İçeriğe geçmek için "Enter"a basın

Sovet futbolunun canlı əfsanəsi: Samədağa Şıxlarov, "Neftçinin 4 qolu və Quran qadağası

21-10-2015


21.10.2015 / 11:35 xeber –

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində “Rəvan” Moskva “Spartak”ı ilə qarşılaşacaq. Dünən Bakıya təşrif buyuran rusiyalı qonaqlar arasında SSRİ yığmasının və “Spartak”ın sabiq qapıçısı, əfsanəvi Rinat Dasayev də var. 1988-ci ildə Avropa vitse-çempionu olan, həmin il dünyanın ən yaxşı qapıçısı seçilən, 3 dəfə dünya çempionatının final mərhələsində iştirak edən Dasayev apasport.az saytının suallarını cavablandırıb. Müsahibə verməkdə tərəddüd edən Dasayev veteran futbolçu, dostluq etdiyi Vəli Qasımovun “bu, bizim təcrübəli jurnalistlərimizdi”, deməsindən sonra qısa söhbətə razılıq verdi.

 

 

“Mundialda oynayanlar heç vaxt bunu unutmayacaq”

 

 

– Uzun fasilədən sonra yenidən Bakıya gəlmisiz. Şəhərimiz haqda ilk təəssüratlarınız necədi?

– Həqiqətən də çoxdandı Bakıda olmurdum. Açığı, gördüklərim məni yaxşı mənada şoka saldı. Şəhər tam dəyişib. Bakı Avropa şəhərinə bənzəyir. Bir sözlə, təəssüratlarım böyükdü. Lakin hələ şəhəri gəzməmişəm.

 

– Bakıya son səfərinizi xatırlayırsızmı?

– 1988-ci il idi. Həmin vaxt “Neftçi” güclülər dəstəsində çıxış edirdi.

 

– Belə çıxır ki, müstəqillik dönəmində ölkəmizə olmamısız. Hərçənd, sovet futbolunun veteranların iştirakı ilə dəfələrlə yoldaşlıq oyunları keçirilib…

– Müstəqillik illərində Bakıda olmamışam. Buna vaxtım olmayıb.

 

– Karyeranızın əvvəlinə qayıdaq, 1982-ci ildə İspaniyadakı dünya çempionatında parlayan Rinat Dasayev həmin mundialı necə xatırlayır? Şotlandiya ilə oyunda hətta sizə şüşə qab da atmışdılar…

– Dünya çempionatları həmişə birinci, ən yüksək yeri tutur. Çünki bura dünyanın bütün ulduz futbolçuları və ulduz komandaları qatılır. Onlara qarşı oynamaq xoşdu. Ümumiyyətlə, qatıldığım hər 3 çempionat yadımdan çıxmaz. Onlarla bağlı təəssüratlarım böyükdü. Məncə, mundialda oynayanlar heç vaxt bunu unutmayacaq.

 

“Hakimlər öz sözünü dedi”

 

– İspaniyada keçirilən dünya çempionatında debütünüz Braziliya yığmasına qarşı idi…

– 1:2 hesabı ilə uduzsaq da, bu, hakimin sayəsində gerçəkləşdi. Qolumuzu saymadı, penaltini vermədi. Biz həmin qarşılaşmada uduzmaya da bilərdik.

 

– Braziliya həmin çempionatın favoritləndən idi…

– Bəli, onlar həqiqətən möhtəşəm heyətə sahib idilər. Amma uduzmamağımız da mümkün idi.

 

– Növbəti mərhələnin Polşa ilə oyununda qələbə qazana bilməməyiniz müzakirə olunur. Hətta Andrey Bal sizə qalib gəlməyə imkan verilmədiyini deyib. Bu fikirlə razısız?

– Niyə imkan vermədilər ki?! Biz özümüz qələbə imkanlarını qaçırdıq. Çox olmasa da, 2-3 qol şansımız oldu. Onlardan birini vursaydıq, yarımfinala çıxırdıq. İtaliya ilə oyunun necə olacağını isə demək çətindi. Bütün söz-söhbətlər də qurtaracaqdı. Burada Valeri Lobanovski ilə Konstantin Beskovun hansı heyəti buraxmaqla bağlı mübahisəsinin rolu oldu. Deməzdim ki, düzgün olmayan heyətlə oynadıq. Amma oyunumuz nəsə alınmadı.

 

 

– 1988-ci ildə dünyanın ən yaxşı qapıçısı seçilməyinizi gözləyirdiniz? Bu, hər adama nəsib olmur…

– Yaxşı oynadığımı bilirdim. Amma bunu gözləmirdim. Mənə bu haqda deyəndə çox sevindim. Kiyev “Dinamo”su ilə oyundan əvvəl xaricdən qonaqlar gəldi və məni mükafatla təltif etdilər.

 

– 1986-cı ildəki dünya çempionatında SSRİ  yığmasından uğurlu nəticə gözləsələr də, Belçika ilə oyunda uduzdu. Mübahisəli qollarla uduzduğunuz matçda nə baş verdi?

– Yenə hakimlər öz sözünü dedi. İspaniyalı yan xətt hakimi bayrağı qaldırıb, sonra endirdi. Bizim bəxtimiz gətirmədi. Xoşbəxtlik tərəfimizdə deyildi. Təsadüf belçikalıların qələbəsinə səbəb oldu.

 

“Dasayev van Bastendən qol buraxdığı üçün ən yaxşı qapıçı seçildi”

 

– AVRO-1988-də hollandiyalı Marko van Bastenin sizə vurduğu məşhur qolu tez-tez xatırlayırsız?

– Heç bilmirəm, onu xatırlayım ya yox. O, həmin nöqtədən “çərçivə”yə düşdü. Belə deyərdim ki, van Basten vurdu, ən yaxşı futbolçu seçildi. Dasayev van Bastendən qol buraxdığı üçün ən yaxşı qapıçı seçildi. Onu da xatırlayırlar, məni də.

 

– Yeri gəlmişkən, həmin matçda Belanov da penaltini qaçırdı…

– Bəli, elədi.

 

– Bakıya 27 ildi gəlmədiyinizi dediz. Amma vaxtilə ölkəmizə çox gəlmisiz. Ən yaddaqalan səfəriniz hansı olub?

– İlini xatırlamıram. Amma 2:1 hesabı ilə qalib gəldik. Komandanızın – “Neftçi”nin yeganə qolunu İqor Ponomaryov penaltidən vurdu. Həmin vaxt penaltini qaytarmağa çox yaxın idim. Topa toxunmağa azacıq qaldı.

 

 

– 1983-cü ildə 3:4 hesabı ildə uduzduğunuz matçı xatırlayırsız? “Neftçi” Dasayevə 4 qol vurmuşdu!

– Təbii ki, xatırlayıram. Amma deyəsən, 1983-cü il deyildi. Səmədağa Şıxlarov vurmuşdu həlledici qolu.

 

– Azərbaycan futbolunun indiki durumundan xəbəriniz varmı? İki klubumuz Avropa Liqasının qrupunda oynayır. Bu turniri izləyirsizmi?

– Əlbəttə, avrokubokları izləyirəm. Azərbaycanlı futbolçular heç də ümidlərimi tam doğrultmur. Baxırsan ki, texnikalı, ustalıq səviyyəsi yüksək futbolçularınız var. Amma onlarda nəsə çatmır. Bəlkə taktika, bəlkə, mütəşəkkil oyun nümayiş etdirmirlər, bəlkə də hələ gəncdirlər. Avropada oynamaq üçün müdafiə olunmağı da bacarmaq lazımdı. Ola bilər ki, zəif oynayıb 1:0 hesabı ilə qalib gələsən. Ola bilər yaxşı oynayıb, uduzasan.

 

“Ponomaryov çox təhlükəli idi”

 

– Ötən ay “Qəbələ” Avropa Liqasında Rusiya “Krasnodar”ı ilə görüşdü. Bu matç haqda nə deyə bilərsiz?

– Qarşılaşmanı izləmədiyimdən nəsə deyə bilmərəm.

 

– Azərbaycanlı futbolçularından kimisə tanıyırsız?

– İndikilərdən? Heç birini tanımıram.

 

– Bəs zəmanənizin oyunçularından? Məsələn, sizin kimi qapıçılardan…

– Əlbəttə ki, Sergey Kramarenko. Onu tanımayan var idi?! Futbolçulardan isə İqor Ponomaryovla Maşallah Əhmədovu xüsusi qeyd edərdim. Ümumiyyətlə, yaxşı futbolçularınız olub. Bakıya gəlib qələbə qazanmaq asan olmurdu. Bunun üçün çox güc sərf etməli idin.

 

– Bizim oyunçulardan qapıçı Dasayev üçün ən təhlükəli hücumçumuz kim olub?

– Ponomaryov çox təhlükəli idi. Düzdü, hücumçu deyildi, onların arxasında oynayırdı. Amma meydanda hər şeyi etməyi bacarırdı. Həm ötürmə verməyi, həm qol vurmağı.

 

– Ponomaryov həm də penaltilərin mahir ifaçısı kimi ad çıxarıb. Qapıçı kimi bunun sirrini nədə görürsüz?

– O, zərbə zamanı bir anlıq pauza götürürdü. Topa yaxınlaşıb, ani fasilə verirdi. Belə vəziyyətdə qapıçı da müəyyən reaksiya verirdi. Ponomaryov isə topu əks istiqamətə vururdu. İndi artıq bunu qadağan ediblər.

 

– Klublarımızı izləmədiyinizi dediz. Amma son illərdə Azərbaycan və Rusiya yığmaları da bir neçə dəfə qarşılaşıb. Bu görüşlərə baxmısız?

– Yox, həmin oyunlara baxmamışam.

 

 

“İlk oyunun 4:0 hesabı ilə nəticələnməsinin nə fərqi var ki?”

 

– “Spartak” UEFA Gənclər Liqasının ilk oyununda “Rəvan”a 4:0 hesabı ilə qalib gəlib. Qalib gələn komandanız Bakıdakı cavab oyununa köklənə bilibmi?

– Qarşımıza hər matçda qalib gəlmək vəzifəsi qoyulub. İlk oyunun 4:0 hesabı ilə nəticələnməsinin nə fərqi var ki? Lap 5:0, 6:0 olsaydı da biz qələbəyə köklənəcəkdik.

 

– İlk oyundakı hesabı ədalətli saymaq olar?

– Düşünürəm ki, tablodakı nəticə qüvvələrin nisbətini əks etdirirdi.

 

– Hətta baxmayaraq ki, ilk yarıdan sonra qapılara qol vurulmamışdı?

– “Spartak” böyük ərazi üstünlüyünə malik idi. Çoxsaylı qol epizodları yaratdıq. Zənnimcə, təmsilçiniz fasilədən sonra yoruldu. Bizim uşaqlar da bundan maksimum yararlandılar.

 

– Komandanızın məskunlaşdığı otelə gələndə Azərbaycan futbolunun tanınmış siması Vəli Qasımovu da yanınızda gördük. Onunla tanışlığınız SSRİ dövründən yaranıb, yoxsa hər ikinizin çıxış etdiyi İspaniyada?

– Biz İspaniyada dostlaşmışıq. Karyeramı “Sevilya”da bitirəndə, o şəhərin digər klubuna keçmişdi. Mən də onlara bəzi işlərdə kömək edirdim.

 

“Vəli İspaniyaya gələndə…”

 

– Qasımovun “Betis”, sizin “Sevilya”da çıxış etdiyiniz vaxtlar üst-üstə düşmədiyindən Sevilya şəhərinin derbisində üz-üzə gəlməyiniz də mümkün olmayıb?

– Vəli İspaniyaya gələndə mən karyeramı bitirmişdim.

 

– Qasımovdan başqa digər azərbaycanlı futbolçularla əlaqə saxlayırsızmı?

– Hələlik ancaq Vəli ilə.

 

– Onun Rusiya karyerası  sizin uzun illər oynadığınız “Spartak”da başlasa da alınmayıb. Sonradan “Dinamo”da parlayan hücumçuya “Spartak”da nə çatmadı?

– Yanımızda oturub, elə özündən soruşun.

 

 

– Amma bir “spartakçı” kimi, siz də nəsə deyə bilərsiz…

– Həmin vaxt “Spartak”da deyildim. Bu üzdən heç nə deyə bilmərəm.

 

– Daim üstünüzdə Quran gəzdirdiyiniz deyilir…

– Bəli. İndi də üstümdədi. Boynumdan asmışam.

 

“Mənə “Quran”ı qadağan etsələr də…”

 

– SSRİ vaxtı belə məsələlər qadağan idi…

– Mənə “Quran”ı qadağan etsələr də, öz inandığıma inanırdım. Bunu da gizlətmirdim. Öz işimi görürdüm.

 

– Sizin akademiyanız da var idi…

– Artıq yoxdu. Bağlanıb.

 

– Həmin akademiyanın yetirməsi Murad Ağayev milliləşərək yığmamıza cəlb olunub. Hazırda da ölkəmizdə çıxış edir. Onu xatırlayırsız?

– Bilirəm, tanıyıram. Çox yaxşı futbolçudu. İstedadlı, texnikalı futbolçudu. Həm də ağıllı oyunu ilə seçilir. Əvvəl əsas milliyə də çağırıldığını bilirəm. Amma indi harda olduğundan xəbərim yoxdu. Karyerasını erkən bitirməyib ki?

 

– O, hazırda “Sumqayıt”dadı. Sizin Bakı planlarınız necədi? Oyundan sonra Moskvaya qayıdırsız?

– Sabah oyundu. Sonra qalıb istirahət edəcəyik. Moskvaya ertəsi gün dönürük.

 

– Şəhəri gəzməyə vaxtınız olacaq?

– Vəli ilə çıxıb, gəzəcəyik. Sabah yenə onunla görüşməliyik.

 

– Digər veteran futbolçulardan kiminləsə görüşmək planınız var?

– İqor Ponomaryov, İsgəndər Cavadov, kim olsa, görüşməyə hazıram. Niyə də görüşməyim?! Amma hələlik bununla bağlı konkret planım yoxdu.

mənbə :
lent.az

Sovet futbolunun canlı efsanesi: Samedağa Şıxlarov,Neftçinin 4 qolu ve Quran qadağası