İçeriğe geçmek için "Enter"a basın

Rusiya qırıcıları 56 dinc sakinin həyatına son qoydu

16-10-2015

11:55 xeber – Suriyanın Homs şəhərini Rusiya qırıcı təyyarələrinin bombalaması nəticəsində 56 dinc sakin dünyasını dəyişib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Homs şəhərinin şimalına hücum edən təyyarələr müxtəlif ərazilərdə ümumilikdə 56 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında uşaqlar da az deyil. Bundan başqa, 120 nəfər ağır xəsarət alaraq, xəstəxanalara yerləşdirilib. Hədəf alınan yerlərə külli miqdarda maddi ziyanın dəydiyi də bildirilir.

Bundan bir neçə gün əvvəl isə Rusiya qırıcılarının hücumu 32 vətəndaşın həyatına son qoyub.

Ümumiyyətlə, Rusiya Su-24 qırıcıları oktyabrın birindən etibarən Homs üzəridən şəhəri bombalayır. Onlar xüsusən şimal hissədən şəhəri sıxışdırır. Qərb hissədən isə əsasən, şəhər Əsəd rejimi tərəfindən hücumlara məruz qalır.


Suriya, Homs

Sentyabrın 30-dan etibarən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşmiş Rusiya aviasiyası Suriyada olan İŞİD-ə ilk zərbələrini endirib.


Suriya, Latakiya

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası Suriyada “İŞİD” obyektlərinə zərbə endirilən əməliyyat çərçivəsində 20-yə yaxın uçuş həyata keçirib.

Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb.

Rusiya qırıcı təyyarələrinin Suriyada endirdiyi aviazərbələr

Bununla bağlı, Rusiya Suriyada ABŞ-a sərt ultimatum verərək, dərhal ölkədəki Amerika hərbi hava təyyarələrini geri çağırmağı tələb edib.

Eyni zamanda, Səudiyyə Ərəbisanının da daxil olduğu ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2014-cu ilin sentyabrından İŞİD-in Suriyadaki mövqelərini bombalayır.

Başqa bir tərəfdən isə xarici ekspertlər hesab edirlər ki, Rusiya ordusu Bəşər Əsədə qarşı vuruşan ABŞ ordusu ilə də mübarizə aparır. Bu da bu gün “soyuq müharibə” şəraitində olan iki ölkənin münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər.

Sentyabrın 29-da Nyu-Yorkda keçirilən ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşdə də əsas məsələ Suriya məsələsi olub. Hər iki prezident görüşdən sonra Suriya məsələsində ortaq məxrəcə gəlmədiklərini vurğulayıblar.


Nyu-Yorkda Barak Obama və Vladimir Putin görüşü

Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. Bundan başqa, Rusiya prezidenti ABŞ-ın mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.

mənbə :
anspress

Rusiya qırıcıları 56 dinc sakinin heyatına son qoydu