İçeriğe geçmek için "Enter"a basın

Sona bir tur qalmış 3 istefa...

20-10-2015


20.10.2015 / 18:09 xeber –

Topaz Premyer Liqasında ilk dövrə sona yaxınlaşır. Sondan əvvəlki turda bir sıra maraqlı məqamlar baş verdi. Bir sıra ilklərin də qeydə alındığı 8-ci turla bağlı düşüncələrimi sizlərlə bölüşmək istəyirəm.

Əvvəla, milli çempionatımız tarixində ilk dəfə turun bütün oyunları canlı yayımlandı. Bunu cari mövsümdə yayım hüququna malik "CBC Sport" telekanalı gerçəkləşdirdi. Özü də tura Azərbaycan Dövlət Müstəqilliyi Günündə – oktyabrın 18-də yekun vuruldu.

Bu çempionatda məğlubedilməz yalnız bir komanda qaldı. O da son 2 mövsümün qalibi olan hazırkı lider “Qarabağ”. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda kimi bu turadək uduzmayan “Zirə” idi. Ancaq debütant çempionla çətin səfər sınağından üzüağ çıxa bilmədi. Adil Şükürovu yetirmələrinin ilk məğlubiyyəti böyük hesablı alındı – 1:4. Bütün oyunlarda “Zirə”nin "çərçivə"sini qorumuş millimizin üzvü Anar Nəzirov “Qarabağ”la oyunadək cəmi 2 qol buraxmışdı ki, nəticədə qapısında ən az top görən məhz “Zirə” idi. Amma bir oyunda 4 top, bu, artıq ciddi siqnaldır.

 

Debütantın yeganə qolunu İqor İvanoviçin vurması da diqqət çəkir. Axı monteneqrolu yarımmüdafiəçi “Zirə”yə gələnədək vətənində çıxış etdiyi “Rudar”ın heyətində bu yay elə “Qarabağ”la Çempionlar Liqası matçlarında iştirak etsə də, qol vura bilməmişdi. 25 yaşlı legioner bu dəfə fərqlənə bilməsi nəticəsində vurduğu qolların sayını 3-ə çatdıraraq “Zirə”nin bombardirinə çevrildi.

 “Qarabağ”ın ən yaxın izləyicisi “Qəbələ” son turda səfərdə “Neftçi”nin müqavimətiylə üzləşsə də, 90-cı dəqiqədə qələbə topunu vura bildi. Bunun müəllifi olan ukraynalı hücumçu Aleksey Antonov vurduğu qolların sayına görə “Qəbələ”də komanda yoldaşı, adaşı Aleksey Qaya çatdı. Nəticədə bombardirlər siyahısında liderlər qrupunda “qırmızı-qaralar”ın artıq 2 futbolçusu var. Ancaq Qaydan fərqli Antonovun Avropa Liqasında da fərqləndiyini nəzərə alsaq, 5 qolla “Qəbələ”nin cari mövsümdə bombardiridir.

“Zirə”ylə “İnter”in büdrəməsindən sonra ən yaxın izləyicilərindən aralanan “Qarabağ”la “Qəbələ” favorit olmalarına və çempionluq mübarizəsinin məhz öz aralarında gedəcəyinə bir daha əminlik yaradır. Avropa Liqasının qrup mərhələsindəki təmsilçilərimiz arasında çempionatda cəmi 1 xal fərqi var. İlk dövrənin qalibinin kim olacağı son turda bilinəcək. “Qarabağ”ı da “İnter”i büdrədən “Sumqayıt”la səfər oyunu gözləyir. “Qəbələ” isə evdə “Zirə”yə qalib gələrsə, ən yaxın izləyicisi olan bu komandayla xal fərqini 7-yə yüksəldəcək.

Hələ ilk dövrə yekunlanmamış baş məşqçi istefalarının artması diqqət çəkir. Artıq bunların sayı 3-ə çatıb. Düzdür, “Neftçi” rəhbərliyi Samir Aliyevin istefasını qəbul etmədi. Ancaq “Sumqayıt”da Aqil Məmmədovun ardınca “Rəvan”da Emin Quliyevin postundan ayrılması gerçəkləşdi. Özü də dalbadal 2 turdakı bu istefalar “Kəpəz”ə məğlubiyyətlərdən sonra baş verdi. Şahin Diniyevin keçmiş komandası "Rəvan"ı məğlub etməsi, Emin Quliyevin bir vaxtlar millimizdə rəhbərliyi altında oynamış Şahin Diniyevlə məşqçi kimi ilk dueldən məğlub ayrılması fəaliyyətinin başa çatmasıyla nəticələndi. Aqil Məmmədov, Emin Quliyev və Samir Əliyev vaxtilə millidə oynamaqla yanaşı, “Neftçi”də uğurlu çıxışlarıyla tanınıblar. Bu üçlük hazırkı çempionatın ən gənc məşqçilərindən idilər.

Quliyevi “Rəvan”a çox tanış baş məşqçi, bir neçə dəfə bu postda olmuş Bəhmən Həsənov əvəzlədi. Elə “Sumqayıt” üçün də yeni çalışdırıcı yad adam deyil. Bu, əvəzedici komandanın baş məşqçisi olmuş Samir Abasovdur. Sumqayıtda anadan olan 37 yaşlı çalışdırıcı karyerasını məhz “Sumqayıt”da bitirib, özü də Aqil Məmmədovun rəhbərliyi altında oynayıb, kapitan da olub.

İndi çempionatın ən gənc baş məşqçiləri adaşlar, yəni Samirlərdir. Abasov Əliyevdən (36 yaş) 1 yaş böyükdür. Onun bu ampluada debütünü uğurlu saymaq olar. Hər halda, mükafatlara iddialı “İnter”dən xal almaq heç də asan deyil. Üstəlik, oyunda hesabı açan da məhz Samir Abasovun yetirmələri olub. Bundan əlavə, Abasov vaxtilə heyətində çempion olduğu “İnter”də oynadığından, siftədə keçmiş komandasını məyus etdi. Növbəti turda rəqibi olacaq “Qarabağ” isə “İnter”ədək və “İnter”dən sonra oynadığı komandadır. Keçmiş müdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında oynayıb.

Lənkəranda milli komandamızın sabiq kapitanları üz-üzə gəldilər. Bunlar millidə birgə oynamış Yunis Hüseynovla Tərlan Əhmədovdur. Hər iki komandada heyətdə bağlı sıxıntıların olması, daha çox yerli futbolçulara güvənilməsi, legionerlərin azlığı göz qabağındadır. “Xəzər Lənkəran” cari çempionata evdə “İnter” üzərində 2:0 hesablı qələbəylə başladıqdan sonra 2 aydan artıqdır qalibiyyətə həsrət qalmışdı. Buna məhz doğma meydanda son qoyuldu. Qələbədə pay sahibi olan yarımmüdafiəçilər – Kamran Abdullazadəylə malili Sadio Tounkara cari mövsümdə komandalarında qol hesablarını açdılar. Kamran isə karyerasında ilk dubla imza atdı.

Dubldan söz düşmüşkən, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda artıq 2-ci dəfə buna nail olmaqla həm cari çempionatda ilkə imza atdı, həm də bombardirlər siyahısında liderliyə yüksəldi. Riçard eyni zamanda cari mövsümdə penaltidən ən çox qol vuran futbolçudur – 3 dəfə. Onun isveçli komanda yoldaşı Samuel Armenteros da son turda dubl müəllifi oldu. Bu, debüt mövsümünü keçirdiyi Azərbaycanda ilk dəfə idi. 25 yaşlı hücumçu 4 qolla bombardirlər mübarizəsində artıq liderlər qrupundadır.

Cari mövsümdə digər dubl müəllifləri “İnter”in braziliyalı hücumçusu Dieqo Martins, onun "Kəpəz"dəki həmyerlisi, "Xəzər Lənkəran" və "Bakı"da da oynamış yarımmüdafiəçi Junior Osvaldo və “Neftçi”nin 19 yaşlı hücumçusu Fəhmin Muradbəylidir. Osvaldo ardıcıl 2-ci oyunda meydanı qolsuz tərk etməyərək, 3 qolla komandasının bombardiri olub. "Kəpəz"in yeni transferi olan kamerunlu hücumçu Julien Ebah isə son turda nəinki ən gözəl qolun müəllifi oldu, həm də şəxsi göstəriciylə fərqləndi. Belə ki, ona qol vurmaq üçün cəmi 2 dəqiqə kifayət etdi. 46-cı dəqiqədə meydana daxil olduqdan 2 dəqiqə sonra baxımlı qol müəllifi olan Julien kimi belə erkən fərqlənən olmamışdı.

mənbə :
lent.az

Sona bir tur qalmış 3 istefa…