13:05 xeber – Azadlıq.az xəbər verir ki, ans tv-nin “Marş” verilişinin əməkdaşları Murovdağda olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Moderator.az saytının əməkdaşı Qalib Rəhimli “Marş” verilişinin çəkiliş qrupu ilə Murovdağ səfərindən qayıtdıqdan sonra öz təəssüratlarını bölüşüb.
“3600 metr yüksəklikdə əsgər balalarımı bağrıma basdım…Bu fikir təsadüfdən gəlmədi ağlıma. Nə də gəlişi gözəl söz birləşməsi kimi demədim. Həqiqətən Murovda ömrümün zirvəsinə, bu zirvəni fəth edib qoruyan əsgərlərimizə qovuşdum. Gülər üzlərini, nurlu çöhrəsini, qətiyyətli baxışlarını gördüm. Onların döyüş ruhuna heyran qaldım, yataq, yemək, hamam şəraitləri ilə yaxından tanış oldum. İtirilən Göyçəmizi, Kəlbəcərimizi əlimin içi kimi gördüm. Ürəyim atlandı, qəhər boğdu məni. Bir an üzü aşağaı müqəddəs məkanlara doğru qaçmaq, qanadlanıb uçmaq keçdi içimdən. Bax beləcə qovuşdum 55 yaşımda həyatımın zirvəsinə və bu zirvəni qoruyan igidlərimizə.
Bu səfər necə alındı və əziyyətli, lakin olduqca şərəfli qeyrət dolu yolu necə keçdik?
Hər zaman haqq bildiyim, televiziya məkanında nüfuzu və qətiyyəti ilə seçilən, əslində Qarabağ adı altında başlayan müharibənin, özü də bütün Azərbaycan sərhədləri boyunca gedən müharibənin səlnaməsini yaradan ANS-in Marş qrupunun hesabına və hünərinə gerçəkləşdi bu səfər.
“Marş”-ın müəllifi və aparıcısı Rahib Qəribi az adam tapılar tanımasın. Ömrünün ən qaynar illərini səngərlərdə keçirən, ən təhlükəli məqamlarda əsgərlərin yanında olan və onları ekran vasitəsilə doğmalarına qovuşduran bu qarabəniz oğlanın yumruq boyda ürəyində necə böyük sevginin olduğunu bir daha gördüm.
Qalib Rəhimli-Moderator.az saytının əməkdaşı
Mən Rahibi bu gün tanımamışam. Rahibi doğulduğu Yardımlıdan, dini imanı bu gün də özündə olan kamil bir yurddan tanımışam. 1984-cü ildə jurnalist kimi təyinatım verilmişdi Yardımlıya. Rahib onda gənc oğlan idi. Yazmağa güclü həvəsi onu bizə tanıtmışdı. Az sonra biz onunla iş yoldaşı olduq. Dili dualı babasının, ziyalı atasının çox nəsihətləri köməyimizə çatdı.
Ən başlıcası, Rahib hər yazısında təkmilləşirdi və növbəti yazısına daha həssas yanaşırdı. Saf bir oğlan, iti təfəkkürlü jurnalist kimi elə o vaxtlardan yazdım Rahibi ürəyimə. Və bir gün də onlar Qazaxdan çəkilişdən gələndə Gəncədə görüşmək qismətimiz oldu. Özü də nə az, nə də çox, düz 27 ildən sonra. Çox xatirələri dilə gətirdik, çox adamları soraq etdik bir-birimizdən.
Elə ordaca dedim ki, Rahib, mümkünsə növbəti çəkilişlərdən biri Murovdan olsun və ən təhlükəli ərazidə olan əsgərlərimizlə ANS bir daha çiyin-çiyinə dayansın. Çox sağ olsunlar, heç bir ay olmadı, bu təklif reallaşdı və üzü Murova yol başladı. Amma bu yolu yayda-Ordu günündə-mən keçmişdim. Hətta, işlədiyim İnteraz televiziyasına bir xəbər süjeti də hazırlamışdım. Amma Koroğlu dağının zirvəsinə qalxmağa vaxt olmamışdı və bu istək məni rahat buraxmırdı. Sağ ol Rahib, Anar, Firuz, bu istəyimi həqiqət etdiniz.
Rahib Qərib – “Marş” verlişinin müəllifi və aparıcısı
Murovun yolu da çox yollar kimi qədim-qayım Gəncədən keçir. Bu dəfə də uzaq yoldan gələn dostları Xan bağında qarşıladım. Çay içdik, azca onlar dinclərini aldılar və üz tutduq Murova. Dağların boynuna dolanan yollar Kürək çayın sahilinə, Toğana kəndinə kimi rahat idi. Çətin və sıldırımlı yollar isə bundan sonar başlayacaqdı.
“UAZ” markalı hərbi maşın yolun narahatlığına, çala-çuxuruna baxmayaraq sürətlə irəliləyidi. Sürücü sanki bu yollara lap uşaqlıqdan bələd imiş kimi hərəkət edirdi. Qabaqda outran zabitin də bu diqqəti yolda idi. Avtomatını sinəsinə sıxan zabit sanki hər daşın dibinə belə baxmağa çalışırdı.
Sonuncu tabordayıq. Yolda briqada komandiri ilə qaşılaşırıq. Hal-əhval tuturuq. Bizə uğurlar diləyir. Günortadan keçib. Taborda bizi çaya dəvət edirlər. Vaxt itirmək istəmirik. Onsuzda çətin yollar var qabaqda. Burda maşınımızı da, sürücümüzüdə dəyişirik. Dağın zirvəsinə xeyli yolumuz var. Bu yolun da xeyli hissəsinin qarla örtülü olduğunu bildirdilər. Hətta, mənim burda-aşağıda qalmağımı da təklif etdilər. Təbbi ki, bu təklifi yaşıma görə idi. Yüksəklikdə qəfil təzyiq yarana biləcəyindən narahat olurdular. Etiraz etdim və başladıq zirvəyə doğru yol getməyə. Hər tərəfi sıldırım qayalar əhatəyə almışdı. Sel suları tez-tez yuyan yolla sərt yoxuşları dolana-dolana qalxırıq. Dar döngələrdə “UAZ”-ın nəfəsi təngiyir, havası çatmayan adamlar kimi boğulurdu. Sürücü həmin anlarda cəld köməkçi qoşqulardan istifadə edir, idarə etdiyi avtomobilə yeni güc verirdi.
Nəzərdə tutulan müşahidə məntəqəsinə 2 kilometr qalmış “UAZ” dərin qar tarına düşdü. Sürücü pıçıltı ilə yolun qalanını piyada getməli olacağıq dedi. Yerə düşürük. Əynimizi qaydaya salıb üzü sərt küləyə doğru hərəkətə başlayırıq. Qalın qar, sərt yoxuş təbbi ki, hərəkət üçün çətinlik yaradırdı. Amma ürəyimizdə olan əsgər görüşünə istək elə bil adama güc verirdi. Operatorun əlində ağır kamera, sürüşkən yol nə qədər çətin görünsə də heç kimin sifətində yorğunluq görünmürdü.
Müşahidə məntəqəsinə çatırıq. Təzyiq öz sözünü deyib. Sanki dağ ayağımız altında yırğalanır. Bonumun arxasından kəsgin ağrı tutub. Bu Rahibdə də, Anarda və Firuzda da belədir. Amma heç kim ciddi nigaran deyil.
İlk diqqətimizi cəlb edən əsgərlərimizin necə sevinməyi olur. Hər biri ilə hal-əhval tuturuq. Maşallah rəngləri çox durudur. Geyimləri səliqəli və hərbi normalara uyğundur. Əsgər yataqxanasında səliqə-sahman bizdə daha böyük maraq yaratdı. Boyük odun sobası yataqxananın hər tərəfini isidirdi. İlk olaraq bura çörəyin necə gətirilməyi ilə maraqlanırıq. Məlum olur ki, vaxtında bura bəs qədər un göndərilib və çörəyi elə burdaca bişirirlər. Çörəkdən kəsirəm. İçərisi olduqca sağlamdır. Dəqiq ustalıqla bişən çörəyin duzu, rəngi də yerində idi. Hamam, yeməkxana şəraitinə də söz ola bilməzdi.
“Marş” verilişinin çəkilişi zamanı
Artıq müşahidə məntəqələrinə qalxmağın vaxtıdır. Rahib Qərib televiziya dili il desək standapına başlayıb. Tamaşaçısına harda olması və mövcud şəraitlə bağlı aydın, yığcam fikirlərini çatdırır. Yaxınlaşdığımız hər əsgər elə bil Murovun bir sal qayasıdır. Boy-buxun, sifətlərindəki nur, gözlərindəki inam çox mətləblərdən xəbər verirdi. Hər biri ilə ayrıca danışırıq. Ali Baş Komandana, Müdafiə Nazirinə inamları güclüdür. Bircə əmrə bənddilər ki, bir göz qırpımında Kəlbəcərə, ulu Göyçəyə qanadlansınlar, murdarların ayaqlarını o torpaqlardan birdəfəlik kəssinlər. Əsgərin bu ruhda olmağı elə oraların əsarətdən qurtulmağı deməkdir. Bu da orduda mənəvi saflığın formalaşmasından, onlarda döyüş ruhunun güclü olmasından xəbər verir. Hər cür silah-sursatla təmin olunan əsgər bunlardan istifadəni də məharətlə mənimsəyib. Hər əsgər öz məsuliyyətini də yaxşı dərk edir.
Söhbətimiz bitir. Yenidən əsgərlərin yataqxanasına qayıdırıq. Onlarla bir süfrədə əyləşib əsgər ərzağından dadırıq. Hər nə varsa olduqca keyfiyyətlidir. Konservləşdirilən küftə, mərci şorbası, piti, balıq, qurudulan göyərtilər, süd, düyü, un, şəkər tozu, əriştə, vermeşel, kartof, soğan, sarımsaq və digər ədvalar bir daha təsdiq edir ki, indi cəbhədə qida problem yaşanmır və ən keyfiyyətlisi əsgər üçün hazırlanır. Özü də bura verilən ərzaqlar kaloriliyi baxımından da fərqlidir. İlk olaraq buranın ərzaq təminatında yüksəklik və onun tələbləri nəzərə alınır. Önəmli bir də o odur ki, burda günorta yeməyindən 30 dəqiqə əvvəl hər əsgərə bir vitamin verilr. Şəxsən mənim axırıncı dəfə nə vaxt vitamin qəbul etdiyim yadımda deyil.
Qaranlıq düşdü. Əsgərlər genaratorları işə salıb yataqxananı və digər zəruri yerləri işıqlandırırdılar. Bizim isə arxaya dönmək üçün yolumuz uzundur. Onlardan ayrılmaq istəməsək də bu məcburidir. İllərin doğmaları kimi görüşüb ayrılırıq. Əl açıb bu yüksəklikdə Uca Yaradandan əsgərlərimizin hər birinə dua edirik. Bizi müşayət edən əsgər sürücü və zabit indi daha həssas davranırlar. Ətrafı diqqətlə nəzərdən keçirirlər. Yenidən 2 kilometr yolu qarı yara-yara gecənin qaranlığında dala qayıdırıq. Sanki qanadlanırıq. Elə bil yorğunluğumuz da yoxa çıxıb. Bu da təbiidir. Dağ cüssəli əsgərlərdəki döyüş ruhu, onların əhvalının olduqca yaxşı olması yorğunluğumuzu bir andaca dəf etdi.
“UAZ”-ı saxladığımız məsafəyə çatdıq. Sürücü heç kimi maşına yaxın buraxmadı. Qaydalara yuğun axtarışını və yoxlamasını aparandan sonra bizi maşına dəvət etdi.
Dönüb arxaya boylanıram. Bəm-bəyaz qarın aydınlatdığı Murov, Koroğlu zirvəsi necə işıqlı görünür. Ürəyimdən keçənləri pıçıltı ilə dilimə gətirdim. Sabahın daha nurlu olacaq, Murovum. Sinəni səngər edən igidlərimiz səni düçar olduğun qaranlıqdan bir dəfəlik xilas edəcək. Bax onda, bu nur əzəli və əbədi vətənimiz olan Kəlbəcəri və Göyçəni də işıqlandırıcaq, Vətən torpağı zülmətlərin bağrını dələn günəş kimi hər yana nur paylayacaq”.
mənbə :
anspress