12:17 xeber – “Azenco” ASC-nin işçilərinin maaşlarını gecikməsinin səbəbləri məlum olub.
Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, işçilərin maaşları Dövlət Bayrağı Meydanı İdarəsinin xidmət haqlarını ödəmədikləri üçün baş verib.
“Dövlət Bayrağı Meydanı İdarəsi ilə “Azenco” ASC-i arasında daxili müqavilə var. Müqavilə əsasında “Azenco” şirkəti Dövlət Bayrağı Meydanı İdarəsinə xidmət göstərir. İşçilərin maaşları da dövlət idarəsi tərəfindən ödənilir. Dövlət Bayrağı İdarəsi 2015-ci ildə xidmət haqqını ödəmədiyi üçün işçilərə maaş verilməsində gecikmələr olub”,-deyə “Azenco” ASC-nin mühasibalıq şöbəsinin əməkdaşı bildirib.
Şirkət əməkdaşının sözlərinə görə, dövlət müəssisəsi “Azenco” şirkətinə xidmət haqqını ödədikdən sonra işçilərin maaşları verilib. Problem 2 həftə əvvəl aradan qaldırılıb.
Ötən həftənin sonunda isə mətbuatda “Azenco” ASC-nin işçilərin maaşlərını gecikdirdikləri barədə məlumatlar yayılmışdı. Xəbərlərdə Avropa oyunları vaxtı paytaxtda aparılan tikintilərdə işləyən işçilərin maaşlarının verilmədiyi bildirilirdi. Bu barədə şirkət işçiləri haqqın.az saytına məlumat veriblər.
“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.
2008-ci ildə şirkətin hüquqi statusu dəyişdirilib. Hüquqi status dəyişdirilənə qədər isə şirkət dövlət müəssisəsi olan “Azerenerji” ASC- nin tərkibində “Azerenerjitikinti” MMC adı altında fəaliyyət göstərib.
Dövlət Əmlakının İdarəetməsinə dair Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə müvafiq olaraq şirkət “Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrildi. Növbəti addım Dövlət Komitəsinin özəlləşdirməyə dair investisiya müsabiqəsi olub. Müsabiqədə “Inter Enerji” 23 dekabr 2009-cu ildə “Azenco” şirkətinin 97.5% həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunur.
Bir müddət əvvəl isə Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov həbs edilib. Rəşad Məmmədov oliqarxlarla birlikdə Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb geri ödəməməkdə ittiham olunurdu.
Rəşad Məmmədov – Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi
Bu dövlət və özəl müssisələrdə ilk maaş qalmaqalı deyil. Bir müddət əvvəl isə SOCAR və “Azəryolservis” ASC- nin işçilərin maaşlarının geçikdirildiyi barədə məlumatlar yayılmışdı. Amma hər iki qurumdan işçilərin maaşlarının vaxtında verildiyi ilə bağlı məlumat verildi.
Ümumiyyətlə son vaxtlar bir çox qurumlarda maaşların gecikdirilməsi ilə bağlı məlumatlar yayılıb. Bu hallar əsasən dövlət büdcəsindən maliyyələşən qurumlarda baş verir. Digər tərəfdən isə kütləvi ixtisarların baş verdiyi deyilir.
mənbə :
anspress