13.10.2015 / 17:28 xeber –
Bu gün Ali Məhkəmədə Müsavat partiyasının başqanın müavini Tofiq Yaqublu və Real hərakatının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb.
Lent az-ın məlumatına görə, İmran Hacıqayıblının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Fuad Ağayev və Nemət Kərimli çıxış edərək cinayət işinə xitam verilməsini istəyib. Onlar Şəki Ağır Cinayətlər və Şəki Apellyasiya Məhkəməsinin qərarının ləvğ edilməsini istəyib.
Dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinahət işinə xitam verilməsi üçün heç bir əsas yoxdur.
Hakimlər müşavirəyə gedib. Qərara görə, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib. İşə yenidən baxılması üçün cinayət işi Şəki Apellyasiya məhkəməsinə göndərilib.
Qeyd edək ki, T.Yaqublu və İ. Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi yanvarın 13-də başlayıb. Lakin həmin vaxt hakimlər işlə tanış olmaq üçün prosesi təxirə salıblar.
Kassasiya şikayətində adı çəkilən şəxslər barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.
Qeyd edək ki, adıçəkilən şəxslər məhkəməyə gətirilməyib.
mənbə :
lent.az