İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Rusiya qazından imtina etdi

20-10-2015

17:22 xeber – Azərbaycanla Rusiya arasında əldə edilən razılıq pozulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan Metanol Zavodu (AzMeCo) Rusiyanın “Qazprom” şirkətindən qaz alışını dayandırıb.

AzMeCo-nun rəsmi nümayəndəsi belə bir qərarın qəbul edilməsinə səbəb olaraq metanolun qiymətinin aşağı olmasını göstərib.

“Metanolun dünya bazarında qiyməti aşağı düşdüyündən mövcud müqavilədəki qiymətə “Qazprom”dan qaz alışı AzMeCo üçün əlverişli deyil. Hazırki şərtlərlə metanol istehsalı mənfəət deyil, zərərlə müşayiət olunduğu üçün şirkət qaz alışını dayandırmaq haqqında qərar verdi”, – deyə AzMeCo nümayəndəsi bildirib.

Zavoddan verilən məlumatda qeyd edilib ki, müqavilə qüvvədə olduğu müddətdə indiyədək şirkət Rusiyadan 100 milyon kub metrdən çox qaz alıb.

Bu ilin sentyabrında “Qazprom eksport”un nümayəndəsi Elena Burmistrova ilə Azərbaycan Metanol Şirkəti “AzMeCo”nun direktorlar şurasının nümayəndəsi Nizami Piriyev arasında imzalanıb.

Bir ay sonra – oktyabr ayının əvvəlindən etibarən isə Azərbaycan şirkəti “Qazprom”dan qaz alışına başlayıb.


Elena Burmistrova və Nizami Piriyev

Əldə edilən razılaşma 5 il müddətinə imzalanıb. Bununla belə sazişin müddətinin uzadılmasının mümkünlüyü də bildirilimişdi.

Müqavilədə il ərzində Rusiyadan Azərbaycana 2 milyard kub metr qaz ixracı nəzərdə tutulub. İlk vaxtlarda idxal edilən qazın orta sutkalıq həcmi 6 milyon kub metr təşkil edib.

“Qazprom” məlumatında bildirmişdi ki, rus qazı Azərbaycandakı iqtisadi artımın və daxili tələbatın genişlənməsi ilə əlaqədar ölkənin əlavə ehtiyacını ödəməyə imkan verəcək.


Azərbaycanda qazın istehlakı
Mənbə: Dövlət Statistika Komitəsi

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qazı 2004-cü ildən ixrac edir. 2009-cu ildə isə əksinə, Azərbaycan qazının Rusiyaya ixracı haqqında razılıq əldə edilib.

Belə ki, “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan qazının alış-satışı haqqında müqavilə imzalayıb.

Beləliklə, ölkəmiz Rusiyaya qaz ixrac etməyə başlayıb. 2012-ci ildə həmin müqaviləyə əlavələr imzalanıb.

Bu ildən etibarən isə Azərbaycan qonşu ölkəyə qaz ixracını dayandırıb. Əvəzində ölkəmiz bu il yenidən Rusiyadan qaz idxalına başlamışdı.

mənbə :
anspress

Azerbaycan Rusiya qazından imtina etdi