16:31 xeber – VTB Bank Azərbaycan əsilli oliqarx Telman İsmayılovun 250 milyon dollarlıq əmlakına cəmi 33 milyon təklif edir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Telman İsmayılovun borclu olduğu banklardan biri “Vneştorqbank” (VTB) onun girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakına cəmi 33 milyon dollar dəyərində qiymət verib.
Məlum olub ki, Telman İsmayılovun “Praqa” restoranı, Krasnaya Presnyadakı ofisi və İzmaylovodakı ticarət mərkəzi VTB-də girovdur.
“AST” şirkətlər qrupu bu əmlakı 250 milyon dollar dəyərində qiymətləndirsə də, bank həmin daşınmaz əmlakı T.İsmayılovun borcundan 33 milyon dollar silməklə öz mülkiyyətinə keçirməyi təklif edib. Səbəb isə Moskvada kommersiya təyinatlı daşınmaz əmlakın qiymətinin kəskin enməsi ilə əlaqələndirilir.
Ümumiyyətlə, cari il oliqarx üçün heç də uğurlu olmayıb. Onun, hətta, müflisləşdiyi də deyilir. Bu ilin oktyabrın 6-da “Bank Moskva” tərəfindən T. İsmayılova qarşı iddia qaldırılıb. Bank oliqarxın ona borclu olduğu 213 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirib və iş adamını müflis elan etməyi tələb edib.
Telman İsmayılov və övladları
İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Üçüncü tərəf kimi dinləməyə Böyük Britaniyanın Virciniya adalarında qeydiyyatda olan “Ruslan 2000” MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.
İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənilməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. “Moskva bankı”ndan verilən açıqlamda isə bildirilir ki, Telman İsmayılov xeyli vaxtdır ki, pul öhdəliklərini icra etmir və o, ödəmə qabilliyyətli deyil. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telman İsmayılovu məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.
Üç gün bundan əvvəl milyaderin Odessada şərik olduğu “Yeddinci kilometr”, indiki “Avanqard” bazarına Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə şikayət göndərib. “Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli oliqarx Telman İsmayılovun “AST” şirkətlər qrupunun mülkiyyətindədir.
“Yeddinci kilometr”, indiki “Avanqard” bazarı
“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, gündəmə gəlmişdi. Bazarda bir müddət hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.
Çerkizovski bazarı
T.İsmayılovun başqa Rusiya banklara, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.
İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və “AST” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir.
mənbə :
anspress