21.10.2015 / 11:31 xeber –
“Asif, Vasif, Ağasif” filminin Asifi: “Orda balıqlara görə ağlamışdım, uşaqlar mənə güldülər”
32 il bundan qabaq çəkilsə də, bu gün də hər kəsin sevərək izlədiyi “Asif, Vasif, Ağasif” filminin qəhrəmanlarından biri, Asif rolunun ifaçısı Emil Pənahovun Aile.lent.az-a müsahibəsini təqdim edirik.
– Emil, hazırda nə işlə məşğulsunuz?
– Rəqs müəllimiyəm. Uzun illərdir bu işlə məşğulam. Son iki ildə isə uşaqlara peşəkar rəqsin sirlərini öyrədirəm. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Çingiz Mustafayev adına yaradıcılıq mərkəzi və Mərkəzi Mədəniyyət Evində çalışıram. Sonuncuda həm də rəqs kafedrasının müdiriyəm.
– Uşaqların rəqsə marağı necədir?
– Mən rəqsə 90-cı illərdə başlamışam. Həmin vaxtlarda rəqs unudulmuşdu. Sovetlərdən yenicə ayrılmışdıq, ölkədə vəziyyət pis idi, heç kim rəqs hayında deyildi. Adama deyərdilər ki, “millət qırılır, sən rəqsə gedirsən?”. Lakin mən bu sənəti çox sevdim. Azərbaycan mədəniyyəti, eləcə də rəqsi elə bir vəziyyətə düşmüşdü ki, kimsə onu qaldırmalıydı. O vaxt bunu anlayanlar indi övladlarını rəqsə gətirirlər. Hətta deyirlər ki, “mən rəqsə getməmişəm, heç olmasa, uşağım yaxşı rəqs etsin”.
– Sizin rəqsə gəlişiniz necə oldu?
– Xalq artisti Cəmilə Bayramova mənim xalamdır. Gözümüzü açandan onu televiziyada, xarici ölkələrdə görmüşük. O, bizim ailənin örnəyi olub. Xalamın qızı rəqslə məşğul olurdu, onu xoreoqrafiya məktəbinə imtahana aparanda xalam anama deyib ki, məni də aparsınlar, xalaoğlu-xalaqızı rəqsə gedək. Mənimsə o vaxtadək rəqsdən anlayışım yox idi. İkimiz də imtahana gəldik və qəbul olunduq. Xoreoqrafiya məktəbini əlaçı olaraq bitirdim. Sonra Dövlət Rəqs Ansamblında rəqsi davam etdirdim və həyatımı rəqsə bağladım.
– Demədilər ki, “kişi hara, rəqs hara?”
– Dedilər (gülür). Xüsusən də atam. O, idmançıdır, mənim də idmançı olmağımı istəyirdi. Gözümü açandan idman zallarında böyümüşəm. Mən rəqsə getməyə başlayanda buna həvəs kimi baxdılar, atam dedi ki, “eybi yox, bir neçə ay rəqsə getsin, toylarda yaxşı rəqs etsin”. Sonra gördü ki, yox, mən rəqslə ciddi məşğul oluram. Çox əsəbləşmişdi. İstəmirdi mən rəqsi davam etdirim. Amma sağ olsun, dözdü mənə.
– Uşaqlıqda çəkildiyiniz bircə filmlə yadda qalmısınız. Bu fakt sizi daha çox təəsüfləndirir, yoxsa sevindirir?
– Əslində sevindirir. Bir film mənə həyatım boyu bəs edər. Sevinirəm ki, uşaqlıqda belə bir filmə çəkildim və film indiyədək məşhurdur. Bu, hər kəsə nəsib olmur. Uşaqlıq şəkillərimə baxanda, film hər dəfə nümayiş olunanda çox sevinirəm. “Asif, Vasif, Ağasif” qızımın ən sevdiyi filmdir. Gülür, deyir ki, atam da balaca olub. Yəqin ki, həyatım boyu mənim adımın yanında bu filmin də adı çəkiləcək. Hər zaman eşidirəm deyirlər ki, “Emil yaxşı rəqs müəllimidir, həm də filan filmdə çəkilib”. Amma hələ ətrafımda olanlardan çoxu bilmir ki, həmin filmdəki uşaqlardan biri mənəm. Çalışmışam ki, bunu reklam etməyim.
– Bəs uşaqlıqda məşhurluğunuzdan istifadə edirdiniz?
– Heç vaxt. Filmdə balıqlara görə ağlamışdım. Bir neçə dəfə uşaqlar məni lağa qoydular, ondan sonra heç kimə demədim ki, mən o filmə çəkilmişəm. Çünki ağlayan oğlanlardan deyildim (gülür).
– Hər kəsə ilk filmi ilə məşhur olmaq nəsib deyil. Siz bu fürsətdən istifadə edib aktyorluğunuzu davam etdirə bilərdiniz…
– O vaxtdan sonra Azərbaycanda filmlər çəkilmədi. 90-cı illərdə film çəkilişləri dayandırılmışdı, aktyorluq sənəti unudulmuşdu. Əslində aktyor olmaq istəyirdim. Elə buna görə də həyatımı incəsənətə bağladım. Yaradıcılıqdan zövq alırdım, məni özünə çəkirdi. Amma olmadı, aktyorluğumu davam etdirə bilmədim. Sonra bir neçə dəfə dəvət etdilər, qısametrajlı filmlərə, “Mozalan” kinojurnalına çəkildim. Hətta baş rola çəkildiyim də oldu. Lakin arxivlərdə qaldı, efir üzü görmədi. Bir neçə sınaq çəkilişlərində oldum, rejissorlar məni bir neçə dəfə axtardılar, lakin kinodan uzaqlaşdım. Çünki Bakı Xoreoqrafiya məktəbinə daxil oldum, əlavə işlərə vaxtım qalmırdı. Buna görə də dəvətlərdən imtina etməyə başladım. Səhərdən axşamadək rəqslə məşğul olurdum. Aktyor olmaq şansımdan istifadə edə bilmədim.
– İndi dəvət olsa, çəkilərsiniz?
– Bilmirəm. Bacararammı?…
– Əgər bacarsanız, necə bir filmə çəkilmək istərdiniz?
– Yenə də uşaq filminə çəkilərdim. Çünki uşaq filmləri demək olar ki, yoxdur. Mənim də evimdə uşaq böyüyür, 4-5 yaşı var. Onun baxması üçün televiziyanın hansı kanalına çevirəcəyimi bilmirəm. Sovet vaxtında mülayim filmlər çəkilirdi. İndi isə hətta uşağın cizgi filmlərinə baxmasından belə qorxuram. Hamısı qorxulu və vəhşilikdən bəhs edir. O vaxtki filmlər isə mehribanlıq, dostluq, sədaqət, yaxınlıq əxz edirdi. İstərdim ki, bu mövzuda filmlər çəkilsin, uşaq yaradıcılıq mərkəzləri açılsın. Rejissorlarımız komediyalardan, dedi-qodulardan bir az əl çəksinlər, uşaq filmləri çəksinlər, gələcəyimizi düşünsünlər. Bizim dövrümüzün filmləri indiyədək hamının, eləcə də bütün uşaqların yadındadır.
– İndi yaxşı film çəkmək üçün texniki imkanlar yüksək səviyyədədir. Bəs sizcə, niyə o vaxtkı filmlər hələ də maraqlıdır?
– Zəmanə pozulub, ona görə də o vaxtkı filmlər kimi filmlər çəkilmir. Eqoistlər dünyasında yaşayırıq. Hər kəs özünü düşünür, öz mənafeyini güdür. Ona görə də çəkilən filmlər də bu cürdür. Bizim vaxtımızda insanlar belə deyildi. Mehribanlıq, yaxşılıq, kiçiklər və böyüklərə qayğı və hörmət vardı, filmlər də bu cür idi. İndi isə qəddarlıqdır. Filmlər də qəddarlıqdan bəhs edir, insanların zövqünə görə, yalnız kinoteatra cəlb etmək üçün filmlər çəkilir. İndi insanlara dedi-qodu, dava-dalaş, mübahisə, qalmaqaldan başqa heç nə maraqlı deyil. İnsan hər zaman yaxşı tərəflərini göstərməyə çalışır. Düzdür, buna çox vaxt nail ola bilmir. Lakin insanın daxilindəki vicdan onu hər zaman yaxşılığa vadar edir. Vicdan insanı yaxşı əməllər etməyə cəlb edir. Lakin biz elə dövrdə yaşayırıq ki, insanları və uşaqları aqressiv olmağı, özü üçün yaşamağı öyrədirlər.
– İndiki uşaqlar arasında Asif, Vasif, Ağasif var?
– Mən görürəm. Elə ailələrdən uşaqlar – bacı-qardaşlar gəlir ki, baxıram, öz uşaqlığım yadıma düşür. Qardaşına nəsə deyəndə bacısı o tərəfdən gəlir ki, “mənim qardaşıma heç nə demə” (gülür). İki ildir uşaqlarla işlədiyimə görə çox sevinirəm. Hər qrupda 80-90 nəfər uşaq var. Bunlara baxıb deyirəm ki, kaş, mən də uşaq olardım, onların aralarında olardım.
– Yeri gəlmişkən, uşaqlıq xatirələrinizin ayrılmaz hissəsi olan tərəf müqabillərinizlə görüşmək, yenidən eyni layihədə yer almaq istərdinizmi?
– Onları görsəm çox sevinərəm, oturub söhbətləşə, vaxt keçirə bilərik. Bir arada maraqlandım görüm hardadırlar, nə işlə məşğuldurlar. Jurnalistlərin sayəsində ondlardan xəbər tuta bilirəm. Hərəsinin öz həyatı var. Ramin (Vasif rolunun ifaçısı) xaricdə yaşayır, ailəsi, övladları var. Ondan bir az nigaran idim, eşitdim ki, radikal müsəlman olub.
– Yeri gəlmişkən, siz də xristianlığı qəbul etmisiniz.
– Müsəlman ailəsində anadan olmuşam, gözümü açıb evdə namaz qıldıqlarını görmüşəm. Uşaqlıqda məni məscidlərə, pirlərə aparırdılar. Mən də hər zaman maraqlanırdım ki, biz nə edirik, bu nədir? Nənəm-babam məni başa salırdı ki, Allaha ibadət edirik. Anam-atamsa sovet dövrünün adamları idi, buna çox da ciddi yanaşmırdılar. Böyüdükdən sonra özüm maraqlanmağa başladım. 1989-cu ildə məni bir rus toyuna dəvət etdilər, kilsədə nikah mərasimi oldu. Kilsənin içərisində böyük hərflərlə yazılmışdı: “Allah sevgidir”. Bu söz məni tutdu. Maraqlanmağa başladım. Sevgi anaya, qıza olar, bəs bu nə sevgidir? O vaxta qədər isə namaz qılırdım, Qurani-Kərimi sonuncu kitab bilib ona üstünlük verirdim. Quranı oxuyanda Tövrat, İncil, Zabulda yazılanları gördüm, üstəlik heç nə başa düşmədim. Təsəvvür edin ki, uşağı 1-ci sinfə qoyurlar, amma 10-cu sinfin kitabını verirlər. Çoxları belədir, Quranı oxuyur, lakin heç nə başa düşmür. Lakin mən öz-özümə dedim ki, gözlərim, qulaqlarım var, araşdıracam, qoy, kiminsə imanı yox, öz imanımda qalım. Yaradılışın necə başlaması, insanların bu vəziyyətə necə düşməsi ilə maraqlandım. Bütün dini kitabları oxudum, İncilə gəlib çatanda İsa Məsihin kim olduğunu gördüm və bütün dini kitabların İncil əsasında yazıldığını gördüm. İsa Məsihin sözləri var: mən son və axırıncıyam. Bu sözü oxuyandan sonra başa düşdüm ki, mən bu dində olmaq istəyirəm. Həqiqəti gördüm və həyatımı bu dinə bağladım.
– Sizi qınayanlar oldu?
– Çox çətinliklər çəkdim. Elə bir ölkədə yaşayırıq ki, bunu elə-belə edə bilməzsən. Mən qorxmadım, çünki sabah Rəbbin qarşısında insanlar mənə tərəf dura bilməyəcəklər, mən özüm cavab verəcəyəm. Kimdən qorxmağın lazım olduğunu başa düşdüm. Allahdan, günahdan, yalandan qorxmalıyam. Daha çox ailəm deyir ki, heç olmasa bunu jurnalistlərə bildirməyim, çünki bütün Azərbaycana yayılır. Deyirəm ki, yayılsın, mən qorxmuram. Buna görə başım çox ağrıdı. Xristianlığı qəbul etdiyimə görə mənim əleyhimə yazılar yazıldı. İnsanlar da ağızlarına gələni yazırdılar.
– Ailəniz necə qarşıladı?
– İndi hamısı mənimlə bərabər kilsədədirlər. Çünki onların gözləri açıldı. Bir var kor-koranə nəinsə arxasınca düşəsən – hamı hara mən də ora, biri də var öz seçimin ola. İncildə yazılıb ki, insanlar bilmədiklərinə görə cəhənnəmə gedib çıxırlar. Mən cənnət və cəhənnəmə inanıram. Allaha inanıramsa, onun iblisi və mələkləri də var. Quranı kitab kimi qəbul edirəm. Amma kimdən və haradan gəldiyi şübhə altındadır. Hər şey bu dünyada allahdandır. Amma Qurani Kərim xilas yolunu göstərmir, insana şans vermir, hər şeyi qismətə bağlayır. “Allah bilən məsləhətdir, günahın bağışlanar, ya yox”, -deyilir. İncil və İsa Məsihin yazdığı sözlər isə mənə əbədi həyatın qarantiyasını verir. Qurana son kitab deyirlər, amma əvvəli yoxdur. Mən də əvvəldən, əlifbadan başladım. İncilə çatanda başa düşdüm ki, çarmıxda hər şey bitmişdi. 600 ildən sonra mənə yenidən qurban gətirməyi, dua etməyi öyrədirlər. Quranda çox maraqlı şeylər var. Lakin onlar mənə xilas yolu gətirmir, həqiqəti açıqlamır. Kosmos və dünyanın yaradılışından danışır. Çoxları deyir ki, Məhəmməd peyğəmbərin yazdıqları dünyada çox açılışlar edib. Amma mən insana ibadət etmək istəmirəm. Ona qalsa Leonardo da Vinçiyə, Mendeleyev cədvəlinə ibadət edərəm. Çünki onlar da çox ixtiralar ediblər. Mən tək Allaha inanmaq istəyirəm ki, bu dünyanı, məni yaradan, həyat verən kimdir və mən kiminlə qarşılaşacam, həyatıma görə kimə cavab verəcəm.
– Çox zaman insanlar dinin dərinliyinə gedəndə dinsizləşirlər.
– Din insanın ağlı və əlləri ilə yaratdığı bir Allahdır. Öz ağlı ilə düşünür və əlləri ilə yaratmağa başlayır ki, mən buna inanmaq istəyirəm, mənim Allahım belədir, günah edəndə bağışlayacaq. İnsanlar Allahın varlığı, müqəddəsliyini büt edirlər, onu insan kimi formalaşdırırlar. Lakin dibinə getdikcə görürlər ki, yaratdıqları çox balacadır, sınırlar və artıq ona inanmaq istəmirlər. Çünki Allahın kim olduğunu insanlara, xüsusən də azərbaycanlılara çatdıran olmayıb. Azərbaycanın problemi budur ki, din insanlara balıq tutmaq kimi yanaşır. Yaslarda, məscidlərdə çox olmuşam, oradakı söhbətləri dinləmişəm və belə nəticəyə gəlmişəm ki, onlar mənə lazım deyil. Araşdırdıqdan sonra əsl dinin tarixini, kökünü gördüm. Xristianlıqla tanış olanda bildim ki, mənim istədiyim budur və mən İsa Məsih kimi olmaq istəyirəm, başqası kimi yox. İsa Məsih deyir ki, Allahını və yaxınlarını sev. Allahını sevdikdən sonra isə insanları da sevəcəksən, heç kimi söyə, tərs baxa bilməyəcəksən. Çünki bilirsən ki, bu insan onun – Allahın övladıdır. Mənim, eyni zamanda başqa birinin övladına necə söymək, tərs baxmaq olar? İnsanların çoxu bunu dərk etmir, ona görə də müharibələr, dedi-qodular baş verir.
– Amma müsəlmanlığı qəbul edən xristianlar da az deyil…
– İsa Məsih 2 min il bundan əvvəl deyib ki, vaxt gələcək dünyanın sonu yaxınlaşanda çox insan öz dinini buraxacaq və Allahı yox, öz yollarını güdəcəklər. Ataya (Allaha) yol isə çox nazikdir, ordan tək gedəcəksiz. Xristianlar müsəlmanlığı qəbul edənlərə pis baxmırlar. Çünki Avropanın özündə belə, xristianlıq yaxşı vəziyyətdə deyil. Məhəmməd peyğəmbər İsa Məsih gedəndən sonra doğuldu. İsa Məsih demişdi ki, məndən sonra çox peyğəmbər gələcək. Sizi öz yollarına dəvət edəcək və çoxu da o yolla gedəcək.
– Xristianlığın bütün qayda-qanunlarına əməl edirsiniz?
– Xristianlıqda qayda-qanun yoxdur. İslamda gündə 5 dəfə namaz qılınır, xristianlıqda isə deyilir ki, daim duat etməlisiz. Çünki rəbb bir yerdə deyil, o, hər yerdə var. Üzü təkcə bir yerə döndərib dua edirlər, onda belə çıxır ki, o biri tərəfdə Allah yoxdur? Tək bir istiqamətə namaz qılıb dua edəcəyəmsə, onda bütə ibadət edirəm. Rəbb canlıdır, onunla ünsiyyətin canlı olmalıdır. Rəbb büt deyil ki, ancaq bir yerdə və bir istiqamətə üzünü tutub dua edəsən. Rəbbi hər hansı ritualla çağırmaq olmaz. O, hər şeyi bilir və görür. İsa Məsih bilirdi ki, insanlar günah edir və dedi ki, – “sizin bütün günahlarınız üçün mən öz canımı fəda edəcəm”. Nikolayın, Fyodorun şəklinə dua etmək, şam yandırmaq və s. heç biri Bibliyada yoxdur, bunlar hamısı hekayədir. İnsanlar bunu öz əlləri ilə yaradıblar ki, bir məqsədə görə başqalarını cəlb etsinlər. Mən protestant xristianam. İnsanları formalaşdırmaq nə əsl xristianlıq, nə də əsl müsəlmanlıqdır. “Bu, belə olmalıdır” deyə bir şey yoxdur. İnsanın xidməti kilsə və məsciddə deyil, real həyatda olmalıdır. Ora təkcə dua etmək üçündür. İbadət edib sonra gedib içki içmək, siqaret çəkmək, barlara getmək xristianlıq deyil. Əgər tövbə edirsənsə, bütün həyat tərzini dəyişib geri dönməlisən. Tövbə Allaha dönməkdir. Biz Allahdan çox uzaqlaşmışıq. Allah insanları günahdan xilas etmək üçün öz oğlunu qurban verdi.
– Müsəlmanlıqda da qurban var.
– Bir qoyun, inək, dəvə günah bağışlaya bilər? Mümkün deyil. Əti kəs kasıblara payla, savab elə. Amma heyvan kəsmək Allaha qarşı mundarlıqdır. İbrahim Allaha görə öz oğlunu qurban verirdi, Allah isə onun əvəzinə qoyun yetirdi. Isa Məsih isə insanlara görə özünü qurban verdi.
– Neçə ildir xristiansınız?
– 1989-cu ildən.
– Həyat yoldaşınız da xristiandır?
– Bəli. Azərbaycanda doğulub. Lakin bizim dinimiz eynidir, o da xristiandır.
– Siz xristian olduğunuz üçün o da sizin arxanızca gedir, yoxsa öz seçimidir?
– Biz onunla kilsədə tanış olmuşuq. O da kilsəyə gəlməyə, ibadət etməyə başladı. Onu bəyəndim, çox sevdim. Tanışlığımızdan 2-3 il sonra evlilik təklif etdim. O, Xəzər Universitetini bitirib, rəqs kafedrasında 5 il rəqslə məşğul olub. İndi mənə kömək edir, bərabər işləyirik, o qızlara, mən oğlanlara rəqs dərsi veririk. Bərabər işləyirik, ibadət edirik və yaşayırıq.
– Ona olan marağınız onun da bir növ sizin taleyinizi yaşamasına görə oldu?
– Onun Allaha sevgisi oldu. Belə qadın heç vaxt yalan danışmaz, həyat yoldaşına hər zaman hörmət və sayğı ilə yanaşar, heç zaman aldatmaz. Belə bir qadına əminəm. Belə bir qadınla həyat qurmaq olar. Mən incəsənət aləmində olduğuma görə nələr görmüşəm… Qadınlara inamım ölmüşdü. Dünyanın zinakar olduğunu düşünürdüm. Ailə qurmağa qorxurdum. Çox gec ailə qurdum. Nəslimizdə hamı gənc yaşlarında evlənib. Nənəm məndən küsmüşdü ki, evlənmirəm. Deyirdilər ki, “30 yaşın var, evlən, sənin taylarının iki uşağı var”. Atam-anam da gənc yaşda ailə qurublar. Ailə qurmağa qorxurdum, çünki boşanmaq, ailəmi dağıtmaq istəmirdim. Mənə bənzəyir, xasiyyətimiz eynidir, bir-birimizi tamamlayırıq.
– Siz onunla tanış olan günü anladınız ki, o sizə yaxşı həyat yoldaşı ola bilər?
– Xeyr. Mən ona yaxınlaşmağa qorxurdum. Kilsəyə gedəndə bütün qızlara bacı kimi baxırsan, pis gözlə baxmaq olmaz. Çünki İsa Məsih deyib ki, gözlə də zina etmək olmaz. Mən də ona baxmağa, zina etməyə qorxurdum. Ona bacı kimi baxırdım, ürəyimdə xoşum gəlirdi. Gəlib evdə deyirdim ki, ya rəbb, mən günah etmək istəmirəm. Onu özümdən qovduqca daha çox sevməyə başladım.
– Xristian qadınlarının üstünlüyü nədir?
– Sərbəstdirlər. Müsəlmanlarda isə qanun var. Müsəlman qadınları sərbəstliyi sevmir və onlara sərbəst olmaq icazə verilmir. Deyirlər ki, sərbəstlik pis yola çəkir. Ona görə də müsəlman qadınları özlərini bağlayırlar, düşünürlər ki, sərbəst olsalar, kimsə onları azdıra bilər. Amma əsl sərbəstlik başqadır. Baxır nədə sərbəst olursan. Xristianlıqda qadınların sərbəstliyi günah zəncirlərindən sərbəst olmaqdır, İsa Məsihin buyurduğu həyatı yaşamaqdır. Xristianlıqda da çox zaman sərbəstliyi çox yaxşı anlamırlar. Müsəlman qadınları özünü bağlamaqla evinə, həyat yoldaşına bağlılıqlarını göstərirlər. Amma xristianlıqda ailəyə, övladlara bağlılıq ürəkdə olmalıdır. Xristianlıqda sərbəstlik heç də yolunu azmaq deyil. Kimsə qolu açıq gəzirsə, bu, o demək deyil ki, yolunu azıb. Belə məsələləri üstdən düşünmək olmaz.
mənbə :
lent.az