20.10.2015 / 11:54 xeber –
Xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanın saxlanması xəbərini təsdiqləyib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, köməkçisi dünən saxlanılıb: “Artıq rahatam, o, təcridxanadadır. Saxlanandan həyat yoldaşı Tofiq mənə zəng edir, yalvarır, deyir, İlhamə xanım mənə kömək edin. Mən ondan təzminat istəmirəm. Mənə qarşı etdiklərinin cavabı olacaq. Dövlətimiz nə cəza versə, onu da çəkəcək”.
İ.Quliyeva bildirib ki, köməkçisi M.Hüseynova onun oğlunun dostu Vüqarla üzləşdiriləcək.
Xatırladaq ki, İ.Quliyeva oktyabrın 17-i Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransı zamanı keçmiş köməkçisi M.Xanlarova barəsində bu iddiaları irəli sürmüşdü: “Mehriban Hüseynova il yarımdır mənim evimdə çox xoşagəlməz işlər görüb. Mənim oğlumun dostu ilə dil tapıb və ona deyib ki, mənə zəhər tap, İlhaməni zəhərləmək istəyirəm. Oğlumun dostu isə bunun bütün danışıqlarını lentə alıb. Deyib ki, xeyir ola, bu niyə məndən yaxşı yaşayır? Bu adam mənə huşumu itirəcək dərmanlar hazırlayıbmış. Soyuducuda mənə verəcəyi dərmanları tapıb, polislərə təqdim etmişəm. Oğlumun dostu bunun etdiklərini görüb, mənə dedi ki, İlhamə xanım, evə kamera qoy. Mən də dedim, niyə? Dedi, sözdür də deyirəm. Onun sözündən sonra kamera qoydum. Evimdən pul oğurlayıb, saxta vəsiyyətnamə düzəltdirib. Onun məndə bir neçə səs yazısı var. Səsyazmalarında bildirib ki, İlhaməni öldürüb, var dövlətini ələ keçirəcəm. Bu qadını oktyabrın 5-də evimdən qovmuşam. Oktyabrın 7-də isə ona dedim ki, gəl, səni bağışlayıram. O da evə gəldi, evdə də polislər onu gözləyirdi. Gələn kimi, onlar Mehribanı tutub apardılar. Aparandan sonra, sən demə, onu buraxıblar. Necə olub ki, o, indi azadlıqdadır? Mənim ona heç nə etmək fikrim yox idi. Amma o məni şantaj etdiyinə görə bu işin axırına qədər gedəcəyimə söz verdim”.
Xalq artisti daha sonra açıqlamasında bildirmişdi ki, M.Hüseynovanın yaxın adamları onlara hücum ediblər: ”Bunu işdən çıxardandan sonra ailəmizlə birgə getdim Mirmövsüm Ağa Ziyarətgahında qurban kəsdim ki, şükür, bundan canım qurtardı. Elə bağda yedik, dincəldik. Daha sonra gecə evə gedəndə uşaqlara dedim ki, maşını sürün onların məhəlləsinə. Getdik onların məhəlləsinə. Tennis Akademiyasının yanındadır evləri. Evlərinin qarşısında 99 cj 832 dövlət nömrə nişanlı ağ "Chevrolet" maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları ora yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 zs 433 dövlət nömrə nişanlı qara "Ford" markalı avtomobili üstümüzə sürdülər. Həmin maşın da onlardan idi. Mehriban həmişə deyirdi ki, Tofiq heç vaxt heç yerdə işləməyib, alfonsdur. Ailəmin üstünə hücum çəkirdilər ki, hüquq-mühafizə orqanlarındanıq. Məni görən kimi maşınlara minib qaçdılar”.
mənbə :
lent.az