İçeriğe geçmek için "Enter"a basın

Ankara terrorçusu Ülkərlə bağlı daha bir açıqlama

18-10-2015

07:51 xeber – “Ötən həftə Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibi aparılmayacaq”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC-nin Azərbaycan xidmətinə bildirib.

“Ülkər Məmmədova Türkiyəyə oturma izni ilə gəlib, uzun müddətdir ailə qurub, Türkiyədə yaşayıb, uşağı var. Onun Türkiyədə törətdiklərinə görə Azərbaycan məsuliyyət daşımır. Amma onunla bağlı aparılan iş nəzarətimizdə olacaq” – deyə baş konsul bildirib. Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadındır.


Həsən Zeynalov

Axtarışa aid xəbərlərdə Ülkər Məmmədovanın hansı ölkədən olduğu haqda yazılmasa da Azərbaycan mətbuatında onun azərbaycanlı olma ehtimalından bəhs edilmişdi. “Azərbaycanın İstanbul Baş Konsulluğunun Türkiyə polisinə verdiyi sorğudan sonra adıçəkilən qadının Azərbaycan vətəndaşı olduğu təsdiq edilib” – baş konsul Həsən Zeynalov deyib.


Ülkər Məmmədova siyahıda

Türkiyə paytaxtı Ankarada baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.


Partlayışın baş verdiyi ərazi xəritədə

mənbə :
anspress

Ankara terrorçusu Ülkerle bağlı daha bir açıqlama