İçeriğe geçmek için "Enter"a basın

Çörəkverən "Karlo", 35 min ton narıngi və...

21-10-2015


21.10.2015 / 12:17 xeber –

Lənkəran-Astara zonasına əbəs yerə subtropik diyarı demirlər. Bu torpaqda min bir zəhmət hesabına becərilib ərsəyə gətirilmiş limon, feyxoa, naringi, portağal bağları Azərbaycanın kənd təsərrüfatında unikal sahə olan sitrusçuluğun əsasını təşkil edir.

90-cı illərə qədər Lənkəran, Astara və Masallı rayonlarında sitrusçuluq şəxsi təsərrüfatlarla yanaşı, ictimai təsərrüfatlarda da yüksək templə inkişaf edib. Həmin dövrlərdə Lənkəran və  Astara rayonlarında ixtisaslaşdırılmış sitrus sovxozları fəaliyyət göstərib. Elə ailələr olub ki, bir mövsüm ərzində yetişdirdikləri məhsulun pulu ilə iki “Jiquli” avtomobili alıb. Ən başlıcası, sitrusçuluğun inkişafı üçün münasib şərait mövcud olub, məhsulun yığımından tutmuş satışına qədər bütün məsələlər yerindəcə həllini tapıb.

Bu gün isə ictimai təsərrüfatlardan əsər-əlamət qalmayıb. Bölgədə sitrusçuluq əsasən fərdi qaydada inkişaf etdirilir.

Astaranın dağlıq yaşayış məntəqələrinin əhalisinin də əsas məşğuliyyətini sitrusçuluq təşkil edir. Rayonun Ojakəran kənd sakinləri bir neçə gündür ki, naringi yığımına başlayıblar. Uzun illər sitrusçuluqla məşğul olan kənd sakini Seyidağa Məlikov 50 sot torpaq sahəsində naringinin iki növünü yetişdirib. Hazırda tədarük etdiyi naringi “Karlo” deyilən nazik qabıq və tez yetişən növə aiddir. Seyidağa kişinin sözlərinə görə, bu ilki məhsuldarlıq ötən ilkindən nəzərə çarpacaq dərəcədə yüksəkdir: ”Biz əsasən iki növ naringi yetişdirirk – nazik qabıq, bir də qalın qabıq. Nazik qabıq naringinin indi yetişən vaxtıdır. Məhsulumuz boldur, bu il ağaclar yaxşı bar verib”.

Sitrusçular məhsul bolluğunu havaların əlverişli keçməsi və ağaclara düzgün aqrotexniki qulluğun göstərilməsi ilə əlaqələndirirlər. Onların qənaətincə, ötən illə müqayisədə  naringinin məhsuldarlığı 30-40 faiz  artıq olacaq.

Kəndin digər bir sakini Təhmasib Məlikov deyir ki, 8 tona yaxın məhsul gözləyirik. Orta hesabla hər ağacın 20-25 kq məhsul verəcəyini düşünürük.

Qeyd edək ki, məhsul bolluğu sitrusçuları sevindirsə də, qiymətin aşağı olması və getdikcə daha da düşə bilmək ehtimalı onların ciddi narahat edir. Sitrusçuların sözlərinə görə, ötən ilin bu vaxtlarında naringinin bir kiloqramını  onlar elə qapılarında 1 manat 50 qəpiyə, 2 manata satıblar.  Hazırda isə naringinin bir kiloqramını 80 qəpik, 1 manat civarında satmaq müşkül məsələyə çevrilib. Fermerlər qiymətin bu cür enməsini bir neçə amillə bağlayırlar. Birinci amil sitrus məhsullarının əsas satış bazarı sayılan Rusiya Federasiyasına naringini aparmağın çətinliyi, ikinci amil paytaxt Bakıya rayon maşınlarının buraxılmamsı, nəticədə tədarük edilmiş məhsulun bazara yol tapa bilməməsi, sonuncu üçüncü amil isə qonşu respublikalardan ölkəmizə sitrus məhsullarının gətirilməsi göstərilir.

Sutrusçu Təhmasib Məlikovun sözlərinə görə, qiymətlər yenə də düşə bilər: ”Əgər respublikamıza xaricdən məhsul gətirilməsə, biz yaxşı qiymətə öz məhsulumuzu sata bilərik. Məhz xarici məhsullara görə bizim yerli, ekoloji cəhətdən təmiz və təhlükəsiz məhsullarınızın qiymətləri 10-20 qəpik aşağı düşür. Respublikamıza daha çox Gürcüstandan, Türkiyədən, İrandan sitrus meyvələri idxal olunur. Xarici məhsullar gətirilməsə daha yaxşı olar. Bizim öz məhsulumuz daxili bazarımızı tam təmin edə bilər”.

Qeyd edək ki, cənub bölgəsində sitrusçuluğun problemləri təkcə onun realizə olunması ilə qurtarmır. Sitrus və subtropik bitkilərin əkinlərinin qorunması, yüksək aqrotexniki tələblər əsasında becərilməsi dövlət səviyyəsində  həll olunmalıdır.

Onu da deyək ki, Astara rayonunda bir çox ailələr sitrus meyvələrindən mürəbbə, cem, kompot və s. Hazırlayır. Lakin yetişdirilmiş məhsulun hamısını bu yolla, yəni kustar üsulu ilə emal etmək qeyri-mümkündür. Buna maddi imkan və maliyyə vəsaiti lazımdır. Əgər Astarada emal müəssisəsi açılsa, bu işləri qaydasına salmaq mümkün olacaq. Yaxud, rayonda fəaliyyət göstərən müxtəlif istiqamətli təşkilatlar tədarük-emal-satış işlərini boyunlarına götürüb əməkçilərin yetişdirdikləri məhsulu onların qapısındaca təhvil alıb, pulunu da yerində ödəsələr, hamı bundan razı qalar. Nəticədə on tonlarla, bəlkə də yüz tonlarla məhsulun zay olunmasının qarşısı alınar, bağlarımızın nemətləri daxili bazara çıxarılmaqla, həm də xarici ölkə bazarlarına yol tapacaq.  Bu isə respublikamıza valyuta qazandırar, adamlarda sitrusçuluğun inkişafına marağın çoxalmasına səbəb olar.

Qeyd edək ki, ötən il Astara rayonunun naringi bağlarından 24 min tondan artıq məhsul tədarük olunub. Bu il isə bu rəqəmin 35 min tonu keçəcəyi proqnozlaşdırılır.

mənbə :
lent.az

Çörekveren Karlo, 35 min ton narıngi ve…