İçeriğe geçmek için "Enter"a basın

Türkiyədən hədə: Bütün təyyarələri vuracağıq

18-10-2015

05:30 xeber – Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin hava sərhədlərini pozan nəinki pilotsuz uçan aparatları, hətta bütün təyyarələri vuracaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu bəyanatla “Reuters” agentliyinə açıqlamasında çıxış edib.

“Biz dünən pilotsuz uçan aparatı vurduq. Əgər o, dron yox, təyyarə də olsaydı, yenə vuracaqdıq. Bizim qaydalarımız məlumdur. Sərhədlərimizi pozanlara lazımi adekvat cavabı verəcəyik” – deyə Türkiyənin baş naziri bildirib. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) dünən Suriya ilə sərhəddə naməlum uçan pilotsuz aparatı vurub. HHQ həmin obyekti üç xəbərdarlıqdan sonra vurub.


Əhməd Davudoğlu

Sentyabrın 3-də Rusiyanın hərbi Su-30 qırıcıları Türkiyənin hava sahəsinə daxil olmuşdu. Türkiyənin Xarici İşlər Nazirliyi hadisənin saat 12:08-də baş verdiyini və 2 dəqiqə ərzində rus qırıcılarının Türkiyə səmasında uçduğunu bildirmişdi. Türkiyəyə məxsus F-16 hərbi təyyarələrinin xəbərdarlığından sonra rus qırıcıları Suriyaya keçərək Türkiyə hava sahəsini tərk etmişdi.

Hadisədən dərhal sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün Xarici İşlər Nazirliyinə çağırılmışdı. Rusiya rəsmiləri bunun naviqasiya səhvi ucbatından baş verdiyini bildirmişdi.

Rusiya qırıcılarının Türkiyənin hava sahəsinə müdaxiləsini Qərb ölkələri də qınayıb. İngiltərənin Türkiyədəki səfiri Riçard Mur öz tvitter hesabında bununla bağlı yazı paylaşıb. “Rusyanın türk hava sərhədlərini pozması düşüncəsiz addımdır və narahatedicidir. Birləşmiş Krallıq və digər NATO müttəfiqləri Türkiyə ilə çiyin-çiyinədir”, – yazan Mur Qərbin Türkiyəyə dəstəyini bildirib.


Riçard Murun tvitter səhifəsində paylaşdığı yazı

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir. Belə ki, qərardan cəmi bir neçə saat sonra Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb.

Rusiya Suriya ərazisindəki hərbi əməliyyatlarının İŞİD terror qruplaşmasına qarşı olduğunu bildirsə də, Qərb və türk mətbuatı əməliyyatların Bəşər Əsəd hakimiyyətinə müxalif qüvvələrə qarşı yönəldiyini yazır.

Buna uyğun olaraq Rusiya mətbuatında tez-tez İŞİD qərargahlarına, düşərgələrinə endirilən zərbələr haqqında xəbərlər, video görüntülər yayılır. Bununla belə, dünya mətbuatında Rusiya hərbçilərinə hücumlar, onların itkiləri haqqında xəbərlər də yayılır.

Bu yaxınlarda Suriya müxalifətçiləri rus hərbçilərinin olduğu yerlərə hücum ediblər. Verilən məlumatlarda 8 hərbçinin əsir götürüldüyü, 4-nün isə öldürüldüyü bildirilib.

mənbə :
anspress

Türkiyeden hede: Bütün teyyareleri vuracağıq