İçeriğe geçmek için "Enter"a basın

Bu gecə isə yanğın xəbəri Qusardan gəldi - FOTO

11-10-2015

23:25 xeber – Qusarda baş verən yanğında məişət avadanlıqlarının təmiri sexinə külli miqdarda ziyan dəyib.

Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Qusar şəhərinin Nurəddin Şərifov küçəsindəki, məişət avadanlıqlarının təmiri sexində qeydə alınıb. Qusar sakini, 50 yaşlı Əmrulla Əliyevə məxsus sexdə təmir üçün gətirilmiş xeyli sayda soyuducu, paltaryuyan, tozsoran və digər məişət avadanlıqları yanıb külə dönüb.

Yanğın ikimərtəbəli sexin üst mərtəbəsindəki kafenin dam örtüyündən başlayıb və kafe qarışıq birinci mərtəbədəki bütün avadanlıqlar da yanıb. Sexin sahibi Əmrulla Əliyev yanğın nəticəsində onun külli miqdarda ziyan dəydiyini bildirdi: “Təxminən 20-30 min manatlıq ziyan dəyib. Bura cürbəcür məişət texnikalarının təmiri sexi idi”.

Hadisə yerinə FHN-nin Qusar DYMH-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib və alovun bitişik digər tikililərə keçməsinin qarşısı vaxtında alınıb. FHN-nın DYMH-dən aldığımız məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 270 kvm olan 2 mərtəbəli sexin dam örtüyü və bütün avadanlıqları yanıb.

Hazırda vətəndaşa dəyən ziyanın həcmi dəqiqləşdirilərək yanğının başvermə səbəbləri araşdırılır. Son günlər şimal rayonlarında, demək olar ki, tez-tez yanğın hadisələri qeydə alınır. Ötən gecə isə Qubanın Amsarqışlaq kəndində Akif Şükürova məxsus 2 mərtəbəli yaşayış evi yanaraq külə dönüb.


Yanğından görüntülər

mənbə :
anspress

Bu gece ise yanğın xeberi Qusardan geldi – FOTO