İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan KİV təmsilçiləri “İfadə azadlığı” konfransına qatılıblar

19-10-2015


19.10.2015 / 09:55 xeber –

Avropa Şurasının təşkilatçılığı ilə qurumun Strasburq şəhərindəki mərkəzi ofisində  ifadə azadlığı məsələlərinə həsr edilmiş konfrans keçirilib. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransa qatılmış JuHİ-nin sədri Müşfiq Ələsgərli bildirib ki, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, müstəqil KİV və QHT-lərin təmsilçilərindən ibarət olan Azərbaycan nümayəndələri müzakirələrin gedişində  aktiv iştirak ediblər.

Oktyabrın 13-dən 15-dək “İfadə azadlığı demokratiyanın şərtidir” başlığı ilə keçirilən konfransa BMT, Avropa Birliyi, Avropa Komissiyası, Avropa Şurasının təmsilçiləri ilə yanaşı “Facebook”  koordinatorları, transmilli KİV-lərin yönəldiciləri də qatılaraq ciddi tezislərlə çıxış ediblər.  JuHİ sədri bildirib ki, konfrans iştirakçıları  internetin inkişafının, xüsusi olaraq, sosial şəbəkələrin auditoriyasının sürətlə genişlənməsinin  müsbət tendensiyalarla  yanaşı, bir sıra fəsadlara da yol açdığı qeyd edərək, bu yöndə ortaya çıxan problemlərin tənzimlənməsi yönündə fikir mübadiləsi aparıblar: “Vurğulandı ki, sosial şəbəkələrin inkişaf etməsindən sonra, Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş bir sıra hüquqların, o cümlədən, ifadə azadlığına üstünlük verən prinsiplərlə ifadə azadlığını məhdudlaşdıran prinsiplərin toqquşması halları intensivləşib ki, bu da mövcud problemləri dəyərləndirməli olan hakimlər üçün ciddi problemlər yaradır. O baxımdan mövcud prinsiplərə yenidən baxılması üçün çağırışlar edildi”.

 

Müşfiq Ələsgərli qeyd edib ki,  ifadə azadlığı sahəsində mövcud olan dilemmaların dəyərləndirilməsi və çıxış yollarının tapılmasına həsr edilmiş konfransın mahiyyətini çaşdırmaq, müzakirələri yanlış yönə istiqamətləndirmək cəhdləri də olub: “Təəssüf ki, beynəlxalq təşkilatlarda təmsil olunan və anti-Azərbaycan ovqatında köklənmiş bəzi şəxslər konfransda geniş auditoriyanın iştirakını fürsət bilərək, burada da Azərbaycan əleyhinə təbliğat aparmağa cəhd göstərdilər. Amma onların çıxışları tərəfimizdən dərhal dəyərləndirildi. Əsaslandırılmış cavablarla onların çıxışlarının qərəzli xarakter daşıdığını isbat edə bildik”.

mənbə :
lent.az

Azerbaycan KİV temsilçileri “İfade azadlığı” konfransına qatılıblar