İçeriğe geçmek için "Enter"a basın

"Qəbələ" - "Borussiya" matçının bilet qiymətləri bəlli oldu

15-10-2015

22:52 xeber – Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” yer aldığı qrupda növbəti matçını Dortmund “Borussiya”sına qarşı keçirəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təmsilçimiz rəqibini Bakıda qəbul edəcək.

Artıq qarşılaşmanın biletlərinin satışa çıxacağı tarix də bəlli olub. Klubdan verilən məlumata görə, biletlər gələn həftənin birinci günündən etibarən satışda olacaq. Qiymətlər isə 3, 5, 10 və 20 manat olacaq. Biletlər qarşılaşmanın baş tutacağı “Bakcell Arena”nın kassalarından satılacaq.


“Bakcell Arena”

Matçdan öncə UEFA-nın rəsmi saytında bu duellə bağlı ən maraqlı məqamları və faktları özündə əks etdirən statistik məlumat yerləşdirilib.

“Qəbələ” cari mövsüm avrokubokda keçirdiyi 5 ev görüşündə qol buraxmayıb. İndi isə Roman Qriqorçukun yetirmələri “Borussiya”nı qəbul edəcək.

Əvvəlki görüşlər
– Bu, komandaların avrokuboklardakı ilk oyunu olacaq. “Qəbələ” tarixində ilk dəfə Almaniya Bundesliqasının klubu ilə qarşılaşacaq.

– “Borussiya” isə artıq 1 dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Dortmundlular 2010/11 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gəlib. Dortmundda Şindzi Kaqavanın dublu sayəsində 4:0 hesabı ilə qələbə qazanan “Borussiya” Bakıdan da 1:0 hesablı qələbə ilə ayrılıb.


“Borussiya” Dortmund

Komandalar haqda faktlar
– “Qəbələ” Avropa arenasında son 5 ev oyununda məğlubiyyətin nə olduğunu bilmir. Bu görüşlərdə 3 qələbə qazanan komanda 2 dəfə də qolsuz heç-heçə edib. Qəbələ təmsilçisi evdə sonuncu dəfə “Şiroki Briyeq”dən qol buraxıb və elə bu komandaya yenilib (0:2). Bosniya klubu ilə həmin oyun 2014-cü il iyulun 3-də baş tutub və bu matç “Qəbələ”nin avrokuboklardakı debüt oyunu olub.

– “Borussiya” isə cari mövsümdə avrokubokda məğlubiyyət üzü görməyib. Tomas Tuxelin yetirmələri ardıcıl 5 qələbədən sonra qrup mərhələsinin son turunda PAOK-la heç-heçə edib – 1:1.

– “Qəbələ” tarixində ilk dəfə avrokubokda qrup mərhələsində mübarizə aparır. Ümumilikdə isə klub avrokuboklarda ikinci mövsümdü çıxış edir.

– “Borussiya” isə ikinci dəfə Avropa Liqasının qrupunda mübarizə aparır. 2010/11 mövsümündə almanlar növbəti mərhələyə adlamağı bacarmamışdı.

Komandalar arasında əlaqə və s.
– “Qəbələ” və “Rusenborq” cari mövsüm I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, qrupa qədər irəliləyən yeganə komandalardır.

– Dortmunddan Qəbələyə qədər olan məsafə 3300 km-dən bir qədər azdı.

Məşqçilər
– “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk Latviyadakı uğurları ilə tanınıb. 2006-2008-ci illərdə “Ventspils”lə 3 dəfə Latviya çempionu olan mütəxəssis 4 il “Çernomorets”də işləyib. O, ötən ilin dekabrında Odessa klubunu tərk edərək, “Qəbələ”nin “sükanı arxası”na keçib.

– “Borussiya”nın baş məşqçisi Tomas Tuxel Yürgen Kloppu əvəzləyib və Dortmundda ilk mövsümünü keçirir. 42 yaşlı mütəxəssis daha öncə daha öncə 4 il “Maynts”ı çalışdırıb. Amma son təyinatdan əvvəl 1 il heç yerdə işləməyib.

“Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

mənbə :
anspress

“Qebele” – “Borussiya” matçının bilet qiymetleri belli oldu