İçeriğe geçmek için "Enter"a basın

MTN işi Usubova tapşırıldı

19-10-2015

23:48 xeber – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hökumətdəki mənbələrdən APA-ya məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.


Baş prokurorun birinci müavini Rüstəm Usubov

Mənbə onu da qeyd edib ki, həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Həmçinin oxuyun: Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı

Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.

Əldə edilən digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.


Keçmiş MTN şefi Eldar Mahmudov

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

ANS PRESS xatırladır ki, prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Oktyabrın 18- də isə bir sıra MTN əməkdaşlarının həbs edilməsi barədə xəbərlər yayıldı. Bildirilir ki Millli Təhlükəsizlik Nazirliyində kütləvi həbslərə başlanılıb.

Xəbərlərə görə, həbs edilənlər telefon danışıqlarını izləməklə məşğul imiş.

Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş. Keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb.


Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev

Yayılan digər məlumatlara görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi və daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.

Eldar Mahmodovun qudası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb.

Məlumata görə, Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib. Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

Həmçinin oxuyun:

Keçmiş nazir Eldar Mahmudovun yeri bəlli oldu

Eldar Mahmudov xarici kəşfiyyatla əlaqədə ittiham edilir

Eldar Mahmudovun qudası da saxlanıldı

Azərbaycanın təhlükəsizlik nazirlərinin işdən çıxarılma səbəbləri

mənbə :
anspress

MTN işi Usubova tapşırıldı