İçeriğe geçmek için "Enter"a basın

Makedoniya “TANAP” və “TAP” layihələrindən yararlanmaq niyyətindədir

20-10-2015


20.10.2015 / 20:54 xeber –

Oktyabrın 15-də Makedoniyanın paytaxtı Skopye şəhərinin tarixi “Kursumli An” karvansaray-mehmanxanasında Makedoniya ilə on doqquz ölkə və dörd beynəlxalq təşkilat arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə,  yubiley tədbirində Azərbaycan, Səudiyyə Ərəbistanı, Rumıniya, Moldova, Hindistan, Estoniya, Antiqua və Barbuda, İran, Liviya, Ukrayna, Sinqapur, Qazaxıstan, Monqolustan, Litva, ABŞ, Yunanıstan, Avstraliya, İsrail və Omanın nümayəndələri, eləcə də NATO, Avropa Şurası, ATƏT və Ümumdünya Turizm Təşkilatının təmsilçiləri iştirak ediblər. Tədbirdə həmçinin, digər ölkə və beynəlxalq təşkilatların Skopye şəhərindəki nümayəndəliklərinin təmsilçiləri, Makedoniya hökumətinin rəsmiləri, biznes və media dairələrinin, eləcə də müxtəlif dərnəklərin mənsubları qatılıblar.

 

Tədbir zamanı Azərbaycanın Türkiyədəki, eyni zamanda Makedoniyadakı akkreditə olunmuş səfirliyi tərəfindən tərtib edilmiş və Azərbaycan-Makedoniya bayraqları ilə bəzədilmiş guşədə ölkəmizin turizm potensialı, mətbəxi, xalçaçılıq sənəti, musiqi alətləri və digər sənətkarlıq nümunələrini təqdim edən, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar, bröşür və xəritələr nümayiş etdirilməklə yanaşı, tədbir iştirakçılarına paylanıb.

 

Qeyd edək ki, tədbir zamanı müxtəlif ölkələrin guşələrinə baxış keçirən Makedoniyanın xarici işlər naziri Nikola Poposki Azərbaycan guşəsini də ziyarət edib və nümayiş etdirilən materiallarla tanış olub. Nazir səfirliyin nümayəndəsi ilə söhbətində Makedoniyanın Azərbaycan kimi ağrılı tarixə malik olduğunu qeyd edib və bu bənzər tarixin hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını ifadə edib. Nazir həmçinin, Makedoniyanın Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verdiyini, xüsusilə də “TANAP” və “TAP” layihələri tamamlandıqdan sonra ölkəsinin bu layihələr vasitəsilə daşınacaq enerji resurslarından yararlanmaq niyyətini dilə gətirib.

mənbə :
lent.az

Makedoniya “TANAP” ve “TAP” layihelerinden yararlanmaq niyyetindedir