İçeriğe geçmek için "Enter"a basın

Xəzərdən Putinə hərbi etiraz

19-10-2015

00:54 xeber – Göz qabağındadır ki, Valdimir Putin MDB-nin Qazaxıstanda keçirilən 16 oktyabr sammitində Suriyadakı əməllərinə dəstək ala bilməyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə rusiyalı şərhçi Arkadi Dubnov məsələ ilə bağlı yazdığı son məqaləsində bildirib.

Onun sözlərinə görə, MDB üzvü olan dövlətlərin rəhbərlərindən heç kim Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməsinin xeyrinə açıq dəstək verməyib. Həmçinin, Qazaxıstan sammitindən öncə yüksək çinli Rusiya məmurlarından biri tərəfindən ortaya atılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) formatında Suriya kampaniyasında ölkələrin iştirakı məsələsi də təsdiqini tapmayıb.


MDB üzvü dövlətlərin rəhbərlərinin sammiti – 16 oktyabr 2015-ci il Qazaxıstan

“Tam əsaslı şəkildə demək olar ki, MDB üzvü olan üç Xəzəryanı ölkə – Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi hövzəsindən Suriyaya açılan atəşlərə, yumşaq dillə deyilsə, heç də sevinmirlər. Göründüyü kimi, Bakı, Astana və Aşqabad üçün Putinin ad günündə gerçəkləşdirilmiş raket atəşləri xoş hədiyyə olmayıb. Axı Xəzərin səthi hələ də sahil dövlətləri tərəfindən bölünməyib və hövzədə istənilən hərbi fəaliyyət onlar arasında razılaşdırılmalıdır”,- deyə Arkadi Dubnov vurğulayıb.

Rusiyalı şərhçi bu məsələdə haqlıdır. Sadalanan üç ölkənin liderləri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də sammitdə bu məsələyə toxunmayıb. Ölkə başçısı əsasən iqtisadi mövzulara toxunub – MDB daxilində ticarət dövriyyəsinin artırılmasından, iqtisadi münasibətləri xarici təsirlərdən qorumaq üçün MDB daxili ticarətdə milli valyutalardan istifadə edilməsinin önəmindən danışıb. Özbəkistan prezidenti İslam Kərimov isə sammitin dəqiq gündəliyi olmadığından şiakyətlənib. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB daxili problemlərin həllinə çağırıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ümumiyətlə ciddi heç nə danışmayıb və sammit barədə çox az məlumat verib.


Qabil Hüseynli – politoloq

Politoloq Qabil Hüseynli Xəzəryanı ölkələrin başçılarının Rusiyanın Suriyaya raket zərbələri endirməsi barədə susmasını səssiz etiraz adlandırıb. “Rusiya, əlbəttə ki, Xəzəryanı ölkələrdən icazə almalı idi. Raket zərbələri Azərbaycan sərhədlərinə çox yaxın ərazilərdən gerçəkləşdirilib. Sovet bölgüsünə görə, həmin su əraziləri Azərbaycana məxsusdur. Raket zərbələri beynəlxalq mülki aviasiya reyslərinin hərəkət etdiyi fəzadan keçib. Buna görə də Rusiya Xəzər ətrafında olan 4 qonşusundan icazə almalı idi”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raket zərbələri oktyabrın 7-də Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən həyata keçirilib və İŞİD qruplaşmasının 11 hədəfinə 26 raket buraxılaraq hədəflər məhv edilib. Nazirliyin təqdim etdiyi xəritədə raketlər Suriyanın şimalında yerləşən Rəqqa bölgəsinə düşüb. Rusiya müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bütün hədəflər məhv edilib və dinc sakinlərin yaşadığı yerlərə zərər dəyməyib.

Lakin politoloq Qabil Hüseynli Rusiya Müdafiə Nazirliyinin raketlərlə bağlı yaydığı bəyanatın inandırıcı olmadığını düşünür: “Rusiya güc nümayiş etdirmək istədi, amma bu, alınmadı. Arzusu fiaskoya uğradı. Raketlərin çoxu hədəfə gedib çıxmadı. Buraxılanlar 1970-ci illərin istehsalı olan raketlərdir, yanacağı köhnəlib. 1800 kilometr uçmalı raketlər 1000 kilometrdə yerə düşüblər. Onların elektron istiqamətləndiriciləri də köhnəlib. Ümumiyyətlə, o raketlərin hara düşdüyünü heç kim bilmir.”


Rus raketlərinin təxmini hərəkət trayektoriyası

Politoloqun dediklərini raketlərin buraxıldığı gün dünya mətbuatında yazılmış xəbərlər də təsdiqləyir. Rusiya gəmilərindən buraxılmış 4 raketin İranın Qərbi Azərbaycan ostanına düşməsi barədə xəbərlər yayılmışdı. Lakin rəsmi Tehran bu barədə susdu və məsələni açıb-ağartmadı.

Əslində, Suriyadakı vətəndaş müharibəsinə qoşulmaqla Rusiya MDB və KTMT səviyyəsində fəaliyyətinin getdikcə zəfilədiyini ortaya çıxardı. Kreml Suriyadakı hərbi əməliyyatlarına hətta KTMT səviyyəsində dəstək ala bilmədi. MDB liderlərinin 16 oktyabr sammitində bu cür postimperialist səylər əvəzinə Moskvadan postsovet respublikalarının mövcud iqtisadi problemlərinin həllinə səy göstərməyi tələb etdilər.

Təsadüfi deyil ki, Rusiyanın ən yaxın tərəfdaşı Belarusun lideri Aleksandr Lukaşenko bu problemlər həll edilməzsə, MDB-nin də, KTMT-nin də tarixə gömüləcəyini bildirdi. Görünür, MDB-nin digər liderləri, xüsusilə də Xəzəryanı bölgə ölkələrinin başçıları da Belarus lideri kimi düşünürlər. Ona görə də susurlar və Rusiyanın neoimperialist səylərinin zəifləyərək sıfra enəcəyi günü gözləyirlər. Hər halda, can verməkdə olan yırtıcıya etiraz bildirmək təhlükəlidir.

mənbə :
anspress

Xezerden Putine herbi etiraz