İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı tanınmış jurnalist Moskvada saxlanıldı (YENİLƏNİB)

21-10-2015

10:55 xeber – Virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevlə bağlı məsələyə Azərbaycanın Rusiyadakı səfirliyi də qarışıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə bu barədə virtualaz.org-a Fətullayevin özü məlumat verib.

Bildirib ki, hazırda səfirliyin ərazisindədir və günün ikinci yarısında Bakıya qayıdacaq.

***07:57***

Rusiya Prezident Administrasiyasının əməkdaşları azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevdən Moskva aeroportunda saxlanılaraq gömrükçülər tərəfindən əsassız yoxlamalara məruz qalmasından dolayı üzr istəyiblər. Onlar bunu Moskvadakı erməni lobbisinin təxribatı ilə izah ediblər.

Bu barədə virtualaz.org saytına E.Fətullayev özü məlumat verib.

Jurnalist deyib ki, o isə Rusiya tərəfinin bu üzrxahlığını qəbul etməyib.

“Moskva bəyəm Ermənistanın paytaxtıdır?” – deyə E.Fətullayev Rusiya Prezident Administrasiyasının əməkdaşlarına sual edib.

E.Fətullayev onu da əlavə edib ki, gecəni Moskva aeroportunun gözləmə zalında, oturacaqların üstündə keçirəcək və oktyabrın 21-də səhər Bakıya qayıdacaq.

Moskva aeroportu Gömrük İdarəsinin əməkdaşları isə bu qanunsuz əməllərinə qəribə izah veriblər. Onların sözlərinə görə, E.Fətullayevin özü ilə Rusiyaya 190 qram narkotik gətirməyə çalışmasına dair məktub alıblarmış.

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Moskva aeroportunda Rusiya Gömrük Xidməti əməkdaşları tərəfindən saxlanılmışdı.

E.Fətullayev Moskvaya Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə gedib. Jurnalist ora Olimpiyaçıların I Ümumdünya Forumunu işıqlandırmağa getmişdi. Tədbir prezident Putinin iştirakı ilə oktyabrın 21-22-də keçiriləcək.

E.Fətullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, o, aeroportda təyyarədən enən kimi gözlənilmədən saxlanılıb. Aeroportun gömrük idarəsinin əməkdaşları jurnalisti səylə və hərtərəfli şəkildə yoxlamağa başlayıblar. Yoxlanış bir saatdan çox çəkib. E.Fətullayev kobud rəftara məruz qalıb. Onu hətta alt paltarına qədər yoxlayıblar. Jurnalistin əl baqajı və şəxsi kompüteri də əsassıq olaraq diqqətlə yoxlanıb.

Gömrük idarəsinin əməkdaşları bu yoxlamanı Azərbaycanın Gömrük İttifaqına daxil olmaması ilə izah ediblər.

Moskva aeroportunda faktiki olaraq ciddi özbaşınalıqla üzləşmiş E.Fətullayev Rusiya Prezidenti Administrasiyasına zəng vurub. Lakin bu idarədən heç bir reaksiya verilməyib.

E.Fətullayev etiraz əlaməti olaraq forumun işində iştirak etməkdən imtina etdiyini və ən yaxın reyslə Bakıya qayıtmaq niyyətində olduğunu bildirib.

ANS bu xəbəri gündəmdə saxlayır və artıq səfirliklə əlaqə qurub. İndi Eynulla Fətullayev Azərbaycanın Rusiyadakı Səfirliyindədir və o, Bakıya qayıdana qədər ANS hadisəni izləyəcək.


Eynulla Fətullayev – araşdırmaçı jurnalist

Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya “İstiqlal” qəzetinin yazarı kimi gəlib. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E.Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi “Monitor” jurnalında çalışıb.

2005-ci ildə E.Hüseynovun qətlindən sonra “Monitor” bağlananda E.Fətullayev “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib. Ancaq iki ay sonra “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini yenidən buraxmağa başlayıb.

Hazırda “Haqqın.az” saytının baş redaktorudur.

mənbə :
anspress

Azerbaycanlı tanınmış jurnalist Moskvada saxlanıldı (YENİLƏNİB)