19:40 xeber – Gələn il Bakıda keçiriləcək Formula-1 (F1) Avropa Qran-Prisi ilə bağlı yarışların marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ANS-in suallarını cavablandırıb.
ANS PRESS Nigar Arpadarai ilə müsahibəsini oxuculara təqdim edir.
– Formula 1 (F1) yarışlarına hazırlıq necə gedir?
– Hazırlıqlar cədvələ uyğun olaraq gedir. Bildiyiniz kimi ilkin təqvimə görə yarışın keçirilməsi gələn ilin 19 iyun tarixində planlaşdırılıb. Hazırda Bəhreynin Avtomobil Federasiyasından nümayəndələr gəlib və onlar bizim əməkdaşlarla təcrübə mübadiləsi aparır.
– Nəyə görə məhz Bakıda keçiriləcək Formula 1-in mərhələsi Avropa Qran-Prisi adlanır?
– F-1 beynəlxalq bir çempionatdır, 187 ölkdə izlənilir və 5 qitədə keçirilir. Təşkilatçılar bir-birilərindən müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Bəzi yarışlar səhər, bəziləri gecə keçirilir, bəzi yarışlar avtodromda, bəzi yarışlar şəhərin mərkəzində keçirilir və coğrafi məkana görə də fərqlənir. Bizim yarışın isə Avropa Qran prisi adlandırılması coğrafi məkana görə adlandırılır. Düşünürəm ki, bu, Avropadan olan azarkeşlərin cəlb edilməsi və Bakının turizm məkanı kimi onlara təqdim olunması baxımından Azərbaycan üçün çox sərfəlidir.
– Turistlərdən söz düşmüşkən. Daha çox turist cəlb etmək üçün hansı işlər görülür?
– Bakıda keçiriləcək yarışı tanıtmaq və turistləri cəlb etmək üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu il ərzində bu yarışa qədər bir çox tədbirlər planımızda var. Abu – Dabidə də danışıqlar gedir və ola bilsin orda tanıtım stendləri olacaq. Ancaq bunların hamsı hələ danışıq mərhələsindədir. Digər tərəfdən turistləri cəlb etmək üçün biz Bakını tanıtmalıyıq. Bakıdakı yarış Sinqapur modeli üzrə keçiriləcək, yəni şəhərin mərkəzində baş tutacaq. Yarış dairəsi 6 kilometrdir. Yarış “Hökümət evi”nin önündən start götürəcək və bitəcək. Yarışın özəlliyi isə odur ki, azarkeşlər şəhərin 3 simasını görə biləcəklər. Öncə bolidlər “İçəri şəhər”də dövriyyə edəcəklər, digər tərəfdən yeni tikililərimizi göstərə biləcəyik, daha sonra onlar Bulvar ətrafı zonadan da keçəcəklər. Burada bolidlərin saatda 340 kilometr sürəti yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək. Bunlar hamısı avtomobil yarışlarını sevənlər üçün cəlbedicidir. Buna görə də, reklamlar və promo çarxlarda yarışın bu məqamlarını vurğulamağa çalışacağıq.
Nigar Arpadarai – marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
– Bakıda keçiriləcək mərhələ Monako və
Sinqapurdakı kimi şəhər daxili olacaq. Hansı yerləri əhatə edəcək və artıq nə zamandan başlayaraq xüsusi asfalt qatının döşənməsinə tribunaların, pit stopların quraşdırılmasına başlancaq?
– Yarış “Hökümət evi”nin qarşısından start götürür və ordan başlayaraq avtomobillər “Mariott” otelinin ətrafından dövr edəcək, saat əqrəbinin əks istiqamətində dövrə vuracaq və o yollardan keçərək Zevin küçəsində yuxarı qalxacaq və “Qoşa qala” qapılarının ətrafından dövr edəcək və yenidən “Four seasons” otelinin sağ tərəfindən Bulvara qayıdacaq. Gördüyünüz kimi, bu trasda çoxlu eniş və yoxuşlar var və bu da bizim trası xüsusi və özəl edir. Asfalt örtüyünə gəldikdə isə, bizim cədvələ uyğun olaraq tras boyu asfalt qatı salınmalıdır və bu işləri də biz gələn ildən başlamağa planlaşdırırıq. Onu da qeyd edim ki, bu xüsusi asfalt qatı yarışlar bitəndən sonra Bakı sakinlərinin istifadəsində olacaq və sakinlərin narahat etməmək üçün bu işlər hissə-hissə ediləcək.
– Turnirin iyul ayından iyun ayına keçirilməsi ümumi işlərə təsir göstərəməyəcək ki? Yoxsa bu işlərin daha da sürətləndirilməsinə səbəb olacaq?
– F-1 ev sahiblik edən ölkələrdə təşkilatçı şirkətlər bilirlər ki, dekabr ayında rəsmi cədvəl çıxır və ona qədər əvvəlcədən olan bütün təqvimlərə ilkin təqvim kimi yanaşırlar və biz də istisna deyilik. İlkin təqvimə görə, iyul ayı nəzərdə tutulmuşdu, ancaq iyun ayına keçirildi və bu bizim üçün surpriz olmadı. Biz işlərimizi bu təqvimə görə planlaşdırmışıq. Ancaq bu da hələ rəsmi təqvim deyil, çünkü son qərar dekabrın əvvəlində bəlli olacaq və o təqvim son təqvim olacaq.
– Bəs bilətlərin qiyməti necə olacaq?
– Biz hazırda trasın hansı hissələrində tribunaların yerləşdirilməsi və tribunalarda oturacaqlar yerlərinin necə olması haqqında müzakirələr aparırıq və təəsüf ki, mən biletlərin giymətləri barədə heç nə deyə bilməyəcəm. Çünki qiymətlər tribunalarda olan oturacaq yerlərindən və tribunaların yerləşdiyi məkandan aslı olacaq. Lakin, onu qeyd edim ki, müxtəlif bilet paketləri olacaq, yəni o bilətlər həm konsert proqramlarımına, həm əyləncə proqramlarına girişi təmin edəcək, həm də 3 günlük təsnifat mərhələsini əhatə edəcək. Yəni hər kəs özünə uyğun olan bir bileti seçə biləcək. Şəhər sakinləri üçün isə xüsusi biletlər olacaq hansı ki onlar ayaqüstü yarışı izləyə biləcək. F-1 şəhərciyinə daxil olmaq imkanı olacaq, yəni hər kəs özünə uyğun bir paketi seçə biləcək.
– “F-1 şəhərciyi” harada yerləşəcək?
– “F-1 şəhərciyi” F-1 yarışlarını keçirən ölkələrdə olur. Bakıda isə “F-1 şəhərciyi” bir neçə yerdə olacaq, lakin ən əsası isə start – finiş zonası ilə üzbəüzdə yerləşəcək, “Hökümət evi” ilə üzbəüz və “F-1 şəhərciyi”nin müxtəlif hissələri olacaq və bu şəhərcikdə müxtəlif müsabiqələr, konsert proqramları, əyləncə tədbirləri keçiriləcək.
Hazırda biz 19500-20000 oturacaqların olmasını düşünürük, lakin ümumi tamaşaçıların sayını 40 min nəfər gözləyirik. Çünki ayaqüstü yerlər də olacaq. Düşünürük ki, yarışlarda 40 min tamaşaçı olacaq.
– Bakıda keçiriləcək, Formula 1 yarışının sponsorları haqda nə deyə bilərsiniz? Bu arada yarışların yayım hüququnun hansı teleknala veriləcəyi artıq bəllidir?
– F-1 187 ölkədə yayımlanır və 500 miliyon tv izləyicisi varş. Bu futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından sonra 3-cü yerdə olan yarışdır. Hazırda “İdman Azərbaycan” kanalı bütün yarışları yayımlayır, ancaq Bakıdakı yarışı hansı kanal yayımlayacağı hələ danışıqlar mərhələsindədir. Sponsorlar barədə isə hələ heç nə deyə bilmərəm.
– Yarışlar zamanı, təhlükəsizliyi təmin etmək üçün hansı işlər aparılır?
– Təhlükəsizliklə bağlı çox ciddi iş birliyi olmalıdır və biz indi aidiyyatı olan dövlət qurumları ilə planlarımızı qururuq.
mənbə :
anspress