İçeriğe geçmek için "Enter"a basın

Rusiya ilə ABŞ Suriyada razılığa gəldilər

21-10-2015

03:56 xeber – Rusiya ilə ABŞ Suriyada davam edən hava əməliyyatları mövzusunda razılığa gəliblər. Azadlıq.az xəbər verir ki, anspress-in xəbərinə görə, bu barədə Pentaqondan məlumat yayılıb. Məlumatda bildirilir ki, Suriya hava sahəsində iki ölkənin qırıcıları arasında yaranacaq toqquşmaların minimuma düşürülməsi üçün Moskva və Vaşiqnton rəsmiləri arasında razılıq əldə olunub. Pentaqon rəsmi Moskvanın istəyi ilə razılaşma mətninin detalları barədə açıqlama yaymayıb.

Bir ildən artıq müddətdir ABŞ rəhbərliyindəki koalisiya qüvvələri İraqda və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır.

Bu il sentyabrın 30-dan Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyada əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu desə də bir çox hallarda Əsəd müxalifi olan özünümüdafiə dəstələrinin rus qırıcılarının bombardımanına məruz qaldığı bildirilir. Rusiyanın bölgədə keçirdiyi əməliyyatlar vaxtı çox sayda dinc əhali də dünyasını dəyişib.

Başda ABŞ olmaqla bir çox qərb ölkələri Rusiyanın bu addımını kəskin tənqid ediblər. Putin isə Suriyada leqal hakimiyyət olan Əsəd iqtidarının qorunmasının vacib olduğunu bildirib.

Bundan əvvəl BMT-nin sammiti çərçivəsində Nyu-York şəhərində səfərdə olan Vladimir Putin ABŞ prezidenti ilə görüşərək Ukraynada və Suriyada olan vəziyyəti müzakirə etmişdilər. Əvvəldən 55 dəqiqə planlaşdırılan görüş 1saat 40 dəqiqə davam etsə də tərəflər arasında heç bir razılaşma əldə olunmamışdı.

ABŞ-dan sonra Rusiyanın da Suriyaya hərbiçi göndərməsi ilə politoloqlar, 1962-ci ildə baş verən “Karib böhranı”nı yada salmışdılar. O zamanda SSRİ ilə ABŞ arasında, sovet raketlərinin Kubada yerləşdirilməsi ilə bağlı gərginlik yaranmışdı. Həmin dövürdə yaranan gərginlik dünyanı nüvə müharibəsinin astanasına gətirmişdi. Baş verən proseslər göstərir ki, hər iki ölkə Sovet dövründə Vietnam, Əfqənistan, İraq, Koreya yarımadası və digər regionlarda olduğu kimi Suriyada birbaşa üz-üzə gəlməsələr də gizli formada bir-biri ilə mübarizə aparırlar.

mənbə :
anspress

Rusiya ile ABŞ Suriyada razılığa geldiler