20:15 xeber – Prezidenti İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri
1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.
1993-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.
1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil etmişdir. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir.
Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri təyin olunmuş və general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilmişdir.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-cü il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova general-polkovnik ali hərbi rütbəsi verilib.
Ailəlidir, üç övladı vardır.
Professor Əhməd Mahmudovun oğludur.
mənbə :
anspress