bilmərəm. Utanıram. Nə qədər olar? Bir gün deyil, beş gün deyil. Doqquz aydı qapılardayam. Bir evim olaydı…

 

mənbə :
lent.az

Yaşar Nuri, Kamal Abdulla, Elçin Şıxlının müellimi: “Siçovullarla bir yerde yaşayırdım” – HƏYATIN DİBİNDƏN