20.10.2015 / 17:11 xeber –
“Bizdə model anlayışı da var, modellər də, amma bunun biznesi yoxdur…” Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, modelyer Fikrət Əliyev deyib.
Onun fikrincə, Azərbaycanda çalışan modellər nə qədər əziyyət çəksələr də, yüksək nəticələr əldə edə bilmirlər: “Rahib İsrafilovu 8 ildir tanıyıram. “Best model of Azerbaijan” yarışmasının birincisi olub. Əziyyət çəkməsinə baxmayaraq, istədiyi nəticəni əldə edə, özünü tanıtdıra bilmir. Hər hansı dəfilənin təşkili üçün modellərə pul xərcləmək lazımdır. Buna isə hər kəsin imkanı çatmır. Modelyerlər işlərini modellər sayəsində təqdim edirlər. Amma bu gün mənim modellərə dünya sistemində tələb olunan məbləği verməyə imkanım yoxdur. Hətta dünyada modellərə verilən pulun yarısını belə ödəməyə gücüm çatmır. Hər işin başında pul durur. Bu pulu da mən sərgilərdən, yaxud geyimlərimin satışından qazanmalıyam. Bunun üçün də bu geyimləri nümayiş etdirən modellərə ürəyi istəyən məbləği verməliyəm”.
20 yaşı yoxdur, sifət botoks, dodaq silikon…
Modelyer qeyd edib ki, problemlərdən biri də qeyri-peşəkarların gündəmdə daha çox olmasıdır: “Bu sahədən anlayışı olmayanlar var. Amma özlərini yaxşı reklam edir, izləyici toplayırlar. Heç anlayışları yoxdur ki, podiumda necə yerimək lazımdır, necə hərəkət etmək lazımdır. Sadəcə, boyları var. Hətta eləsi var ki, heç boyu da modellik üçün yaramır. Bəlkə də güzgüdə özlərini belə görürlər. Amma model olmağın çətin yolları var”.
Fikrət Əliyev bu sahədə diqqət etməsi lazım olan müəyyən məqamların olduğunu deyib: “Modelyer modelləri kirayələyir. Mənə verilişlərə çıxmaq, geyimləri nümayiş etdirmək üçün müraciət edirlər. Şəklə baxırsan, sifətdə botoks, heç 20 yaşı yoxdur, dodaqda silikon. Elə görkəmdədirlər ki… Nə olsun, boyu var, bədən quruluşu bəyəm yaxşıdır? 20-22 yaşında üzdə bu qədər dəyişiklik etməyi düzgün hesab etmirəm. Cansız manekeni çıxararam, onu yox. Bu artıq paltarı yox, özünü nümayiş etdirməkdir. Maneken paltarı göstərməlidir. Elə model var ki, deyir “bu paltar mənə yaraşmır, mən belə paltar geyməmişəm, heç vaxt belə paltar geyə bilmərəm”. Maneken belə söz deməməlidir. O paltarı geyib, lazımi səviyyədə təqdim etməlidir. Azərbaycanda modellər elə bilirlər ki, dünya modelləri kimi milyonlar qazana bilərlər. Onlar model adından istifadə edib, başqa vasitələrə əl ataraq, milyonlar qazanırlar. Bizimkilərin düşündüyü kimi sırf modelliklə pul qazanmırlar”.
Model Rahib İsrafilov: “Bizdə layihələr keçirilir, amma sonrası nə olur?”
Verilişin digər qonağı, model Rahib İsrafilov isə bu sənətə gəlməyindən və çətinliklərdən bəhs edib: “2008-ci ildə “Best model of Azerbaijan” yarışmasının qalibi oldum. Artıq 7 il keçib. Hər kəs bilir ki, bizdə model biznesi çox zəif inkişaf edib. Bu biz modellər üçün pis haldır. İstərdim, bu sahə ən azı Türkiyədəki kimi inkişaf etsin. Bizdə layihələr keçirilir, amma sonrası nə olur? Biri mən. Yarışmadan sonra modelliklə məşğul olmadım. Fikrim var ki, kino sahəsinə keçim. Bu sahədə özümü sınamaq istəyirəm. Cəhd edirəm, görək, axırı necə olur?”. O qeyd edib ki, modellik məktəbləri olsa da, fəaliyyət o qədər də ürəkaçan deyil: “Bizdə modellik məktəbləri, agentliklər var, təkliflər də var. Amma yalnız Bakıda çalışırlar. Modelləri xarici ölkələrə aparmırlar. Buna görə də agentliklərlə çalışmıram. Öz gücümə qalxmağa çalışıram”.
Rusiyadan Vətənə dönən model: “Azərbaycanda işləmək alınmadı, geri qayıdacağam”
Fotomodel Veysəl Vəliyev isə bu sahəyə təsadüfən gəldiyini deyib: “Moskvada yaşayanda küçədə məni bir xanım gördü və çəkilişdə iştirak etməyi təklif etdi. Bu məşhur reper Timatinin geyim brendi üçün çəkilişləri idi. Beləcə, başladım bu şirkətlə çalışmağa. Daha öncə model biznesinə gəlmək barədə fikrim olmayıb. Fikirləşirdim ki, modelin boyu uzun olmalıdır. Zamanla başqa təkliflər də aldım. Tatularıma və saqqalıma görə diqqət cəlb edirəm. Bakıya gələndən sonra isə o qədər çox təklif almadım. Burada podium modellərinə daha çox tələbat var. Rusiyaya qayıtmağı düşünürəm. Burada işləmək alınmadı. Burada qalmağa dəyməz”.
mənbə :
lent.az