İçeriğe geçmek için "Enter"a basın

Dovşan səsi

20-10-2015


10.12.2008 / 16:29 xeber –

Günel Mövlud

Üç-dörd ilin söhbətidi… Universiteti bitirəndən sonra şəhərdə iş tapmayanda, naəlac qalıb, valedieynlərimin qaçqın kimi sığındıqları kəndə getmişdim. Burada hələ nə qədər qalacağımı bilmirdim, açığı, bu haqda heç fikirləşmirdim də. Yayın axırlarıydı, meyvənin, tərəvəzin, südün-qaymağın bol, itətök vaxtı. Bir tərəfdən dörd ilin yorğunluğu, bir tərəfdən şəhərdə ixtisasıma uyğun iş tapa bilməməyin (yeri gəlmişkən, ADMİU-nun hər il onlarla istehsal elədiyi teatrşünaslar kimi, hələ də ixtisasıma uyğun iş tapmamışam – buna görə də məcbur olub, xalqın teatr zövqünü deyil, ədəbi zövqünü korlamaqdayam) depressiyası, bir tərəfdən kəndin rahat, təmiz havası… əyalət adamı belə yerdə neyləyər? Təbii ki, gücü bütün günü partlayana qədər yeməyə verər.

Üç ayın içində bədən bir yana, ruhumu da piy basdı. Aramsız qida qəbulu ilə keçən günlərin birində atamla qardaşım çöldən qayıtmışdılar. Əllərində bir dovşan balası vardı. Qardaşım yoncalıqdan tutmuşdu onu. Sevinə-sevinə dovşanı iki ovcumun arasına aldım. Çox balacaydı, qorxudan əsim-əsim əsirdi. Atam dedi ki, çöl dovşanı çox vaxt evdə qala bilmir, ölür. Amma bəlkə bu ölmədi, çünki onun tutan kimi burnuna insan nəfəsi veriblər, adam nəfəsinə öyrəşib. Mən də burnumu ona yaxınlışdırdım. Balaca, isti dilini çıxarıb, burnumu yaladı.

Dovşan insan nəfəsinə nəinki öyrəşmişdi, lap isnişmişdi də. Evin qapıları bütün günü açıq olurdu, dovşan qaçmağı heç ağılına da gətirmirdi. Qabağına nə töksən yeyirdi, oturub televizora baxan olanda onun qucağında özünə yer eləyib, gözlərini televizora zilləyirdi, yatanda da gəlib düz yatağımın içinə girir, bədənini mənə söykəyib, yatırdı. Həftələrlə gecə narahat, yarıoyaq yatırdım, çevriləndə, dovşanın üstünə yıxılıb, onu öldürə biləcəyimdən ehtiyatlanırdım.

Səhərlər hamını o oyadırdı. Balaca, isti dilini çıxardıb, adamın ağız-burunun yalayır, qıdıqlayıb oyandırmayınca əl çəkmirdi. Səhər, günorta, axşam – yemək yeyəndə bir-bir hamının boşqabına hucum çəkirdi, qucaqdan-qucağa hoppana-hoppana bütün süfrəni gəzir, hər şeydən dadırdı.

Ən maraqlısı buydu ki, indiyə qədər bütün ev heyvanlarıma düşmən kəsilib, hamısının başnı bir yolla əkən valideynlərim də dovşanı sevmişdilər. Onu ev heyvanı yox, ailənin sonbeşiyi bilirdilər. Körpə kimi dindirib, əzizləyirdilər, başını sığallayırdılar. Onu süfrəyə gətirmədən yeməyə başlamırdılar.

Bir gün dovşanın saatlarla bir yerdə qaldığını gördüm. Tərpənmirdi, amma sağ idi. Eləcənə, yerindən tərpənə bilmirdi. Yanına yemək apardım. Yemədi. Qucağıma alanda ayağının birinin sallandığını gördüm. Dizdən sınmışdı. Atamı çağırdım, çubuq qoyub, sarıdıq. Axşam yenə mənim yatağımda yatdı. Səhər də balaca, isti dilini çıxarıb, burnumu yalayaraq, oyatdı. Yaxşlaşdığını fikirləşib, sevnə-sevinə qalxdım.

Dovşanı qucağıma alanda gördüm ki, yaralı ayağı şişib. Atam dedi ki, qanqrenadı, birazdan bütün bədəninə yayılacaq. Ağladım, bütün gücümü toplayıb, yalvardım ki, atam dovşanın şişən ayağını kəssin, onda üçayaqla da olsa, yaşayar. Halımı görəndə anam dözə bilmədi. Sarışın, toppuş üzü qıpqırmızı qızardı, “Allah məni öldürsün!” deyib, gözüyaşlı otaqdan çıxdı. Dovşanın hayından ona fikir vermədim, niyə belə dediyini anlamağa halım yoxudu.

Dovşanın ayağını kəsdik. Sonrakı günlər dirçəldi. Artıq evin içində üçayağı və yerə dəyəndə döşəmədə taqqıldayan kəsik dizi ilə sevinə-sevinə ora-bura qaçırdı.

Bir gecə, yenə yerimə uzananda gəlib yanıma sığındı. Çevriləndə onu əzməyimdən ehtiyatlana-ehtiyatlana yuxuya getdim. Gecənin bir aləmində qulağıma hənirti gəldi. Səs dovşandan çıxırdı. Ömrümdə birinci dəfə idi ki, dovşan səsi eşidirdim. Amma tam yuxulu olmasam da, tam oyaq da deyildim, buna görə də birazdan özümü bütünlüklə yuxunun ixtiyarına verdim.

Həmin səhər məni dovşan oyandırmadı. Öz “xoduma” yataqdan qalxanda dovşanı yatağımını içində ölü tapdım. Qəhər məni boğdu, amma ağlaya bilmədim. Dovşanı evin arxasındakı yoncalıqda basdırandan sonra, gəlib həyətdəki kətillərdə yox, çürümüş kötüyün üstündə oturdum. Neçə saat keçdi, yerimdən tərpənə bilmədim.

Anam gəlib yanımda oturdu. Xeyli susdu. Sonra ağlaya-ağlaya dovşanın əsl dərdini danışdı. Demə, bir gün anam evdə uzanan vaxt dovşan gəlib, onun böyrünə sığınıbmış. Anam yuxulayıb. Yatdığı yerdə çevriləndə dovşan onun altında qalıb. Dərdi də təkcə ayağının sınmağı deyilmiş, yəqin ki, içlalatına da zədə keçibmiş.

Anama heç nə demədim. Axşam yatağıma girəndə yenə də ehtiyatla yuxuladım. Elə bilirdim ki, yuxulasam, çevriləndə dovşan altımda qalar. Gecənin bir vaxtı yenə də qulağıma dovşan səsi gəldi. Başa düşdüm ki, daha bu evdə, bu yataqda rahat yaşaya, rahat yata bilmərəm.

Şəhərə qayıtdım, bu yaxınlarda fəaliyyətini dayandıran, o vaxtlar isə təzə-təzə çıxmağa başlayan “Kino+” qəzetinə işə düzəldim. Dovşan haqda evimizdə bir də heç vaxt heç nə danışmadım. Hətta evdə bir başqası onu yada salanda dovşanı da, ölümünü də zarafata salırdım, istəmirdim, anam ömrü boyu o günah hissi ilə yaşasın. Onsuz da dovşandan söz düşəndə sarışın, göyçək üzü qıpqırmızı qızarırdı, ağlamaqdan özünü saxlaya bilmirdi.

…Keçən yay jurnalist rəfiqələrim – Aygün Aslanlı, Sevda Sultanovaya ev heyvanlarımdan, valideynlərimin onların başına gətirdikləri yarızarafat-yarıciddi fəlakətlərdən – itimi Rusiyada qoyub gəlməklərindən, fars pişiyimi azdırmaqlarından, kirpi balalarını saxladığım yeşikdən çıxarıb, bağçaya buraxmaqlarından-filan danışırdım. Elə dovşanın da tarixçəsini gülə-gülə başladım. Onu tapmağımızdan, evdəki hərəkətlərindən danışıb, axırda ölüm səhnəsinə çatanda qulağıma yenə dovşan səsi gəldi. Gözlərim yaşara-yaşara güldüyüm yerdə qəfildən hönkürdüm. Aygün qaçıb, başımı sığalladı, türklər demiş, ağlını kinoyla pozmuş Sevda Sultanova “Ağlamaqdan gülməyə belə “rezki perexod”u heç Cülyetta Mazina da bu cür ustalıqla eləyə bilməzdi!” deyə məni alqışladı.

Mənsə iki il özüm də istəmədən içimdə saxladığım göz yaşımı ta gözlərim quruyana qədər boşaldandan sonra əl-üzümü yuyum deyə, vanna otağına keçəndə başımı qaldırıb, güzgüyə baxdım: sifətdən anama oxşayırdım…

mənbə :
lent.az

Dovşan sesi